23 Dekabr 2024, Bazar ertəsi

Şərq ölkələrinin qiymətli bitkisi sayılan püstə, ölkəmizin subtropik zonalarında saqqızağacı və ya kütyarpaq püstə kimi yabanı formada geniş ərazilərdə yayılıb. Lakin buna baxmayaraq, peşəkar bağbanlar tərəfindən mədəni halda da becərilən növlərdən istifadə edilərək geniş bağlar salınır. Tədqiqatçıların apardıqları ekspedisiyaların nəticələri göstərir ki, Azərbaycanda, əsasən, Kür-Araz düzənliyində, Eldaroyuğu dağında, Alazan-Əyriçay vadisi meşələrində dəniz səviyyəsindən 600 metr yüksəkliyədək ərazilərdə daha geniş yayılıb. Məlum mənbələrdən aydın olur ki, püstənin yayıldığı geniş sahə Sultanbud meşə yaylası və Türyançay Dövlət Qoruğu ərazisidir. 

Naxçıvan Muxtar Respublikasında isə ilk dəfə 1978-ci ildə indiki Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Ordubad dayaq məntəqəsində (Əndəmic kəndi) sınaq üçün tinglər əkilmişdir. Burada aparılan tədqiqat işlərinin nəticəsi göstərmişdir ki, istər əkilib-becərilməsi baxımından, istərsə də məhsul istehsalı baxımından Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da püstə yetişdirmək mümkündür. Hazırda Ordubad rayonunun bəzi fərdi təsərrüfatlarında tək-tək püstə ağaclarına rast gəlinir. Bu bitki toxumları və calaqetmə yolu ilə artırılır.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Ədalət Hüseynovla söhbətimiz zamanı o bildirdi ki, püstə sumaqkimilər fəsiləsindən olan pistaciaveral cinsidir. Mil kökləri torpağın 6-7 metr dərinliyinədək işlədiyindən daşlı, gilli, hətta şoranlığa meyilli torpaqlarda belə, bol məhsul verir. O, quraqlığa dözümlüdür, uzunömürlükdə çinarı da üstələyən, 700 ildən 1500 ilədək yaşayan nadir bitkilərdəndir. Yaşlı ağaclardan 70-80 kiloqram məhsul götürülür. Abşeronda Buzovna, Bülbülə sortları 150 kiloqramadək bar verir. Ədalət Hüseynov onu da qeyd etdi ki, püstə ağacının kök sistemi ikimərtəbəli olduğundan, mil köklər dərinə işləyir, üst köklər isə torpağın qar-yağış səthinə yaxın əmici tellərlə nəmliyi yaxşı mənimsədiyindən Naxçıvan-Sədərək avtomobil yolunun, Duzdağ massivinə yaxın sahələrdəki torpaqları püstə əkmək üçün əlverişlidir. Püstənin güclü kök sistemi inkişaf etdikcə gövdəsindən hətta 50 metrədək uzaqlaşır, özünə qida və rütubət axtarır. Başqa ağaclarla müqayisədə onun cəviz ağacı ilə oxşarlıqları çoxdur. Yaxşı qulluq edildikdə püstə ting əkinindən 5 il sonra bara düşür, ağacın hündürlüyü 3-4 metrdən 8 metrədək çata bilir. Yarpaqları qalın dərili, seyrək çətirlidir. Xəstəlik və ziyanvericilərə qarşı dözümlüdür. Aprel-may aylarında çiçəkləyir, meyvəsi avqustda yetişir. Bitkinin biomorfoloji xüsusiyyətlərini səciyyələndirən əlamətlərdən biri də odur ki, gecböyüyən, uzunömürlü olmaqla, digər qərzəkli və subtropik bitkilərlə müqayisədə quraqlığa çox davamlıdır. Bu da kəskin kontinental iqlimə malik muxtar respublikamızda bitkinin yetişdirilməsinə əlverişli şərait yaradır. Püstənin meyvəsi cəviz, fındıq, badam, şabalıd kimi bərk qutucuq içərisindədir. Nisbətən irimeyvəli sortları yetişəndə ağzı partlaq olur. Bu da qabığın asanlıqla ayrılmasına imkan verir. Meyvəsinin içi nazik, yaşıl pərdəli olur. Tərkibində mədə-bağırsaq, qaraciyər xəstəliklərinin ən faydalı məlhəmi olan 60 faizədək yağ, 25 faizədək zülal, 17 faizədək azotsuz ekstrativ maddələr var. Qovurulduqda dadlı çərəz kimi süfrələrin bəzəyidir.
