Naxçıvan Muxtar Respublikasında əhalinin etibarlı ərzaq təminatında mühüm yerlərdən birini kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edir. Bu sahədə həyata keçirilən tədbirlər, aparılan islahatlar bitkiçilik və heyvandarlıq, eləcə də emal sənayesinin inkişafı üçün geniş imkanlar açmışdır.
Əldə olunmuş nailiyyətlərdə muxtar respublikada indiyədək icrası uğurla başa çatdırılmış və hazırda davam etdirilən dövlət proqramlarının böyük əhəmiyyəti vardır. Bundan əlavə, aparılan meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi, taxıl və soyuducu anbarların tutumlarının artırılması, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin işə salınması kənd təsərrüfatının sürətli inkişafına əlverişli şərait yaratmışdır. Toxumçuluq və tingçiliklə məşğul olan təsərrüfatlara subsidiyaların ödənilməsi, yanacaq-sürtkü materiallarına görə yardımların, gübrələrə, satılan texnikaların dəyərinə güzəştlərin tətbiq edilməsi kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar üçün əsaslı stimuldur.
Təbii ki, sahibkarlığın inkişafı iqtisadiyyatın müxtəlif sahələrində böyük rol oynadığından, kənd təsərrüfatı məhsullarının istehsalında da sahibkar əməyi önəmli yerə malikdir. Xüsusilə son illərdə muxtar respublikamızın müxtəlif bölgələrində yaradılmış fermer təsərrüfatları nümunəvi model kimi daha çox diqqəti çəkir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən bu məqsədlə müxtəlif pilot layihələrin həyata keçirilməsi belə fermer təsərrüfatlarının yaradılması və fəaliyyətinə geniş imkanlar açır. 2016-cı ilin dekabr ayında təsis edilmiş “Orqanik Məhsul Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti də bu istiqamətdə ilk addımlarını atan təsərrüfatlardandır.
Bu fermer təsərrüfatı Babək rayonunun Hacıvar kəndi ərazisində yaradılıb. Cəmiyyətin direktor-aqronom vəzifəsinin icraçısı Zeynalabdin Nadirov bizimlə söhbətində bildirdi ki, təsərrüfatın fəaliyyətində əsas məqsəd daxili bazarın tələbatına uyğun olaraq müxtəlif növdə yerli meyvə və tərəvəz məhsulları yetişdirmək, bu sahədə istehsalı artırmaqdır. Həmsöhbətimiz dedi ki, hazırda bütün dünyada əhalinin ərzaq tələbatı ildən-ilə artmaqdadır. Ölkəmizdə, eləcə də muxtar respublikamızda bu tendensiya müşahidə olunur. Dövlətimizin həyata keçirdiyi məqsədyönlü tədbirlərin əsasını da o təşkil edir ki, artan tələbat yerli imkanlar hesabına ödənilsin. Nəticədə, həm kənd təsərrüfatı inkişaf etsin, həm də insanlar yeni iş yerləri ilə təmin olunsun, eyni zamanda daxili bazar qorunsun. Daxili bazarı qorumağın ən əlverişli yolu isə, təbii ki, yerli istehsalın həcmini artırmaqdır. Digər tərəfdən, nəzərə alaq ki, uzaq keçmişdən bu günümüzə Naxçıvanın yerli meyvə və tərəvəz məhsullarının dad-tamının sorağı hər tərəfə yayılıb. Bu məhsulların keyfiyyəti digər yerlərdə yetişdirilmiş eyni adda məhsullardan fərqlənir. O zaman bu sahənin inkişafına hər birimiz maraqlı olmalıyıq. Şükürlər olsun ki, indi dövlətimiz tərəfindən də torpaq mülkiyyətçilərinə lazımi dəstək göstərilir. Bir qalır ki, zəhmətə qatlaşasan, qollarını çırmayıb işə başlayasan.
Müsahibimizdən təsərrüfatın hazırkı vəziyyətini soruşduq, hansı məhsulların yetişdirildiyini öyrənmək istədik. Zeynalabdin Nadirov bildirdi ki, bu fermer təsərrüfatı 50,1 hektar ərazidə yaradılmışdır. Təsərrüfatın fəaliyyətində əsas məqsəd daxili bazarın tələbatına uyğun olaraq müxtəlif növdə yerli meyvə və tərəvəz məhsulları yetişdirmək, bu sahədə istehsalı artırmaqdır.
Onu da qeyd edək ki, “Orqanik Məhsul Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətində əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə 14 nəfər işlə təmin olunmuşdur.
Bu ilin ötən dövrü ərzində təsərrüfatda 31 hektar ərazidə şum qaldırılıb. 22 hektar sahədə noxud, 0,7 hektar sahədə kartof, 2 hektar sahədə pomidor, 0,5 hektar sahədə bibər, 0,2 hektar sahədə badımcan, 1,5 hektar sahədə lobya, 0,1 hektar sahədə çuğundur əkini aparılmışdır. Bununla yanaşı, 0,5 hektar sahədə üzüm, 1,9 hektar sahədə isə meyvə bağı salınmışdır. Mövcud 1,5 hektar çaytikanı bağında bərpa işləri həyata keçirilmiş, 5 hektar taxıl əkini sahəsində, 3,1 hektar meyvə və 1,5 hektar üzüm bağlarında aqrotexniki qulluq işləri aparılmışdır. Bununla yanaşı, 4 hektar şoranlaşmış ərazidə şum qaldırılmış, sahəyə aqrotexniki qulluq göstərilmiş və həmin ərazi əkin dövriyyəsinə qatılmışdır.
Təsərrüfatda yetişdirilən noxud, kartof, pomidor, bibər, badımcan, lobya, üzüm olmaqla, ümumilikdə, 14,1 ton məhsul yığılmışdır. Əldə edilmiş 10 ton taxılın isə 4 tonu satılmış, 6 tonu payız əkini üçün ayrılmışdır.
Hazırda təsərrüfatın sahələrində növbəti ilin bol məhsulu üçün işlər aparılır. İndiyədək 32 hektar sahədə şum qaldırılmış, bunun 20 hektarında taxıl əkini həyata keçirilmişdir. Yeni sahələrin şumlanması işi davam edir. Təsərrüfatda əkin işlərinin aparılması üçün traktor, toxumsəpən, şırımaçan, kotan, moraaçan, dərmansəpən texnikaları alınmış, bu texnika və aqreqatların saxlanılması üçün 91 kvadratmetr sahədə çardaq qurulmuşdur.
Ümid edirik ki, “Orqanik Məhsul Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti yaxın gələcəkdə muxtar respublikamızın nümunəvi fermer təsərrüfatlarından birinə çevriləcək, əhalinin yerli kənd təsərrüfatı məhsulları ilə təminatında mühüm rol oynayacaqdır.
Səbuhi HƏSƏNOV