Müasir insan tələbatları arasında rahat yaşamaq, sürətli və komfortlu xidmətlərdən istifadə geniş yayılıb. Rabitə və kommunikasiya sahəsində isə bunlara daha çox ehtiyac duyulur. Cəmiyyətin modernləşməsi və sosial həyatın yaxşılaşmasının mühüm şərti kimi sürətli və etibarlı informasiya mübadiləsinə imkan yaradan rahat mobil rabitə xidmətləri bu baxımdan həm iqtisadi inkişafın əsas göstəricisi, həm də sosial həyatımızın mühüm tərkib hissəsi hesab olunur. Bu yaxınlarda fəaliyyətinin bir ilini tamamlamış Naxtel 4G təklif etdiyi yüksək texnoloji xidmətlərin çeşidi və keyfiyyətinə görə muxtar respublikamızda öncül yerlərdən birini tutur.
Bir il öncə, ötən ilin payızında muxtar respublikamızda 4-cü nəsil mobil rabitə xidmətlərinin istifadəyə verilməsi naxçıvanlıların sosial-mədəni həyatında və regionumuzun iqtisadi inkişafında mühüm hadisə oldu. Qısa müddətdə Naxtel 4G şirkətinin abunəçilərinin sayı on minlərə çatdı. Bu bir daha onu göstərdi ki, gələcək inkişafa doğru atılan hər bir addım həmişə cəmiyyət tərəfindən rəğbətlə qarşılanır.
Naxtel 4G ölkəmizdə fəaliyyət göstərən dördüncü mobil rabitə şirkətidir. O ən yeni xidmətlər təklif edən mobil rabitə operatoru kimi bu sahədəki işinə bir çox yeniliklərlə başlayıb. Belə ki, bu operator Naxçıvan Muxtar Respublikasının 98 faiz ərazisini əhatə etməyə imkan yaradan baza stansiyaları ilə əhaliyə yüksəkkeyfiyyətli mobil rabitə xidmətləri göstərir.
Qeyd edək ki, yeni nəsil mobil rabitə xidməti indiyə qədər istifadə olunan digər mobil operatorların təklif etdiyi internetin sürəti ilə müqayisədə 10 dəfə artıqdır. Bütün bunlar isə Naxtel 4G mobil rabitənin istifadə etdiyi geniş texniki imkanlarla mümkün olur. Məhz bu yeniliklər sayəsində qısa müddət ərzində abunəçilərin sayı 25 mini ötüb. Təklif olunan xidmətlərə də maraq böyük olub. Belə ki, bu ilin yanvar ayı ərzində, yeni il kampaniyası çərçivəsində Naxtelə qoşulan hər yeni abunəçiyə 100 dəqiqə şəbəkədaxili danışıq və 2 Gb internet, habelə bir il ərzində Naxtel nömrəsi və 50 manatlıq ödəmə kartı alan 4500 abunəçiyə “Huawei Y221” markalı telefon hədiyyə edilib. Yeni il kampaniyasında 250-dən çox müxtəlif “Huawei” markalı telefonlar 6 aylıq faizsiz kreditlə müştərilərə satılıb.
“Gələcəyə doğru” şüarı ilə işə başlayan “Naxtel” MMC qısa zamanda fəaliyyət coğrafiyasını genişləndirib. Artan tələbi ödəmək məqsədilə hər cür müasir maddi-texniki imkan və kadr təminatı yaradılıb. Nəticədə, şirkətin bütün idarəetmə, satış, texniki xidmət və sair strukturları üzrə xeyli sayda muxtar respublika sakini daimi işlə təmin olunub. Müasir istehlakçının əsas tələblərindən biri olan gülərüz personal, peşəkarlıq və ən mühümü dürüst xidmət Naxtelin əsas iş prinsiplərindəndir. Naxtel insanların hər qəpik vəsaitinə diqqətlə yanaşır. Bunun təmin olunması üçün Naxtel öz müştəriləri ilə bütün kommunikativ vasitələrdən istifadə edir. Abunəçilər şirkətin www.naxtel.az saytına daxil olmaqla onlara lazım olan bütün informasiyaları əldə edə, yeniliklərlə tanış ola bilərlər. Belə yeniliklər isə ötən dövr ərzində çox olub. Bunlara misal olaraq, şirkət və təşkilatlarda işçilərin öz aralarında limitsiz ünsiyyətini təmin etmək üçün korporativ 1 və korporativ 2 tariflərini, 8 Mart – Qadınlar Günü ilə əlaqədar olaraq Naxçıvan şəhərində xanımlara nömrə hədiyyə olunmasını, Novruz bayramında təşkil edilmiş cihaz kampaniyasını, yeni nömrə alan abunəçilərin balansına aldığı nömrənin dəyərinin yarısı qədər vəsait hədiyyə olunmasını, bu operatordan 4G MiFi və datakart alan müştərilərə 20 GB internet hədiyyə edilməsini göstərmək olar. Naxtelin müştəriləri üçün təqdim etdiyi xidmətlər sırasında toplu SMS xidməti də yer alıb. Bu xidmət bir SMS-lə müraciət, satışlar, kampaniyalar haqqında olan məlumatları müştərilərin nəzərinə çatdırır. Həmin xidmətə qoşulan abunəçilərə ilkin olaraq 1000 SMS hədiyyə olunması kampaniyası təşkil olunub. İl ərzində www.naxtel.az saytında aparılmış yenilənmə və yeni nömrə alan abunəçilərin balansına aldığı nömrənin dəyərinin yarısının hədiyyə olunması da şirkətin uğurlu fəaliyyəti sırasındadır.
Naxtelin qazandığı bu uğurlar təsadüfi olmayıb. Belə ki, il ərzində muxtar respublikanın rayonlarında səyyar satışlar təşkil edilib, satış üçün reklamlar hazırlanıb və Naxçıvan şəhərinin müxtəlif yerlərində nümayiş olunub. Bunlardan əlavə, şirkət cari ilin mart ayında Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində keçirilən film nümayişinin qala gecəsinə baş sponsorluq edib, Şahmat Mərkəzində keçirilən yarışlarda iki gənc şahmatçıya sponsorluq dəstəyi göstərib. Bütün bunlar isə Naxtelin uğurlu fəaliyyətinin və sosial məsuliyyətinin göstəricisidir.
Əli CABBAROV