Ədalət Hüseynov onu da bildirdi ki, bu bitki generativ üsulla (toxumla) təbii halda çox zəif çoxalır. Bunun bir səbəbi də odur ki, toxumları çöl quşları və heyvanları tərəfindən yeyilir. Yabanı formada geniş yayılan ərazilərdə əhali meyvəsini toplayıb ev quşlarının yemləndirilməsində istifadə edirlər. Püstənin yarpağında 15-21 faiz, zədələnən budaq və yarpaqlarda əmələ gələn gözcüklərdə isə bəzən 50 faizə qədər aşı maddəsi olur. Həmin maddədən gön-dəri aşılanmasında, ipək və yun parçaların rənglənməsində, xüsusən xalçaçılıqda müxtəlif (çəhrayı, qara, göyümtül və sair) rənglərin alınmasında istifadə edilir. Ədalət Hüseynov bitkinin maraqlı xarakterik xüsusiyyətlərindən danışarkən dedi ki, püstə çarpaz tozlanan entomofil bitkidir. Həşəratların, əsasən, arıların vasitəsilə tozlanır. Özü-özünü mayalandırmayan steril bitki olduğuna görə birsortlu əkinlərdə meyvə vermir. Əsas sort tozlayıcısı lazımdır. Ona görə də püstə bağlarında eyni vaxtda çiçəkləyən ən azı iki tozlayıcı sort əkmək lazımdır. Aparılan təhlillərin nəticəsi göstərir ki, muxtar respublikada ilkin sınaq əkinlərinin keçirilməsi, Kəngərli rayonunun Böyükdüz, Şahbuz rayonunun Badamlı, Şada, Ordubad rayonunun Kotam, Əylis, Culfa rayonunun Gülüstan, Camaldın, Ərəzin, Babək rayonunun Nəcəfəlidizə, Pircüvar massivində, Şərur rayonunun Tənənəm düzü massivindəki kənd təsərrüfatına az yararlı torpaqlarda daha məqsədəuyğundur. Naxçıvan şəraitində püstə bağının salınması üçün optimal müddət, əsasən, yazda mart ayının üçüncü ongünlüyüdür. Adətən əkildikdən 5 il sonra məhsul verir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Elçin Kazımovun verdiyi məlumata görə, cari ilin yaz əkini mövsümündə muxtar respublika ərazisində 225 hektar sahədə yeni meyvə bağları salınıb, meşəsalma və meşəbərpa tədbirləri həyata keçirilib. Aparılan yaşıllaşdırma tədbirlərində 200 mindən çox meşə, meyvə tingləri, həmişəyaşıl ağac, bəzək və gül kolları əkilib. Tingçilik təsərrüfatlarında 450 mindən çox əkinəyararlı ting yetişdirilib.
Naxçıvan-Sədərək avtomobil yolunun Kəngərli rayonu ərazisindən keçən hissəsində salınmış 100 hektarlıq püstə bağında da mövsümə uyğun olaraq işlər görülür. Burada dibçəkdə olan püstə tingləri ilə bərpa aparılır, ağaclara aqrotexniki qaydada qulluq edilir, damcı üsulu ilə suvarılır.
Qeyd edək ki, bu il püstə bağında cərgələrarası şum aparılıb, bağın ətrafında 2 hektardan artıq alma bağı salınıb. Burada da yeni əkilmiş ting­lərə qulluq edilir. Hazırda yaşıllıq zolaqlarında, meşə massivlərində becərmə işləri davam etdirilir.
Heç şübhəsiz ki, ilk dəfə olaraq kütləvi şəkildə Naxçıvan torpağında sənaye üsulu ilə salınan püstə bağının bara düşməsindən sonra qənnadı, boyaq və ağac emalı sənayesi üçün lazımi xammal mənbəyi yaranacaq. Püstədən alınan ətirli qatran həmişə diqqəti cəlb etmişdir. Belə ki, bu qatran növündən tibdə daxili yaraların sağalmasında, mədə-bağırsaq xəstəliklərinin müalicəsində, yüksəkkeyfiyyətli boya, rəng hazırlanmasında istifadə edilir. Adi püstənin meyvəsindən alınmış yağ zeytun yağına bərabərdir. Bu yağdan vərəm və ciyər xəstəliklərində şəfaverici vasitə kimi istifadə olunur, eyni zamanda ürək fəaliyyətinin nizamlanmasına müsbət təsir göstərir.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR