23 Dekabr 2024, Bazar ertəsi

 Duz istehsalı Naxçıvanın tarixən özünəməxsus məşğulluq sahələrindən biri olub. “Naxçıvanda Duz Muzeyinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamında deyilir: “Bu ərazidə Eneolit dövründən başlayaraq duz mədənçiliyinin əsası qoyulmuşdur. Bu isə 5 min illik Naxçıvan şəhər mədəniyyətinin formalaşmasına güclü təsir göstərmişdir”.

Mənbələrdə qeyd olunur ki, Cəhri, Şıxmahmud və Sust kəndlərinin əhalisi əsrlər boyu öz yaşayışlarını Duzdağdakı mədənlərdən duz çıxarıb satmaqla təmin ediblər. Yataqların qədim dövrlərdən bəri istismarı XIX əsrin əvvəllərində tərtib olunmuş mənbələrdən birində qeyd olunduğu kimi, buradakı “duz dayaqlarla möhkəmləndirilmiş enli horizontal keçidlərin” qalıqlarından da görünür. Aparılmış arxeoloji tədqiqatlar Duzdağda mədənçilik işinin Eneolit dövründən başlandığını təsdiq etməklə yanaşı, artıq eradan əvvəl IV minillikdə bu prosesin daha geniş miqyas aldığını da göstərir. Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradov “Naxçıvan diyarında sənətkarlıq və ticarət (XVIII-XX əsrin əvvəlləri)” adlı monoqrafiyasında Naxçıvanda duzun çıxarılması prosesi haqqında İ.Şopenin müfəssəl məlumat verdiyini qeyd edir. Belə ki, İ.Şopenin qeydlərinə görə, mədənçilər əvvəlcə duz dağının üst təbəqəsindən duz layına çatana qədər eni bir arşın olan quyu qazırdılar. Duz layı aşkar olunduğu yerdə bir neçə işçinin eyni vaxtda işləməsi üçün kiçik meydança düzəldilir və bundan sonra mədənin istismarına başlanılırdı. Duz çıxarılması zamanı əsas vasitə kimi dəmir burğudan və barıtdan istifadə edilirdi. Uzunluğu 13-14 verşok olan dəmir burğu vasitəsilə eni bir düym, dərinliyi isə 9-10 verşok olan dəliklər açılır və onun içərisi barıtla doldurularaq partladılırdı. Hər bir işçi gün ərzində çətinlik çəkmədən 2-4 dəlik açıb partlayış törədə bilirdi. Hər partlayış nəticəsində duz layından böyük və kiçik qəlpələr şəklində 5 puddan 100 puda qədər duz qoparılırdı. Bu partlayışlar həm də qonşu laylarda yeni çatların əmələ gəlməsinə və böyük qəlpələrin laydan qopmasına gətirib çıxarırdı. Belə qayda ilə aparılan işlər nəticəsində duz dağında uzunluğu bir neçə metrə çatan duz mağarası əmələ gəlirdi. Mağaranın içərisində işıqlanmanı təmin etmək üçün yanlarda böyük diametrli deşiklər açılırdı.

Duz mədənlərində işin davametmə müddəti də maraq doğurur. Belə ki, mənbələrdə də göstərildiyi kimi, xanlıqlar dövründə duz istehsalı mövsümi xarakter daşıyırdı. Duzun əsas alıcısı isə Qarabağda, Şərurda, Dərələyəzdə, Naxçıvan mahalında və Makuda yarımköçəri həyat tərzi keçirən və maldarlıqla məşğul olan əhali idi. İ.Şopenə görə, may ayından başlayaraq duz mədənlərinin ətrafında boz, susuz çöllər duz almaq üçün gəlib növbə gözləyən karvanlarla dolu olurdu. Mart-aprel və oktyabr-noyabr aylarında mədənlərdə çalışan 4-8 nəfərlik işçi qrupu, təxminən, 20 min pud duz istehsal edirdi. Alıcıları itirməmək üçün işçilər bu müddət ərzində olduqca intensiv işləyərək hər il orta hesabla 100 min pud duz çıxarırdılar. Hətta Naxçıvan xanlığının Rusiyanın tərkibinə qatılmasından sonra duzun illik istehsal gücü 120 min puda çatmışdı. Tədqiqatçı İ.Şopen yazır ki, Naxçıvanda duz mədənlərinin istismarı uzun müddət iltizam hüququ əsasında həyata keçirilmişdir. Müəllifə görə, bu mədənlər XVIII əsrin ortalarında Naxçıvan xanları tərəfindən hər il 30, 40, 50, 100, 150 və 300 tümənə iltizama verilirdi. İltizamçılar bunun müqabilində həm də Naxçıvan xanlarını duzla pulsuz təmin etməyi öhdələrinə götürür­dülər. İltizamçı istehsal edilmiş duzun hər batmanını gümüş pulla ­3 qəpiyə satır, əldə etdiyi gəlirin 2/3 hissəsini özünə götürüb 1/3 hissəsini mədənçilərə verirdi.
Tədqiqatçı Vidadi Muradov mono­qrafiyasında qeyd edir ki, Naxçıvanın çar Rusiyası tərəfindən işğalından sonra çar hökuməti əsas diqqəti duz mədənlərindən əldə edilən gəlirin artırılmasına yönəltdi. Buna görə də duzun satış qiyməti hər batmana görə 9 qəpikdən 10 qəpiyə qaldırılmışdı. Çar hökuməti iltizam qaydalarını da dəyişdirmişdi. Belə ki, XIX əsrin 30-cu illərində mədənlər nisbətən uzun müddətə – 3-4 il müddətində iltizama verilirdi. Burada diqqət ediləsi əsas məqamlardan biri də xəzinənin duz mədənlərindən əldə etdiyi illik gəlirin durmadan artması idi. 1829-cu ildə xəzinənin bu sahədən əldə etdiyi gəlir 1000 tümən təşkil etmişdisə, 1830-1833-cü illərdə 13200, 1833-36-cı illərdə isə 18 min rubla bərabər olmuşdu. Hətta 1836-cı ilin iyunundan başlayan yeni 4 illik müddət üçün iltizamçı xəzinəyə gümüş pulla 28 min 840 rubl, hər il üçün 7220 rubl pul ödəməyi öhdəsinə götürmüşdür. Maraqlıdır ki, 1841-1851-ci illəri əhatə etmiş belə idarəçilik dövründə də xəzinənin gəliri artmaqda davam edərək, orta hesabla 8907 rubla bərabər olmuşdu. Təbii ki, xəzinənin duzdan gələn gəlirlərinin artmasında əsas səbəb duz istehsalının ilbəil genişlənməsi idi.
Monoqrafiyada oxuyuruq ki, Naxçıvan duz mədənlərində iltizam sistemi XIX əsrin ikinci yarısı, XX əsrin ilk illərinə qədər davam etmişdir. Lakin burada iltizam sistemi duzun istehsalına yox, ancaq satışına aid edilirdi. Belə ki, iltizamçılar hər mövsümün başlanğıcında mədən rəislərinə alacaqları duzun həcmi barədə tələbnamə verir və hazır daşduzun hər pudunu 2, xırda duzun hər pudunu isə 1 qəpikdən alıb həm mədən rayonunda, həm də digər yerlərdə satırdılar.
Vidadi Muradov qeyd edir ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində Naxçıvanın duz istehsalında yeni mərhələ başlandı. Mənbələrə əsaslanan alim bildirir ki, Naxçıvan duz mədənlərinin istismarı dövlətin əlində cəmləşmişdi. Duza tələbatın artmasını nəzərə alan hökumət həmin dövrdə Sust və Cənnət kəndləri yaxınlığında daha iki mədənin istismarına başlamışdı. Yalnız öz gücü ilə tələbatın öhdəsindən gələ bilməyən hökumət bu işə ayrı-ayrı sahibkarları da cəlb etməyə məcbur olmuşdu. Belə ki, 1907-ci ildən Sust mədənlərinin istismarı ilə “Kəlbəlixanov qardaşları və K” şirkəti də məşğul olmağa başlamışdı. Lakin çar hökuməti yerli şirkətlərə qısqanclıqla yanaşır və hər vasitə ilə onların fəaliyyətini məhdudlaşdırırdı. “Kəlbəlixanov qardaşları və K” şirkətinin başçısı Hacı Xudadat xanın çar hökumətinə Sust mədənlərindən duz istehsalını 200 min puda çatdırmağa icazə verilməsi haqqındakı müraciətləri uzun müddət rədd edilmiş və yalnız bir neçə ildən sonra buna icazə verilmişdi. Çar hökumətinin yerli şirkətlərə qoyduğu qadağa ləğv edildikdən sonra duz hasilatının həcmi xeyli artmışdı. Təkcə “Kəlbəlixanov qardaşları və K” şirkətinin 1911-ci ildə Sust mədənlərindən hasil etdiyi duzun həcmi 304,261 pud təşkil etmişdi. Bu sahədə aparılan araşdırmalar onu göstərir ki, 1911-1913-cü illərdə Naxçıvanda duz istehsalı özünün ən yüksək səviyyəsinə çatmışdı. Təxmini hesablamalara görə, duz mədənlərindən ildə 600-800 min pud duz istehsal edilirdi. Bununla belə, duza olan tələbatı tam ödəmək mümkün olmurdu. Təkcə onu qeyd etmək kifayətdir ki, 1912-ci ildə Naxçıvanda fəaliyyət göstərən duz mədənlərində istehsal edilən 9 min ton duz Cənubi Qafqazın duza olan tələbatından 4,2 dəfə az idi. Ancaq 1914-cü ildə Birinci Dünya müharibəsinin başlanması bu səviyyəni də saxlamağa imkan verməmişdi.
Sovetlər Birliyi dövründə isə Naxçıvanda duz istehsalı əvvəlki dövrlərlə müqayisədə sənayenin yeni imkanlarından istifadə edilməsinə görə seçilirdi. Lakin xalqımız müstəqilliyimizin bərpasından sonra bu yeraltı sərvətin əsl sahibinə çevrildi. Son dövrlərdə isə “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması, müəssisənin yeni texnoloji avadanlıqlarla təmin edilməsi muxtar respublikada duz istehsalının yeni mərhələyə qədəm qoymasına imkan vermişdir. İstifadəyə verilən yeni istehsal sahələri Naxçıvanın duz yataqlarının istismarı tarixində qurulan ilk müasir istehsal sahələridir. Bu gün duz mədənində yeni texnoloji avadanlıqlarla təmin edilmiş 4 duz emalı sahəsi fəaliyyət göstərir. Gündəlik istehsal gücü 40-45 ton daşduz, 20-25 ton isə üyüdülmüş duz olan “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətində 18 çeşiddə duz istehsal olunur və bu məhsullardan məişətdə, heyvandarlıqda, kimya sənayesində istifadə edilir. Məhsullar “Duzdağ” əmtəə nişanı ilə satışa çıxarılır. Müəssisədən aldığımız məlumata görə, ötən il burada 5391 ton daşduz və 2206 ton üyüdülmüş duz istehsal edilib. Müəssisə tərəfindən 2340 ton daşduz və 2129 ton üyüdülmüş duz satılıb. Cari ilin ilk 10 ayında isə 4189,4 ton daşduz, 1995,5 ton üyüdülmüş duz istehsal olunub. İstehsal olunan 1467,3 ton daşduz, 2164,9 ton isə üyüdülmüş duz satılıb.
Beləliklə, dünyanın ən qədim mədənlərindən olan Duzdağ yataqlarından çıxarılan duz min illər əvvəl olduğu kimi, bu gün də süfrələrimizin əvəzolunmaz nemətidir.

­ Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR