23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycanın vergi sistemi humanizm prinsiplərinə əsaslanmaqla yanaşı, vətəndaşların üzərinə çox ciddi vicdan məsuliyyəti də qoyur. Yəni vətəndaş dərk etməlidir ki, onun hüquq və mənafelərini qoruyan dövlətin büdcəsi, əsasən, ödədiyi vergilərdən formalaşır. Bu sıraya əməkhaqqı və pensiyalardan tutmuş ən müxtəlif təyinatlı müavinətlər daxildir. Onların zamanında təyinatı üzrə ödənməsi insanların vergi ödənişində vicdanlı davranmasından çox asılıdır. Odur ki, vergi öhdəliyinə münasibətdə bunun həm də mənəvi tərəfini nəzərə alsaq, ümumi prosesdən həm dövlət, həm də vətəndaşlar qazanclı çıxar.

Bu gün Naxçıvan şəhərində və bölgələrimizdə mənzillərin orta kirayə haqqı 150-300 manat arasında dəyişir. Bu isə il ərzində əldə olunan gəlir baxımından heç də az məbləğ deyil və ümumi hesablamada ev sahiblərindən vergi tutulması ilə büdcəyə xeyli vəsait daxil etmək mümkündür. Ancaq bir şərtlə ki, evini kirayə verib gəlir əldə edən sakinlərimiz vergiyə cəlb olunmağa könüllü şəkildə maraq göstərsinlər.
Gəlir mənbəyi kimi daşınmaz əmlakdan vergini hesablamaq və onu dövlət büdcəsinə ödəmək vergi ödəyicilərinin vəzifələrindədir. Bu vəzifələrin lazımınca yerinə yetirilməməsi qanunvericiliyə əsasən məsuliyyətə cəlb olunmağa səbəb olur. Belə ki, Vergi Məcəlləsinin 124-cü maddəsinə görə daşınan və daşınmaz əmlak üçün icarə haqqında bu məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə, icarəyə verən 14 faiz dərəcə ilə vergini özü ödəyir. İcarə haqqından gəlir əldə edən fiziki şəxslərdən ödəmə mənbəyində vergi tutulmuşdursa və onun tərəfindən vergi ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur. Qeyd edək ki, daşınmaz əmlakdan ödəmə mənbəyində vergini hesablamaq və dövlət büdcəsinə ödəmək qaydalarının pozulmasına görə vergi ödəyiciləri müəyyən sanksiyalara məruz qala bilərlər. Belə ki, Vergi Məcəlləsinin 58.2-ci maddəsinə görə bu məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmçinin Vergi Məcəlləsinin 59.1-ci maddəsinə görə vergi və ya cari vergi ödəməsi bu məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən nəzərdə tutulan məbləğin 0,1 faizi tutulur. Evlərini kirayə verənlər risklərin yaranmaması, hər hansı maliyyə ­itkilərinə məruz qalmamaq üçün mövcud qanunvericiliyin tələblərinə əməl etməlidirlər.

Məlum olduğu kimi, vergi orqan­larının dövlət hakimiyyəti orqanları ilə qarşılıqlı münasibətləri Vergi Məcəlləsində öz əksini tapmışdır. Belə ki, məcəllənin 26.1-ci maddəsinə əsasən vergi orqanları öz vəzifələrini mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquq-mühafizə, maliyyə və digər dövlət orqanları ilə qarşılıqlı əlaqədə həyata keçirirlər. Vergi Məcəlləsinin 26.2 maddəsinə görə vergi orqanlarının vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar digər dövlət hakimiyyəti orqanları vergi orqanlarına kömək edir və zəruri hallarda müəyyən edilmiş qaydada onlara lazımi məlumatları verirlər.
