23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada yaradılan əlverişli biznes mühiti, göstərilən dövlət dəstəyi sayəsində özəl bölmənin dinamik inkişafı təmin edilib. Nəticədə, ayrı-ayrı sahibkarlıq obyektləri həyata vəsiqə alıb. Bununla da, daxili tələbat yerli imkanlar hesabına ödənilir, xaricə valyuta axınının qarşısı alınır. Naxçıvan şəhərindəki “Naxçıvan Xalça” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti də bu baxımdan mühüm rola malikdir.
Ötən günlərdə yolumuzu adıçəkilən müəssisədən saldıq, istehsal prosesi ilə tanış olduq. Öyrəndik ki, burada 2008-ci ildə dövlət dəstəyi ilə yeni istehsal sahələri yaradılıb. Sahibkar Mehdi Babayev dedi ki, bu gün muxtar respublikada ümumi daxili məhsul istehsalında özəl sektor­un xüsusi çəkisi aydın hiss olunur, iqtisadi artımın təminatında sahibkarların mövqeyi davamlı şəkildə güclənir. Sahibkarlığın inkişafına yaradılan şərait və dövlət tərəfindən verilən dəstək bu sahənin davamlı inkişafını təmin edib. “Naxçıvan Xalça” Açıq Səhmdar Cəmiyyətinin istehsal sahəsinin fəaliyyətə başlaması muxtar respublikamızda daxili bazarın keyfiyyətli məhsullarla təmin olunması zərurətindən yaranıb. Sahibkarlığa Kömək Fondundan alınan maliyyə dəstəyi ilə 1400 kvadratmetr sahəni əhatə edən 2 mərtəbəli binada əsaslı təmir və yenidənqurma işləri aparılıb, inzibati hissə, anbar və istehsal sahəsi istifadəyə verilib. Çin Xalq Respublikasından müasir texnoloji avadanlıqlar alınıb gətirilərək quraşdırılıb. Müəssisədə polipropilenin, tərəvəz məhsullarının yığılması üçün kisələrin, polietilen torba və örtüklərin istehsalına başlanılıb. Müəssisənin potensial texnoloji imkanları gündəlik 4 min ədəd kisə istehsal edilməsinə imkan verir. Digər istehsal xəttində isə aylıq istehsal gücü 5 ton olan poli­etilen torbalar hazırlanır. Polietilen torba istehsal edən texnoloji avadanlıq avtomatlaşdırılmış rejimdə işləyir.

Müəssisənin istehsal imkanlarının artırılması məqsədilə Sahibkarlığa Kömək Fondundan əlavə olaraq 42 min manat dövlət maliyyə dəstəyi ayrılıb. Nəticədə, Çin Xalq Respublikasından alınıb gətirilən müasir texnoloji avadanlıqlara İran İslam Respublikası istehsalı olan dəzgahlar əlavə edilərək 2008-ci ilin iyun ayından kənd təsərrüfatı üçün 4-5 kiloqram çəkilərdə iplik istehsalına başlanılıb. Eyni zamanda Bakı şəhərindən xüsusi avadanlıqlar alınıb gətirilərək quraşdırılıb, istehsal gücü saatda 30 kiloqram olan polietilen tullantılarının təkrar emalı sahəsi istifadəyə verilib.
“Naxçıvan Xalça” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətə başlaması ilə daxili bazarda polipropilen kisələrə, polietilen torbalara olan tələbat yerli imkanlar hesabına tam, kənd təsərrüfatı üçün ipliyə olan tələbat isə qismən ödənilir. Yeni istehsal sahələrinin yaradılması əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayıb, 20 nəfər daimi işlə təmin olunub, gələcəkdə işçi sayının artırılması da nəzərdə tutulur.
Sahibkar onu da bildirdi ki, sifarişləri vaxtında və keyfiyyətlə yerinə yetirmək üçün kollektiv mövcud imkanlardan səmərəli istifadə etməyə çalışır. Mövsümlə əlaqədar olaraq kisə və təsərrüfat üçün iplik istehsal edilərək anbarda hazır məhsul ehtiyatı yaradılır. Elə bunun nəticəsidir ki, taxıl və ot biçini vaxtı təsərrüfat üçün ipliyə və gəc sexlərində kisələrə olan tələbatın ödənilməsində heç bir problem olmur, sifarişlər vaxtında yerinə yetirilir.
Müəssisədə istehsal edilən kənd təsərrüfatı üçün iplik müqaviləyə uyğun olaraq ticarət obyektlərində satışa çıxarılır. 10, 25, 40 və 50 kiloqramlıq kisələr isə sifarişə əsasən un dəyirmanlarına, gəc sexlərinə və digər məhsullar istehsal edən hüquqi və fiziki şəxslərin ünvanlarına göndərilir. Keçirilən forumlarda, sərgilərdə bu müəssisədə istehsal olunan məhsullar nümayiş etdirilir. Bu, bir tərəfdən məhsulların ölkəmizin digər regionlarında da alıcı tapmasına əlverişli şərait yaradır, digər tərəfdən isə sahibkarlarla əlaqələr yaratmaq baxımından mühüm rol oynayır.
Müasir texnoloji avadanlıqların quraşdırıldığı müəssisədə istehsal prosesi təkmilləşdirilib, keyfiyyətli məhsul istehsalına nail olunub. Müəssisədə heç bir itkiyə yol verilmir. Burada təkrar emal üçün xüsusi avadanlıqlar quraşdırılıb. İstehsal prosesi konveyer üsulu ilə təşkil edilən cəmiyyətdə texnoloji proseslərə ciddi əməl olunur. İstehsal zəncirvarı mərhələlərlə həyata keçirilir. Belə ki, ilk olaraq xammal texnoloji proseslərlə əridilərək sap hazırlanır. Toxuma maşınlarında müxtəlif ölçülərdə kisələr toxunub, biçilib tikildikdən sonra etiket vurularaq paketlənir. Digər istehsal sahəsində isə polietilen torbalar və kənd təsərrüfatı üçün iplik istehsal olunur. Ayrı-ayrı dəzgahlardan müxtəlif mərhələlərdə hazırlanan məhsul anbara təhvil verilərək sifarişçilərin ünvanlarına göndərilir.
Kollektiv gələcəkdə daha keyfiyyətli məhsul istehsalını artırmaq üçün böyük səylə çalışır.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR