Əhalinin etibarlı ərzaq təminatı ilin bütün dövrlərində, xüsusən soyuq qış aylarında vacib məsələlərdəndir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında daxili bazarın yüksəkkeyfiyyətli ərzaq məhsulları ilə təmin olunması üçün görülən tədbirlər arasında soyuducu anbar komplekslərinin yaradılması mühüm əhəmiyyət daşıyır. Belə ki, soyuducu anbarlar məhsul tədarükü mövsümündə təzə meyvə-tərəvəzin münasib qiymətlərlə alınıb, qeyri-mövsümdə onun bazara çıxarılması üçün nəzərdə tutulmuş mühüm infrastruktur obyektləridir. Qiymətlərin əhalinin istehlak qabiliyyətinə uyğun saxlanılması və bazarda keyfiyyətli yerli məhsullara üstünlük verilməsi baxımından da soyuducu anbarlara diqqət böyükdür. Məhsulun tədarük vaxtı münasib qiymətlərlə alınmasında sahibkarların işinə stimul verir. Buna görə də hər il muxtar respublikada fəaliyyət göstərən soyuducu anbarlara məhsul tədarük olunması diqqətdə saxlanılır və satışa çıxarılan məhsulun həcmində də artım olur.
Soyuducu anbarlara tədarüklə bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən aldığımız məlumatda Sahibkarlığa Kömək Fondu vasitəsilə ayrılan güzəştli kreditlər və sahibkarların özlərinin şəxsi vəsaiti hesabına yaradılan anbarların ümumi sayının artıq 31-ə, onların ümumi tutumunun isə 14 min 30 tona çatdırıldığı bildirilir. Məlumatda əhali tələbatlarının ödənilməsi, qiymətlərin tənzimlənməsi və idxaldan asılılığın azaldılması məqsədilə 2017-ci ildə də soyuducu anbarlara kifayət qədər məhsul tədarük edildiyi və keyfiyyətinin daim nəzarətdə saxlanıldığı qeyd olunur. Bildirilir ki, 28 iyun 2017-ci il tarixdən 11 dekabr 2017-ci il tarixədək Naxçıvan Muxtar Respublikasındakı soyuducu anbarlara kənd təsərrüfatı üzrə ixtisaslaşmış sahibkarlar tərəfindən istehsal edilmiş cəmi 4075,76 ton məhsul tədarük olunub. Bunun da 3079 tondan çoxunu kartof, 58 tondan çoxunu soğan, 40 tondan çoxunu ərik, 227 tondan çoxunu alma, 137 tondan çoxunu şaftalı, 9 tondan çoxunu kələm və digər məhsullar təşkil edir. Tədarük edilmiş meyvə-tərəvəz məhsullarından 2298 tondan çoxu artıq satılıb.
Məlumatda o da bildirilir ki, soyuducu anbarların imkanlarından səmərəli istifadə etmək məqsədilə sahibkarlarla qarşılıqlı razılaşma yolu ilə onlar məhsul istehsalçılarına icarəyə də verilir. Hazırda soyuducu anbarlarda bu yolla 203 ton məhsul saxlanılmaqdadır. Göründüyü kimi, Naxçıvandakı soyuducu anbarlarda kifayət qədər meyvə-tərəvəz məhsulu ehtiyatı yaradılıb. Bu da qış aylarında bazarda bolluq yaratmağa imkan verəcəkdir.
Əli CABBAROV