Ölkəmizdə həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri də sənaye məhsulları istehsalı ilə regionların tarazlı inkişafına, o cümlədən yerli istehsal və əmək potensialından səmərəli istifadə etməklə ixracyönümlü hazır məhsul istehsalına nail olmaqdan ibarətdir. Çünki enerji və ərzaq təhlükəsizliyi ilə bərabər, sənaye məhsulu istehsalı da ölkənin iqtisadi təhlükəsizliyinin əsas şərtlərindən biridir.
Milli iqtisadiyyatımızın hazırkı dövründə mövcud sənaye imkanlarından maksimum yararlanmaq, dinamik məhsul istehsalında dayanıqlılığı təmin etmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir. Regional inkişafa göstərilən bu diqqət ölkəmizin bütün regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında da sənayenin inkişafına imkan verib. Aparılmış məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada çörəkbişirmə, şəkər, mineral su, spirtli içkilər, siqaret, pivə, plastik qapı və pəncərə, plastik su boruları, hörgü və döşəmə üçün kərpic, üzlük daş, gips, gips lövhələr, əhəng, məsaməli beton, karbon qazı, metaləritmə və onlarla digər istehsal sahələri yaradılıb. Nəticədə, muxtar respublikada sənayenin müxtəlif sahələrinin inkişaf etdirilməsinə yönəlmiş kompleks tədbirlər bu sahədə müsbət nəticələrin əldə edilməsinə səbəb olub. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2017-ci ilin yanvar-oktyabr aylarında 2 milyard 112 milyon 48 min 200 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz artaraq 4686,2 manata çatıb.
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində də ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 808 milyon 516 min 800 manat dəyərində məhsul istehsal edilib ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 1,5 faiz üstələyir.
Xəbərlər şöbəsi