Naxçıvan şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər ötən illərdə olduğu kimi, bu il də uğurla davam etdirilir. Yeni, hər cür şəraitə malik binalar inşa edilərək istifadəyə verilir, ehtiyac duyulan ictimai yaşayış binalarında yenidənqurma işləri aparılır. Eyni zamanda bir sıra binaların yaşayış sahəsi genişləndirilir, əlavə tədbirlər hesabına onların təməli möhkəmləndirilir. Bu işlər əhalinin yaşayış şəraitini maksimum səviyyədə yaxşılaşdırmaqla bərabər, həm də şəhərimizin bir çox ünvanına yeni çalarlar bəxş edib.
Bu tədbirlərin davamı olaraq oktyabr ayının əvvəlindən Naxçıvan şəhərinin “Əlincə” məhəlləsindəki 9 mərtəbəli yaşayış binasında da təmir-bərpa işlərinə başlanılıb. İşləri “Cahan” İnşaat Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi həyata keçirir. İş icraçısı Fuad İsmayılovdan aldığımız məlumata görə, bu günə qədər binanın fasad hissəsi üzlənib, dam örtüyü yenisi ilə əvəzlənib, fasad hissəyə düşən pəncərələr dəyişdirilib. Elektrik və rabitə xətləri çəkilib, mərkəzləşdirilmiş antena sistemi yaradılıb. Binanın zirzəmisində istilik və kanalizasiya xətləri yenilənib. Hazırda binanın birinci mərtəbəsi üzlük daşlarla bəzədilir, zirzəmidə suvaq, giriş hissədə təmir işləri görülür, pilləkənlərə döşəmə daş vurulur.
* * *
Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda da bu quruculuq tədbiri diqqət mərkəzində saxlanılıb. Belə ki, rayon mərkəzindəki Heydər Əliyev prospektindəki beşmərtəbəli, 35 nömrəli bina da əsaslı təmir olunur.
Artıq binanın təmirində nəzərdə tutulmuş əsas inşaat tədbirləri yekunlaşdırılıb. Dam örtüyü, qapı və pəncərələr dəyişdirilib, fasad hissəyə milli ornamentlərə uyğun travertin üzlüklər çəkilib, bütün kommunikasiya xətləri təzələnib, dəhlizlərə üzlük plitələr düzülüb. 60 ailənin sevincinə səbəb olan daha bir yenilik isə mənzillərin fasiləsiz olaraq ekoloji cəhətdən saf içməli su ilə təmin olunmasıdır.
Hazırda həyətdə abadlıq, yaşıllaşdırma işləri görülür.
Xəbərlər şöbəsi