Günümüzün reallığı bundan ibarətdir ki, daşınmaz əmlakdan ödəmə mənbəyində verginin tutulması bəzi hallarda mümkün olmur. Buna səbəb isə vergini hesablamağa və dövlət büdcəsinə ödəməyə borclu olan vergi ödəyicilərinin marağının yetərincə olmamasıdır. Belə ki, vətəndaş bir mənzildə rəsmi müqavilə bağlamadan kirayə qalır və bu halı həm mənzilin sahibi (kirayə verən), həm də kirayədə qalan şəxs dövlət orqanlarından gizlətməklə dövlət büdcəsinə ödəniləsi vergidən yayınırlar.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə rəisi Zahid Qəribov deyir ki, nazirlik müvafiq yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyətinin daha geniş təşkil olunması üçün bir sıra işlər görür. Yerli vergi orqanları tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına rəsmi müraciət olunmaqla rübdə bir dəfə mənzil istismar idarələrindən tabeliklərində olan yaşayış sahələrindəki kirayə verilmiş mənzillərlə bağlı məlumatlar alınır və buna uyğun olaraq ödəniləsi verginin kirayəçi və ya kirayə verən tərəfindən dövlət büdcəsinə ödənilməsi təmin edilir. Bunun üçün yerli vergi orqanları tərəfindən əldə edilmiş rəsmi məlumatlara istinadən mənzilin sahibi olan, kirayə verən və ya orada kirayə qalan şəxslərlə əlaqə saxlanılaraq vergi qanunvericiliyinin tələbləri onlara izah olunur və bu sahədə əməli tədbirlərin həyata keçirilməsi təmin edilir. Bunun nəticəsidir ki, bu sahədən dövlət büdcəsində daxil olan vəsaitlərin məbləğində artım müşahidə edilir. Bu iş təkcə Naxçıvan şəhərində deyil, bölgələrimizdə də davam etdirilir.
Bu sahədə irəliləyişlərin əldə edilməsi maarifləndirici tədbirlərin daha da gücləndirilməsi sayəsində mümkün olub. Misal üçün, heç bir yerdə işləməyən, lakin evini kirayə verməklə gəlir əldə edən insanlara izah edilir ki, vergi ilə yanaşı, DSMF ödənişləri etsələr, gələcəkdə təqaüdə çıxanda onun yüksək olmasına nail olacaqlar.
Kirayə müqaviləsi imzalamayıb, bu müqaviləni rəsmiləşdirmədən, sadəcə, şifahi sövdələşmə ilə mənzili kirayə verməyin sonradan həm mənzil sahibinə, həm də kirayəçiyə müəyyən problemlər yarada biləcəyi də danılmaz faktdır. Əks-təqdirdə tərəflərin üzərlərinə götürdükləri öhdəliklər rəsmiləşdirilmədiyindən, rahatlıqla məsuliyyətdən qaça, bir-birinə qarşı haqsızlıq, hüquq pozuntusu edə bilərlər. Amma müqavilə mövcud olanda, tərəflər öz üzərlərində məsuliyyət hiss edərlər. Fikirlərimizi ümumiləşdirsək, daşınmaz əmlakını kirayə verən vətəndaş bütün hərəkətlərini qanunla tənzimləməlidir.
Təbii ki, mənzilini kirayə verən vətəndaş ölkəmizin qanunlarına hörmətlə yanaşmalı, qanunvericiliyin tələbləri əsasında fəaliyyətini qurmalıdır. Bu, ev sahiblərinin təhlükəsizliyi üçün də vacibdir. Əgər kirayəçilər hər hansı bir qanunsuz hadisə törədibsə, istintaq prosesində mənzil sahibi də prosedura cəlb edilə bilər. Belə ki, qanuna görə mənzilini kirayə verən şəxs kirayəçinin hər hansı cinayət əməlinə görə məsuliyyət daşımır. Lakin bu halda belə, kirayə verən şəxs polisə çağırılır, müvafiq izahat alınır, müəyyən prosedur işlər həyata keçirilir. Polis qanun çərçivəsində məsələyə yanaşarsa, qısa zamanda araşdırma aparar, qonşuların və başqalarının məlumatı ilə ev yiyəsinin törədilən cinayət əməlində hər hansı marağının, məlumatının, iştirakının olmadığını üzə çıxarar. Əgər kirayə verən kirayəyə götürülən mənzildə hər hansı cinayət əməlinin baş verəcəyini bilib polisə xəbər verməzsə, cinayətin iştirakçısı olarsa, yaxud kirayəçinin cinayətkar olmasından məlumatlı ola-ola polisə xəbər verməzsə, bu halda məsuliyyət daşıyır. Ona görə də evini kirayə verən şəxslər qanun çərçivəsində iş görməlidirlər.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR