Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi noyabr ayında istehsal və idxal olunan məhsulların keyfiyyətinə nəzarət işini, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin standartların tələblərinə uyğunluğunu diqqətdə saxlamışdır.
Ay ərzində təsərrüfat subyektlərinə verilmiş 186 uyğunluq sertifikatı, 2 sınaq laboratoriyasının akkreditasiya attestatı, 1 ölçmə vasitəsinin tipinin təsdiqi haqqında sertifikat və 11 əmtəə nişanlarının mühafizəsinə dair şəhadətnamə dövlət reyestrində qeydiyyata alınmışdır. Bu dövrdə yerli istehsal məhsullarının keyfiyyətinə nəzarət məqsədilə 169 qida istehsalı müəssisəsində maarifləndirmə xarakterli görüş keçirilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülmüşdür. Məhsul nümunələrinin 122 halda laboratoriya analizləri aparılmış və texniki normativ-hüquqi aktların tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində 6 təsərrüfat subyektindən götürülmüş bal nümunələrinin laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğun olduğu müəyyən edilmiş, sifariş üzrə bal məhsulları sertifikatlaşdırılmışdır.
Əhalinin hepatit virus infeksiyalarından qorunması işinə nəzarət də diqqətdə saxlanmış, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə birgə 55 təsərrüfat subyektində monitorinqlər aparılmış, 165 işçinin müayinələrdən keçirilməsi təmin edilmişdir.
Həmçinin 105 bərbərxana və 38 gözəllik salonunda maarifləndirmə xarakterli monitorinq aparılmış, 113 ictimai iaşə və xidmət sahəsinə baxış olmuş, 34 bərbərxanada və 10 gözəllik salonunda aşkar olunmuş çatışmazlıqlar aradan qaldırılmışdır. Bu dövrdə uşaq bağçalarının, məktəblərin, xəstəxanaların və digər təhsil və səhiyyə müəssisələrinin yerli qida məhsulları ilə təmin edilməsi və alınan qida məhsullarının keyfiyyətinin müntəzəm nəzarətdə saxlanılmasına da diqqət artırılmış, 65 tam orta məktəb, 4 təhsil və 8 məktəbəqədər tərbiyə müəssisəsinin yeməkxanasında monitorinqlər, 6 səhiyyə müəssisəsinin yeməkxanasında yerli məhsullarla təminatın üstünlüyü barədə maarifləndirici tədbirlər keçirilmişdir.
Payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar verilmiş tapşırıqların icrasını təmin etmək məqsədilə Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə birgə elektrik və qaz cihazlarının satışını həyata keçirən 56 təsərrüfat subyektində müşahidə xarakterli təkrar monitorinqlər aparılmış, 1 təsərrüfat subyektindən sənaye üsulu ilə hazırlanmayan 32 qaz başlığı satışdan çıxarılmışdır.
Xarici bazarlara çıxış imkanına malik məhsul istehsalına diqqətin artırılması məqsədilə komitənin müvafiq işçi qrupu müəssisələrdə olmuş və istehsal olunan məhsulların ixrac ediləcək ölkələrə uyğun markalanması, beynəlxalq idarəetmə standartlarının tətbiqi, zərurət olduqda ixrac olunan məhsulların partiyalarla sertifikatlaşdırılmasının təmin edilməsi üçün tədbirlər görülmüşdür. Həmçinin noyabr ayında muxtar respublikada iqtisadiyyat profili üzrə təhsil alan tələbələr və sahibkarlar üçün “Keyfiyyət fəlsəfəsi” mövzusunda seminarlar keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidməti