Bu il Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində genişmiqyaslı quruculuq işləri aparılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində həyata keçirilən bu tədbirlər kəndin simasını əsaslı surətdə dəyişib. Kənddə aparılan quruculuq işləri çərçivəsində bu yaşayış məntəqəsinin girəcəyindən başlayaraq Qaraçuğa qədər gedən yol genişləndirilib, keyfiyyətli asfalt örtüyü salınıb, səkilərə kilid daşlar düzülüb, işıqlandırma sistemləri quraşdırılıb.
Yaşayış məntəqəsində həyata keçirilən kompleks quruculuq tədbirlərindən biri kənd məktəbi üçün inşa olunan yeni binadır. Binanın tikilməsində kəndin gələcək perspektivi nəzərə alınıb. Hazırda məktəbin binasında avadanlıqlar quraşdırılır. Binanın ətrafında yaşıllaşdırma və abadlaşdırma işləri həyata keçirilib, ağac tingləri və gül kolları əkilib.
Kənddə inşası başa çatdırılan digər bir obyekt isə bu yaşayış məntəqəsində fəaliyyət göstərən qurumların birgə işini təşkil etmək üçün inşa olunan kənd mərkəzidir. İnşaatçılar qısa müddət ərzində 2 mərtəbədən ibarət olan, müasirtipli layihə əsasında inşa edilən binada işləri yekunlaşdırıblar. Mərkəzdə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kitabxana, polis sahə və baytarlıq məntəqələrinin fəaliyyəti üçün hər cür şərait yaradılır. Həmçinin burada rabitə evi və poçt bölməsi də fəaliyyət göstərəcək. Kənd mərkəzinin binasında səhiyyə məntəqəsi üçün də otaqlar ayrılıb. Bu isə sakinlərə göstəriləcək səhiyyə xidmətinin səviyyəsini yüksəldəcək.
Kənd sakinləri ilə söhbət zamanı onlar burada inşa olunan xidmət mərkəzini növbəti dövlət qayğısı kimi dəyərləndirdilər. Qeyd edək ki, burada sənaye malları mağazası, ət satışı yeri və müxtəlif iaşə xidməti sahələri fəaliyyət göstərəcək.
Xəbərlər şöbəsi