“Naxçıvanqaz” İstehsalat Birliyi tərəfindən abonentlərə göstərilən xidmət yaxşılaşdırılır, istehlakçılar fasiləsiz, keyfiyyətli və təhlükəsiz təbii qazla təmin olunurlar. Bununla yanaşı, həm də əhali qrupu üzrə təbii qaz istehlakçılarının müasir standartlara cavab verən texnologiyalardan istifadə etməsi məqsədilə ön ödənişli smartkarttipli qaz sayğaclarının quraşdırılması tədbirləri həyata keçirilir.
Birliyin mətbuat xidmətindən aldığımız məlumata görə, təbii qazın dayanaqlı olması üçün Naxçıvan şəhərində smartkarttipli qaz sayğaclarının quraşdırılmasına 2015-ci ilin yay aylarından başlanılıb. Türkiyə istehsalı olan sayğacların hər biri Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçirilir. Bu sayğacların əsas xüsusiyyəti abonentlərin mavi yanacaqla təminatını öncədən ödənişini və istehlakçıların təbii qazdan təhlükəsiz istifadə etmələrini həyata keçirməkdir. 2015-ci ildə 7921, 2016-cı ildə 5731, 2017-ci ilin 11 ayı ərzində 2131 ədəd, ümumilikdə isə cari ilin noyabr ayının 1-nə qədər 15 min 783 ədəd smartkarttipli qaz sayğacı və mühafizə qutusu quraşdırılıb. Cari ilin dekabr ayı ərzində 300 ədəd smartkarttipli qaz sayğacının quraşdırılması nəzərdə tutulub.
Öyrəndik ki, gün ərzində birliyə abonentlər tərəfindən edilən müraciətlərin çoxu smartkartların koda düşməsi və pul yükləmələr ilə bağlıdır. Aparılan müşahidələr zamanı aşkar edilib ki, abonentlər onlara verilmiş smartkartlarla davranma təlimatını dərindən öyrənmədən sayğacda müəyyən əməliyyatlar edir və onu koda salırlar. Ehtiyatsız davranma, qaz xəttində sızmanın olması, mənzildə istifadə edilən cihazların sərfiyyatının sayğacın texniki parametrlərinə uyğun gəlməməsi, hər hansı bir müdaxilə, qeyri-qanuni qoşulma kimi hallar baş verdikdə sayğac koda düşür. Bu barədə məlumat müvafiq qaydada bazaya ötürülür. Koda düşərək bağlanan sayğacı abonentin hər hansı bir yolla işə salması mümkün deyil. Onlar bu zaman Naxçıvan Şəhər Qaz İstismar İdarəsinin 104 nömrəli fasiləsiz fəaliyyət göstərən qaynar xəttinə müraciət etməlidirlər.
Yeri gəlmişkən onu da qeyd edək ki, muxtar respublikada şəhər, rayon Qaz İstismar idarələrinin qəza dispetçer xidmətlərinə gün ərzində istər əhali, istərsə də qeyri-əhali təbii qaz istehlakçıları tərəfindən qaz sızması, qazın təzyiqinin düşməsi, tənzimləyicilərin dayanması və digər səbəblərə görə müxtəlif xarakterli çağırışlar daxil olur. Bu zaman dərhal hadisə yerinə gedilir, bütün işlər təlimata uyğun yerinə yetirilərək təhlükəsiz və fasiləsiz təbii qazın nəqli bərpa olunur.
Məlumat üçün bildirək ki, əvvəlcədən ödəniş prinsipli elektron sayğaclarda istifadə olunan smartkartlara vəsaitlərin köçürülməsi üçün “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətində 100 min abunəçiyə xidmət edən idarəetmə serveri və Naxçıvan şəhərində on bir ədəd yükləmə terminalı, eyni zamanda Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Qaz sayğacı test qurğusu 4+4 stansiyası quraşdırılıb. Abonentlərin müraciətlərinə əsasən itirilmiş və ya zədələnmiş smartkartlar yeniləri ilə əvəz olunur.
Naxçıvan şəhərində müasir standartlara cavab verən ön ödəməli smartkarttipli qaz sayğaclarının quraşdırılması davam etdirilir.
Gülcamal TAHİROVA