Enerji təhlükəsizliyi bu gün bütün dünyada həllivacib məsələlərdən biri hesab olunur. Müstəqilliyimizin ilk illərində muxtar diyarımızda enerji ilə bağlı ciddi problemlər yaşandı. Blokada vəziyyəti isə, sözün həqiqi mənasında, Naxçıvanı zülmətə qərq etmişdi. Həmin dövrdə Ali Məclisin Sədri vəzifəsində olan ulu öndər Heydər Əliyev qonşu Türkiyə və İran İslam Respublikası ilə danışıqlar aparmış, şəxsi nüfuzu sayəsində enerji idxalına nail ola bilmişdi. Bu gün xalqımızın böyük oğlunun müəyyənləşdirdiyi uğurlu siyasətin davamçıları Naxçıvanı işıqlı günlərə qovuşdurub.
Keçmişə qısa ekskurs, bu günə nəzər
Ötən əsrin sonlarından başlayaraq Naxçıvanda enerjiyə olan tələbat çox, təminat isə olduqca aşağı səviyyədə idi. Ölkənin iqtisadi həyatında mühüm rol oynayan dəmir yolu nəqliyyatında qatarların hərəkətinin dayanması ucbatından digər enerji daşıyıcıları olan odun, daş-kömür və neft məhsulları da qəhətə çəkilmiş, əsas güc energetika sahəsinin üzərinə düşmüşdü. Sovet dönəmində Araz çayı üzərində tikilmiş elektrik stansiyası isə tələbatın yalnız kiçik bir hissəsini ödəyirdi. O da, ilk növbədə, yaşayış üçün zəruri olan mühüm obyektlərin – çörək zavodlarının, xəstəxanaların işlədilməsinə yönəldilirdi. Özü də fasilələrlə.
Yaşanan çətinlikləri Babək rayonunun Qahab kənd sakini Əmirah Rzayev belə xatırlayır: “Həmin dövr naxçıvanlılar üçün ən çətin və məşəqqətli illərdən idi. İmperiyanın caynağından yenicə azad olmuşduq, və demək olar ki, infrastruktur, qaz, enerji təsərrüfatı, sənaye, bir sözlə, hər şey iflic vəziyyətdə idi. Enerji böhranı özlüyündə iqtisadiyyatın və sənayenin digər sahələrini də iflasa uğratmış, ərzaq böhranı, xüsusən çörək növbələri dükan-bazarların “bəzəyinə” çevrilmişdi. Yaxşı xatirimdədir. Həmin vaxt tələbə idim və dərsə vaxtında çatmaq üçün səhərin erkən saatlarından şəhərə yollanırdım. Enerji olmadığı üçün şəhərdaxili trolleybuslar da fasilələrlə işləyirdi”.
Naxışnərgiz kənd sakini 70 yaşlı İsmayıl Zamanov da o günlərin canlı şahidlərindəndir. Həmsöhbətimin dediklərindən: “Elə olurdu ki, günlərlə işıqsız qalırdıq. Digər enerji mənbələri – neft, kerosin tapmaq da müşkül məsələyə çevrilmişdi. Bir sözlə, ağır günlər yaşamışıq”.
Ümummilli lider Heydər Əliyev həmin dövrdə regionda yaşanan çətinliklər barədə belə demişdir: “Gecə saat 2-yə, 3-ə qədər iş otağımda az işıq verən neft lampası ilə oturub işləyirdim. Bunu hamı bilirdi. Evlərə elektrik, istilik vermək üçün heç bir imkan yox idi. İnsanlar, həqiqətən, donurdu” .
Xalqımızın böyük oğlu Ali Məclisin Sədri vəzifəsində çalışarkən onun Naxçıvanın xilası uğrunda fəaliyyətinin əsas istiqaməti bu diyarın energetika və yanacaq problemlərinin həllinə yönəldilmişdi. Qonşu Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasına edilən səfərlər zamanı əsas məsələlərdən biri də Naxçıvanın enerji təhlükəsizliyi ilə bağlı idi. Ulu öndərin apardığı danışıqlar nəticəsində bu ölkələrdən muxtar respublikaya elektrik enerjisinin nəqlinə başlandı. Sonrakı illərdə Naxçıvanda müxtəlif tutuma və gücə malik transformator yarımstansiyaları quraşdırıldı, yüksəkgərginlikli elektrik verilişi xətləri çəkildi, enerji təchizatının etibarlılığını yüksəltmək üçün mühüm tədbirlər görüldü. Sonrakı illərdə muxtar respublikamızda alternativ enerji mənbələrindən bəhrələnən elektrik stansiyaları da inşa olundu. Bu, Naxçıvanın enerji təhlükəsizliyində yeni bir mərhələnin başlanğıcı idi.
Son olaraq bu ilin yanvar ayında muxtar respublikaya səfərə gələn ölkə rəhbəri Ordubad Su Elektrik Stansiyasının da təməlqoyma mərasimində iştirak edib, bu sahənin əhəmiyyətindən danışaraq deyib: “Enerji potensialı və enerji təhlükəsizliyi Naxçıvan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki ölkəmizin əsas hissəsi ilə Naxçıvanın coğrafi əlaqəsi yoxdur. Belə olan halda biz mütləq enerji potensialının inkişafına fikir verməliyik. Bu gün Naxçıvan elektrik enerjisi ilə tam təmin olunub və eyni zamanda enerji ixrac edir”.
Məlumat üçün deyək ki, əgər Naxçıvanda ötən əsrin 90-cı illərində tək Araz Su Elektrik Stansiyası vasitəsilə cəmi 22 meqavat elektrik enerjisi əldə olunurdusa, indi artıq 8 stansiya vasitəsilə bundan 10 dəfə çox enerji əldə etmək imkanı yaranıb. Heydər Əliyev Su Anbarının üzərində qurulan Vayxır Su Elektrik Stansiyası 4,5 meqavat gücündədir. Stansiyada 3 generator quraşdırılıb. Beləliklə, Naxçıvanın enerji təminatı su elektrik stansiyalarının xətti ilə icra olunmağa başlayıb.
İllər öncə yaşanılan iqtisadi blokadanın caynağından xilas edilən bu diyarın ən ucqar dağ və sərhəd kəndləri belə, bu gün dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunur. Bu təminata stimul verən stansiyalardan biri də 2006-cı ildə dövlət başçısının iştirakı ilə istifadəyə verilən və ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyasıdır. Burada hər birinin gücü 8,7 meqavat olan 10 generator quraşdırılıb. Stansiya muxtar respublikanın enerjiyə olan tələbatının böyük bir hissəsini ödəyir. Belə ki, bu ilin ötən dövrü ərzində 230 milyon 275 min kilovat-saat enerji hasil olunaraq muxtar respublikanın enerji şəbəkəsinə ötürülüb.
Son illər isə doğma diyarımızda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə etməklə təminat daha da yaxşılaşdırılıb. 2015-ci ildə Babək rayonu ərazisində Naxçıvan Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi görülən işlərin məntiqi davamı idi. Bu ilin sentyabr ayında stansiyanın istehsal gücü artırılıb, burada 86 min 387 ədəd ən müasir şüşə-şüşə tipli günəş panelləri quraşdırılıb.
Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Enerji təhlükəsizliyinin təmin olunması, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə o ölkələrdə mümkün olur ki, həmin ölkələrdə sabitlik və inkişaf olsun. Bu gün ölkəmizdə bu tədbirlər uğurla həyata keçirilir. Naxçıvanda Günəş Elektrik Stansiyası qurularkən ərazi və şirkət düzgün seçilmişdir. Belə ki, Günəş Elektrik Stansiyasının yerləşdiyi ərazi əkinəyararsız torpaq sahəsidir. Şirkət isə günəş elektrik stansiyalarının qurulmasında ən müasir texnologiyaya əsaslanan şüşə-şüşə tipli panellərdən istifadə edir ki, bu da əraziyə qənaət olunmasına və stansiyanın yüksək iş əmsalı ilə fəaliyyət göstərməsinə imkan verir”.
Hazırda Günəş Elektrik Stansiyası Naxçıvanın enerji təminatında, təqribən, 8 faizlik bir paya malikdir. Başqa sözlə, cari ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikasında elektrik şəbəkəsinə ötürülmüş enerjinin 27 milyon 500 min kilovat-saatı bu stansiyanın payına düşüb. Əlavə olaraq stansiyanın istehsal gücü artırılıb, quraşdırılan şüşə panellərin ərazisi 36 hektara çatdırılıb.
Fasiləsiz enerji güclü iqtisadiyyat, müasir inkişaf deməkdir
Bəli, ötən 25 il ərzində böyük bir məsafə qət etmişik. Bu, inkişaf, müasirlik, yenilik, tərəqqi yoludur. Kəndlərimizdə fasiləsiz elektrik enerjisi şölələnirsə, yeni-yeni istehsal müəssisələri, fabrik və zavodlar istifadəyə verilir, yeni iş yerləri açılır, torpaqların suvarması həyata keçirilir və beləliklə, insanların sosial rifah halı yaxşılaşırsa, deməli, muxtar diyarımızda enerji böhranı öz uğurlu həllini tapıb.
Artıq Naxçıvanın gündüzləri kimi, gecələri də başqa hüsndədir. Müasir işıqlandırma sistemləri şəhərimizin bəzəyinə çevrilib. Hər bir muxtar respublika sakini və qonaqlar isə bu əsrarəngiz mənzərə qarşısında öz heyranlıqlarını gizlədə bilmirlər. “Yerdəki ulduzlar” bu müasir şəhərin hüsnünə yeni çalarlar qatır. Əzəmətli Naxçıvan toprağı yenə də əzəmətli görünür. Fərqi yoxdur, gündüz, ya da ki gecə.
Muxtar RZAZADƏ
“Şərqin səhəri” qəzetinin redaktoru