Son illərdə muxtar respublikada balıq və digər su resurslarının artırılması, bərpası, mühafizəsinə xüsusi diqqət yetirilir. Hazırda Naxçıvanda balıq və digər su bioresursları, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlər əmtəə məhsulu əldə edilməsi məqsədilə balıqçılıq su obyektlərində artırılır, süni və təbii göllərdə dünya təcrübəsinə əsaslanmaqla balıq yetişdirilir. Əvvəllər “akvakultura” adlanan göl balıqçılığı diqqətdən kənarda qalmışdısa, indi bu balıqçılıq növünə də xüsusi diqqət yetirilir, balıq yetişdirən və balıqçılıq məhsulları istehsal edən müəssisələr formalaşır. Artıq muxtar respublikada 15 balıqçılıq təsərrüfatı fəaliyyət göstərir. Görülən işlər dövlətimizin bu sahəyə diqqət və qayğısından xəbər verir.
Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında balıqçılıq sahəsinin inkişaf etdirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Məhz bunun nəticəsidir ki, 2 il bundan öncə – sentyabr ayının 10-da muxtar respublika rəhbərinin iştirakı ilə Naxçıvan “Balıqçılıq Təsərrüfatı” üçün yeni kompleks istifadəyə verilib, bununla da, əhalinin keyfiyyətli balıq məhsulları ilə təminatı sahəsində əhəmiyyətli dəyişikliklər olub.
Oktyabr ayından etibarən balıq ovu mövsümünün başlanması ilə balıqçılar Araz çayında ova çıxıblar. Bunun nəticəsidir ki, indi mağazalarda sərfəli qiymətə müxtəlif növ təzə balıq almaq mümkündür. Bu sahədə görülən işlərlə tanış olmaq üçün Naxçıvan “Balıqçılıq Təsərrüfatı”na yollandıq.
Naxçıvan şəhərində Araz çayına yaxın bir ərazidə yerləşən kompleksdə öyrəndik ki, sovetlər dövründə yarıtmaz binalarda, köhnə avtomobillərlə və kiçik imkanlarla fəaliyyət göstərən kollektiv üçün müasir tələblər səviyyəsində şərait yaradılıb, balıqçılığın inkişaf etdirilməsi məqsədilə geniş imkanlar açılıb. Hazırda kompleksdə qapalı hovuzlarda 100-110 min arasında müxtəlif növ balıq yetişdirilir. Hovuzlara daimi su giriş-çıxışı təmin edilib, bunun üçün müasir avadanlıqlar quraşdırılıb. Kürülər xüsusi qablarda mayalandıqdan bir müddət sonra kiçik balıqlar hovuzlara tökülür, gündə bir neçə dəfə keyfiyyətli yemlə qidalandırılır. Çətin proses olsa da, bu işə cavabdeh olan Novruz Məhərrəmov və Məhərrəm Səfərov bildirdilər ki, yaradılan şərait bütün çətinliklərin öhdəsindən gəlməyə imkan verir. Balıqlar müəyyən ölçüyə və çəkiyə çatdıqdan sonra Heydər Əliyev Su Anbarı, Araz, Arpaçay və Uzunoba Su anbarları kimi iri su hövzələrinə buraxılacaq, adıçəkilən su mənbələrinin müxtəlif balıq növləri ilə zənginləşdirilməsi təmin ediləcəkdir.
Hazırda şəhərdə keçirilən kənd təsərrüfatı yarmarkalarında adıçəkilən təsərrüfat fəal iştirak edir, işçilər əhalinin təzə balıq məhsullarına olan tələbatını təmin etmək üçün səy göstərirlər. Su hövzələrindən tutulan çəki, suf, xəşəm, naxa, qalınalın, dabanbalığı kimi balıq növlərinin satışı üçün gündəlik ovlanan balıq Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində laboratoriya analizindən keçdikdən sonra satışa göndərilir. Təzə balığın satış məntəqələrinə çatdırılması üçün “Hyundai” markalı avtomobil və 2 ton tutumlu soyuducu kamera vardır. Təsərrüfatda yeni ov mövsümündə, sentyabr-oktyabr ayları ərzində 61 min 750 manatlıq balıq ovlanıb.
Qeyd edək ki, Naxçıvan Balıqçılıq Təsərrüfatında 35 nəfər işlə təmin olunub. Balıq ovu mövsümündə iqlim şəraitinə görə işçilər lazımi avadanlıq və xüsusi geyimlərlə təmin olunur, onların təhlükəsizliyi diqqət mərkəzində saxlanılır. Balıqçılardan Zaur Novruzov, Kazım Gözəlov, Nurəddin Məmmədov, İlham Abbasov və başqaları işlərində xüsusilə fərqlənirlər. Onlarla söhbət zamanı bildirdilər ki, balıqçılıq çətin peşə olsa da, yaradılan imkanlar bütün bu çətinliklərin öhdəsindən gəlməyə imkan verir. İstənilən hava şəraitində işləmək üçün vasitələrimiz vardır. Ailəmizin gün-güzəranı da buradan çıxır. Çox minnətdarıq ki, bizim üçün bu cür şərait yaradılıb. Bir də ona diqqət yetiririk ki, bol qazanc üçün kiçik və lazımi çəkiyə uyğun gəlməyən balıqları ovlamayaq. Axı bu sərvət təkcə bu gün deyil, gələcəkdə də insanların karına gələcək.
Sonda onu da qeyd edək ki, balığın çox vacib bir qida olmasının səbəbi onun özündə həm insan orqanizmi üçün zəruri olan maddələri ehtiva etməsi, həm də onu müxtəlif xəstəlik risklərindən mümkün qədər uzaqlaşdıracaq xüsusiyyətə malik olmasıdır. Bu canlının ümumi şəkildə göstərdiyimiz faydalı cəhətlərinə hər ötən gün yeniləri əlavə olunur. Balığın faydalarını ortaya çıxarmaq alimlərin inkişaf etmiş texnoloji imkanlarla təchiz olunmuş tədqiqat mərkəzlərindən istifadə etməsi ilə mümkün olub. Bu cür dəyərli qida mənbəyinə “Qurani-Kərim”də işarə edilməsi və “Kəhf” surəsində yorğunluğu aradan qaldıran bir qida kimi təqdim olunması da, əlbəttə, çox hikmətlidir. Muxtar respublikanın su hövzələri ilbəil bu dəyərli canlılarla zənginləşdirilir. Bu da onu deməyə əsas verir ki, süfrəmizi həmin ləziz nemətlə bəzəməyə hələ uzun illər imkanımız olacaq.
Səbuhi HÜSEYNOV