Naxçıvan şəhərindəki “İmamzadə” Kompleksində təmir-bərpa işləri davam etdirilir.
İlkin mərhələdə bərpaçılar tərəfindən türbənin fasad və daxili hissəsində divarlar köhnə üzlük boya və materiallardan təmizlənib, tarixi tikilinin aşağı hissəsinin rütubətdən qorunması üçün betonlama işləri həyata keçirilib. Bundan başqa, türbənin arxa hissəsindəki torpaq qatı götürülüb, istinad divarları yaradılıb, yağış sularının buraya zərər verməməsi üçün sistemlər quraşdırılıb.
Obyektin iş icraçısı Fəxrəddin Əliyev bildirdi ki, ətrafda bərkitmə başa çatdırıldıqdan sonra abadlıq işlərinə start verilib, burada müasir işıqlandırma sistemləri qurulub, əraziyə yeni dizayn verilib, günbəzlər parlaq sarı və yaşıl rəngli materialla işlənib. Bundan başqa, türbənin daxilində və xaricində bərpa işləri həyata keçirilib. Hazırda kompleksə daxil olan tikililərdə təmir-bərpa işləri davam etdirilir, əraziyə buta formasında kilid daşlar düzülür.
Təmir-bərpa işləri başa çatdırıldıqdan sonra “İmamzadə” Kompleksinin ərazisi şəhərimizin İslam mədəniyyətinə aid ən görməli yerlərindən birinə çevriləcək. Bu isə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə əlaqədar görülən işlərin tərkib hissəsi kimi də əhəmiyyətlidir.
Qeyd edək ki, qədim və zəngin tarixi keçmişi ilə fərqlənən Naxçıvan çoxsaylı abidələr diyarı kimi tanınır. Bu mühüm maddi və mənəvi sərvətlərimizin sırasında muxtar respublikanın müxtəlif bölgələrində yerləşən imamzadələrin özünəməxsus əhəmiyyəti, xüsusi yeri vardır. Naxçıvanın on üç əsrdən artıq bir dövrünü özündə təcəssüm etdirən bu dəyərli abidələr yalnız ölkəmizin deyil, bütövlükdə, müsəlman Şərqinin qədim sənətkarlıq, xüsusilə də memarlıq ənənələrinin, çoxəsrlik tarixi keçmişinin yadigarlarıdır.
Xəbərlər şöbəsi