Muxtar respublikada 2017-ci ilin yanvar-noyabr aylarında 2 milyard 357 milyon 217 min 100 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz artaraq 5227,8 manata çatmışdır.
* * *
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 879 milyon 800 min manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 1,2 faiz üstələmişdir.
* * *
İnfrastruktur quruculuğu çərçivəsində 2017-ci ilin yanvar-noyabr aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 916 milyon 390 min manat vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş investisiyanın 845 milyon 790 min manatı və ya 92,3 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
* * *
2017-ci ilin yanvar-noyabr aylarında 388 milyon 627 min 400 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 4 faiz üstələmişdir. Bu dövr ərzində muxtar respublika üzrə diri çəkidə 22233,4 ton ət, 79484,4 ton süd istehsal edilmiş, bir il öncəki göstərici ilə müqayisədə ət istehsalı 2,3 faiz, süd istehsalı 1,7 faiz artmışdır.
* * *
2017-ci ilin yanvar-noyabr aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 47 milyon 48 min 200 manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 1,8 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 39 milyon 127 min manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,7 faiz artmışdır.
* * *
Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. 2017-ci ilin yanvar-noyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 28 milyon 38 min 700 manat məbləğində kreditlər verilmişdir. Verilmiş kreditlərin 4 milyon 191 min 900 manatı və yaxud 15 faizi qısamüddətli, 23 milyon 846 min 800 manatı və yaxud 85 faizi uzunmüddətli kreditlər olmuşdur.
* * *
Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.
1 dekabr 2017-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 63568-ə çatmışdır ki, bunun da 54890-ı və ya 86,3 faizi aktiv hesablardır. 2017-ci ilin yanvar-noyabr aylarında açılmış 24115 bank hesabının 24007-si aktiv hesablar olmuşdur.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 dekabr 2017-ci il tarixə 1260-a çatmışdır.
* * *
2017-ci ilin yanvar-noyabr aylarında muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 7 milyon 73 min 800 manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 27,1 faiz çoxdur.
* * *
2017-ci ilin yanvar-noyabr aylarında muxtar respublikaya 378 min 435 nəfər turist gəlmişdir ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz və ya 9590 nəfər çoxdur.
* * *
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2017-ci ilin yanvar-noyabr aylarında 415 milyon 628 min 200 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın dəyəri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz artaraq 382 milyon 549 min 300 ABŞ dolları, idxalın dəyəri 3,9 faiz azalaraq 33 milyon 78 min 900 ABŞ dolları təşkil etmiş, nəticədə, xarici ticarətdə 349 milyon 470 min 400 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.
* * *
Əhali gəlirlərinin artımı davam edir. 2017-ci ilin yanvar-noyabr aylarında muxtar respublikada əhalinin gəlirləri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artaraq 1 milyard 634 milyon 200 min 400 manat, onun hər bir nəfərə düşən məbləği isə artaraq 3624,3 manat təşkil etmişdir.
* * *
2017-ci ilin yanvar-oktyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 416,4 manat təşkil etmiş və bu göstərici 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz artmışdır.
* * *
1 noyabr 2017-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3812 nəfər artaraq 452 min 281 nəfər təşkil etmişdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti