Son illərdə muxtar respublikada meyvə-tərəvəz istehsalına diqqət artırılıb, qış aylarında əhalini faraş tərəvəzlə təmin etmək üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Sahibkarlara göstərilən dövlət dəstəyi nəticəsində hazırda Naxçıvan şəhərində və rayonlarda müasir istixanalar, soyuducu anbarlar yaradılıb, məhsul bolluğu təmin edilib.
Muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri sırasında “Naxçıvan bağları” tərəvəz məhsulları istilik kompleksi xüsusi yerə və çəkiyə malikdir. 2013-cü ilin mart ayında 10 min kvadratmetr, may ayında isə 1500 kvadratmetr sahəsi olan yeni istixana kompleksi fəaliyyətə başlayıb. Burada Hollandiya və Türkiyə istehsalı olan müasir avadanlıqlar quraşdırılıb, anbarlar, qazanxana, yeməkxana və işçilər üçün otaqlar yaradılıb, istixana üçün yeni kənd təsərrüfatı texnikaları alınıb. Ümumilikdə, yeni istixana kompleksinin tikintisinə və müasir texnoloji avadanlıqların alınmasına 2 milyon 100 min manat vəsait sərf olunub. Bunun da 600 min manatı daxili imkanlar hesabına ödənilib. İstixana kompleksində Zirə, Tovuz sortu olan pomidor yetişdirilir. Məhsullar sifarişə uyğun, nəfis tərtibatla bəzədilmiş 7 kiloqramlıq karton taralarda topdansatış bazalarında, 250-500 qramlıq və 1 kiloqramlıq plastik taralarda isə pərakəndə satış mağazalarında Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydə alınmış “Naxçıvan bağları” əmtəə nişanı ilə satışa çıxarılır. Bu, muxtar respublikada həmin məhsula olan tələbatın müəyyən bir hissəsini ödəyir.
Ötən illər ərzində “Naxçıvan bağları” tərəvəz məhsulları istixana kompleksi fəaliyyətini genişləndirib. Belə ki, 2014-cü il dekabrın 3-də Kəngərli rayonunun Böyükdüz kəndində yeni istixana kompleksi istifadəyə verilib. İllik istehsal gücü min ton olan istixana kompleksinin fəaliyyətə başlaması qış aylarında daxili bazarın tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə əlverişli şərait yaradıb. Yay mövsümündə də daxili bazarın tərəvəz məhsulları ilə təmin olunması diqqət mərkəzində saxlanılır.
Kompleksin daxilindəki ayrı-ayrı bölmələrdə ümumi uzunluğu 26 min 600 metr olan 80 santimetrdən 1 metrədək dərinlikdə drenaj xətləri çəkilib, xüsusi örtükləri olan süzgəcli borular salınıb, mərkəzi xəttə birləşdirilib. Bu da yay mövsümündə suvarma zamanı torpağın tərkibində olan artıq suyun axıdılmasına, şoranlaşmanın qarşısının alınmasına, qış mövsümündə isə isti hava ilə şitillərin vegetasiya dövrünün normal keçməsinə imkan verir. İstixana kompleksində avtomatik rejimdə işləyən iqlim-nəzarət sistemləri, isitmə və havalandırma avadanlıqları quraşdırılıb. Türkiyənin “Alarko” şirkətindən alınmış 6 ədəd sobanın 3-ü təbii qazla, 3-ü isə həm təbii qaz, həm də dizel yanacağı ilə işləyir ki, bu da müəssisəni fasiləsiz istiliklə təmin edir. İstixana kompleksinin gündəlik tələbatı nəzərə alınaraq, hər birinin tutumu 225 ton olan 4 yerüstü qapalı hovuz quraşdırılıb. Bu, su xəttində hər hansı bir nasazlıq yaranarkən fasiləsiz su ilə təminatda mühüm rol oynayır. Burada su təchizatı mərkəzi idarəetmə sistemi ilə təmin olunmuş avadanlıqlar vasitəsilə aparılır.
İstixanada müasir kənd təsərrüfatı texnikalarından istifadə, yeni texnologiyaların tətbiqi yüksək məhsuldarlığa nail olunmasında və əhalinin keyfiyyətli məhsullarla təminatında əhəmiyyətli rol oynayır. Kompleksdə becərmə tədbirlərində üzvi gübrələrdən istifadə edilir, tərəvəz kollarının tozlanması xüsusi arı ailələri vasitəsilə aparılır. Bu, istehsal olunan məhsulların xaricdən idxal edilən eyniadlı məhsullardan xeyli keyfiyyətli olmasına şərait yaradır. İstixana kompleksinin istehsal etdiyi tərəvəz məhsullarının qonşu ölkələrə ixracı da planlaşdırılır.
Cari ilin yayında istixana kompleksinin ətrafında yerləşən 10 hektar ərazidə pomidor, badımcan, bibər, qovun, qarpız əkilib. Yetişdirilən məhsul kənd təsərrüfatı məhsullarının satışı yarmarkasında münasib qiymətə alıcılara satılır. Hazırda istixana kompleksində məhsul yığımına başlanıb. Gələcəkdə kompleksin sahəsinin genişləndirilməsi və digər tərəvəz məhsullarının yetişdirilməsi də nəzərdə tutulur.
Kompleksdə təhlükəsizlik kameraları quraşdırılmış, iş otaqları və yeməkxana istifadəyə verilmişdir. Böyükdüz istixana kompleksinin daxili bazarın yüksəkkeyfiyyətli tərəvəz məhsulları ilə təminatında, eləcə də əhalinin məşğulluğunda mühüm payı var. Burada 50 nəfər işlə təmin edilib ki, onların da əksəriyyəti Böyükdüz kəndinin sakinidir.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası istiqamətində görülən işlərin uğurlu bəhrələrini həm də “Naxçıvan bağları” tərəvəz məhsulları istilik kompleksinin timsalında aydın görmək olur.
Ramiyyə ƏKBƏROVA