Cari ilin ötən 10 ayının nəticələri bunu deməyə əsas verir
Muxtar respublikamızda davamlı inkişafa nail olmaq həyata keçirilən sosial-iqtisadi siyasətin əsas məqsədlərindən biridir. Bunun üçün regionda iqtisadi artımın yüksələn dinamikasını qoruyub saxlamaq daim diqqət mərkəzindədir. Dünyadakı mürəkkəb iqtisadi şəraitə baxmayaraq, ölkəmizdə və onun tərkib hissəsi olan muxtar respublikamızda həyata keçirilən tədbirlər, son nəticədə, əhali gəlirlərinin artmasında və rifahın yüksəlməsində də hiss olunmaqdadır ki, bu da davamlı inkişafın əsas şərtlərindən biridir.
Aparılan təhlillər göstərir ki, Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, yeni iş yerlərinin yaradılması və səmərəli məşğulluğun təmin olunması sahəsində aparılan dövlət siyasəti bu məqsədlərə çatmaqda əsas rol oynayıb. Belə ki, iqtisadi inkişafın ən mühüm göstəricilərindən biri olan ümumi daxili məhsulun həcminə baxdıqda muxtar respublikada 2017-ci ilin yanvar-oktyabr aylarında 2 milyard 112 milyon 48 min 200 manatlıq ümumi daxili məhsul istehsal olunduğunu görürük ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çoxdur. Bəhs olunan dövrdə regionda sənaye, kənd təsərrüfatı, tikinti-quruculuq, xarici ticarət, bank-kredit və xidmət sahələrində də artım dinamikası təmin olunub, əhali gəlirlərində yüksəliş templəri qorunub saxlanılıb. Belə ki, cari ilin yanvar-oktyabr aylarında muxtar respublikada əhalinin gəlirləri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artaraq 1 milyard 444 milyon 127 min 700 manat, onun hər bir nəfərə düşən məbləği isə artaraq 3204,2 manat təşkil edib. Bu dövr ərzində muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 415,1 manat təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çox deməkdir.
Əhali gəlirlərinin artmasında sahibkarlıq fəaliyyətinin mühüm təsiri vardır. Naxçıvanda sahibkarlıq fəaliyyətinin, xüsusən kiçik və orta sahibkarlığın dəstəklənməsi ötən dövr ərzində də məşğulluğun səviyyəsinin artırılmasına və əhali gəlirlərinə öz təsirini göstərib.
Sahibkarlığın genişləndirilməsində onlara göstərilən kredit dəstəyinin rolu böyükdür. Təsərrüfat subyektlərinin fəaliyyətinin daha da genişləndirilməsi məqsədilə cari ilin yanvar-oktyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 25 milyon 881 min 900 manat məbləğində kreditlər verilib. Həmin kreditlərin 3 milyon 791 min manatı və yaxud 14,6 faizi qısamüddətli, 22 milyon 90 min 900 manatı və yaxud 85,4 faizi uzunmüddətli kreditlər olub. Bunun vasitəsilə Naxçıvan Muxtar Respublikası iqtisadiyyatı üçün çox mühüm olan yeni istehsal və xidmət sahələrinin yaradılmasına, nəticədə isə əhali gəlirlərinin artırılmasına nail olunub.
Sənayenin inkişafı Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının əsasını təşkil edir. Məhz sənaye sahəsi muxtar respublikada istehsal olunan ümumi daxili məhsulun tərkibində ilk yeri tutur. Bu vacib sahədə yeni texnologiyalardan istifadə öz bəhrəsini verməkdədir. Belə ki, cari ilin ilk 10 ayında sənaye üzrə 808 milyon 516 min 800 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 1,5 faiz üstələyib.
Kənd təsərrüfatı da muxtar respublika əhalisinin əsas məşğuliyyət sahələrindən biridir. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsi olaraq cari ilin yanvar-oktyabr aylarında 366 milyon 927 min 400 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricidən 4 faiz çoxdur.
Xarici ticarət Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının mühüm göstəricilərindəndir. Müasir dövrdə Naxçıvanın ixrac imkanlarının artması bu sahəyə olan diqqəti daha da artırıb. Nəticədə, 2017-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikada 360 milyon 203 min 800 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. 299 milyon 215 min 800 ABŞ dolları dəyərində müsbət saldo yaranıb. Bu da, öz növbəsində, ölkəmizin valyuta ehtiyatlarının artmasına və iqtisadi təhlükəsizliyimizin təmin olunmasına mühüm töhfədir.
Əli CABBAROV