Ordubad rayonunun ən ucqar zirvəsində, uca dağların, sıldırım qayaların qoynunda yerləşən Nürgüt füsunkar gözəllikləri ilə rəssam fırçasına ilham verən yurd yerlərimizdəndir. Zirvələrin tacı olan bu kənddən təbiət öz səxavətini əsirgəməyib. Zümrüd rəngli Göy-gölü, əzəmətli, vüqarlı dağları, min bir dərdin dərmanı olan yeraltı mineral bulaqları, həzin zümzümə ilə insanın ruhunu oxşayan Əyriçay və Saqqarsu çayları sanki memar əli ilə yaradılan bu yurd yerinin ecazkar təbiətinə heyrətamiz gözəllik qatır.
Tədqiqatçıların fikrincə, “Nürgüt” toponimi “düşərgə”, “dayanacaq” sözlərindən ibarətdir. Ancaq digər fikrə görə, bu ad nouqut sözünün təhrif olunmuş variantıdır. Toponim “yeni kənd”, yaxud “təzə kənd” mənasındadır. Qarşılaşdığımız digər mənbədə isə Gəmiqayaya yaxın ərazidə yerləşən bu yaşayış məntəqəsi Nuhun tufanı hadisəsi ilə bağlılığı ehtimalını qüvvətləndirir. Bu baxımdan yanaşdıqda Nuh Peyğəmbərin gəmisinin son dayanacaqlarından biri kimi Gəmiqayanın sol ətəyindəki “Nürgüt” adının müəyyən mənada Nuh hadisəsi ilə səsləşdiyi ehtimal olunur...
...Yolumuz uzaq olduğundan kəndə sübh tezdən yola düşmüşük. Payızın son günləri olmasına baxmayaraq, dağda, daşda qışın soyuq nəfəsini duyuruq. Zəngəzur silsiləsinin yamacında, Gəmiqayanın sağ və sol qolunda yerləşən bu kəndə qış aran kəndlərinə nisbətən daha tez qədəm qoyur. Odur ki, kəndətrafı sahələrdə bir qələbəlik müşahidə olunur. Zəhmətkeş insanlar qış üçün tədarük görür, bostan-tərəvəz sahələrindən, meyvə bağlarından payız məhsulları yığılır.
Həmsöhbət olduğumuz kənd sakini Məhəmməd Məmmədov deyir ki, kəndin münbit torpaqları sakinlərin məşğuliyyəti və gəlir mənbəyi olan bağçılıq, heyvandarlıq, arıçılıq və əkinçiliyin, dağlıq ərazilər üçün spesifik olan sahələrin inkişafına rəvac verir. Dağlıq, əsasən də, yaylaq ərazilərin üstünlük təşkil etdiyi bu torpaqlardan kənd camaatı həm də biçənək və otlaq sahəsi kimi istifadə edir.
Müsahibimiz bir qədər əvvəldən də söhbət açır. Deyir ki, bir vaxtlar yolların tamamilə sıradan çıxması, xüsusən qarlı-yağışlı havalarda kənd sakinlərinin ən böyük problemlərindən idi. Üstəlik, iki saatdan bir yanan işıq, qışın oğlan çağında bir stəkan su qaynatmaq üçün ağaclardan qalanan ocaq insanları lap bezdirmişdi. Əvvəllər, desəydilər ki, nə vaxtsa bu kəndə qaz xətti çəkiləcək, hər evə telefon xətti quraşdırılacaq, insanlar internetdən istifadə etmək imkanı əldə edəcək, ömründə inanmazdım. Bir zamanlar sıxıntılar məngənəsində boğulan kənd adamları öz yurd yerlərindən didərgin düşmüşdülər. Hər kəs şəhərə axın edib özünə gün-güzəran qurmağa çalışırdı. Bu gün kənddə camaatın rahatlığı üçün hər cür şərait yaradılıb, insanlar hərtərəfli qayğı ilə əhatə olunub, yeni sosial obyektlər tikilərək istifadəyə verilib.
Sovet dönəmində köçürülmə təhlükəsiylə üzləşdiyi halda, bu gün Nürgüt öz inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Kənddə məktəb binasının yenidən qurulması, xidmət və kənd mərkəzləri, səhiyyə ocağı, kitabxana üçün binaların tikilərək istifadəyə verilməsi sakinlərin öz yurd yerinə daha sıx tellərlə bağlanmasına şərait yaradıb.
Nürgüt kənd tam orta məktəbinin direktoru Hikmət Quliyev təhsil ocağı haqqında danışaraq deyir ki, bir vaxtlar ibtidai məktəb kimi fəaliyyət göstərən təhsil ocağı 2002-ci ildə 11 illik məktəbə çevrilib və yeni bina ilə təmin edilib. 2013-cü ildə isə bina əsaslı şəkildə təmir olunaraq noyabr ayının 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə şagird və müəllim kollektivinin istifadəsinə verilib.
Öyrəndik ki, məktəb binası 110 şagird yerlikdir. Burada 12 sinif otağı, kimya-biologiya kabinəsi, hərbi kabinə, 2 elektron lövhəli sinif, kompüter otağı, müəllimlər otağı, kitabxana və açıq idman qurğuları vardır. Təhsilə göstərilən qayğının nəticəsidir ki, məktəbin uğurları ildən-ilə artır. Ötən tədris ilində məktəbi bitirən 2 məzunun ikisi də ali məktəb tələbəsi adını qazanıb. Kollektiv bu il də yüksək nəticə əldə edəcəyinə inanır və bunun səbəbini təhsilin səviyyəsini yüksəltmək üçün muxtar respublikada həyata keçirilən tədbirlərdə görür.
Kənd əhalisinə tibb xidməti göstərən feldşer-mama məntəqəsi də məktəb binasında yerləşir. Həmin məntəqə üçün burada 2 otaq ayrılıb.
Nürgüt kəndində aparılan quruculuq işləri zamanı əhalinin gündəlik məişət tələbatının ödənilməsi də diqqət mərkəzində saxlanılıb və yeni xidmət mərkəzi tikilib. Qeyd edək ki, xidmət mərkəzində bərbərxana, gözəllik salonu, ət satışı yeri və ərzaq mağazası fəaliyyət göstərir. Mağazada muxtar respublikamızda istehsal olunan keyfiyyətli ərzaq və sənaye məhsullarının satışına daha çox üstünlük verilir. Kənd sakinləri burada həyata keçirilən kompleks quruculuq və abadlıq işlərini ölkəmizdə, eləcə də muxtar respublikamızda insan amilinə verilən qiymətin ifadəsi kimi dəyərləndirirlər.
Kənddə yaradılan belə şərait insanların qurub-yaratmaq əzmini daha da artırır. Nürgütdə bu gün hər bir kənd sakini göstərilən dövlət qayğısını öz həyatında hiss edir.
Kənd ağsaqqalı İsmayıl Haqverdiyev də Nürgütdə yaradılan şəraitdən razılıqla danışır. Deyir ki, evində fasiləsiz mavi yanacaq şölələnən, işığı daim yanan, telefon, internet xidmətindən istifadə edən, rahat yoldan və səhiyyə xidmətindən yararlanan, uşağı abad məktəbdə təhsil alan hər bir sakin doğma yurd-yuvasının müasir yaşayış məntəqəsinə çevrilməsindən qürur duyur.
Kəlbəcər rayonundan kənd məktəbində könüllü işləməyə gələn Elşad İsmayılov deyir ki, digər bölgələrdən buraya üz tutan gənc müəllimlərin yaşayıb fəaliyyət göstərmələri üçün də Nürgütdə hərtərəfli şərait yaradılıb. Bu gün burada ölkəmizin digər regionlarından gələn neçə-neçə gənc müəllim çalışır. Artıq 5 ildir ki, mən də Nürgüt kənd tam orta məktəbində pedaqoji fəaliyyətlə məşğul oluram. Bu diyarın torpağı, suyu, təbiəti mənə ana yurdum Kəlbəcəri xatırladır. Buz kimi bulaqları, hay-haraylı çayları, uca dağları, ən əsası insana candan yanan mehriban, səmimi, qonaqpərvər insanları... Burada yaşamaq, öyrətmək, öyrənmək, gəzmək, eyni zamanda bu yurdun insanlarını yaxından tanımaq mənə o qədər xoşdur ki... Burada yaşadığım müddətdə görürəm ki, Naxçıvan hər keçən gün daha da inamla inkişaf edir, yenilənir, çiçəklənir. Hər şeydən əvvəl, buradakı sakitlik, əmin-amanlıq insanların firavan həyat yaşamalarına vəsilə olur. Elə bu səbəbdən burada yaşamaqdan məmnunluq duyuram.
Nürgütdə olarkən bir daha gördük ki, Naxçıvanda bu gün ən ucqar dağ kəndləri belə, müasirliyə qovuşub.
Gülcamal TAHİROVA