23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvanlı sahibkarların bu sahədə geniş imkanları var

Ümummilli lider Heydər Əliyev sahibkarlığın bazar iqtisadiyyatı şəraitində iqtisadi tərəqqiyə verdiyi töhfəni böyük uzaqgörənliklə dəyərləndirmiş, məhz dahi şəxsiyyətin rəhbərliyi ilə ölkəmizdə sistemli tədbirlər həyata keçirilmiş, makroiqtisadi sabitliyə nail olunması üçün özəl sektorun formalaşması istiqamətində hüquqi baza yaradılmışdır. Bunun nəticəsidir ki, ölkəmizdə, həmçinin muxtar respublikamızda sahibkarlıq mühiti ildən-ilə genişlənir və inkişaf edir. 

Təbiidir ki, sahibkarlıq fəaliyyəti zaman-zaman yeni bazar tələbləri ilə qarşı-qarşıya qalır. Bu tələblərin düzgün dəyərləndirilməməsi gələcəkdə iqtisadi çoxşaxəliliyin təmin edilməsinə də əngəl törədə bilər. Bu mənada, dinamizm, təşəbbüskarlıq, yenilik sahibkarlıq fəaliyyətində önəmli məsələlərdən hesab edilir. Biznesdə inkişafın bir çox uğurlu istiqamətləri vardır. Keyfiyyət, rəqabət, münasib qiymət, etibarlılıq və sair uğurlu biznesin əsas şərtləridir desək, yanılmarıq. Çünki hər bir sahibkar istehlakçının etibarını qazanmağa çalışır ki, daha böyük satış bazarı əldə etsin. Bunu isə sağlam rəqabət, keyfiyyətli məhsul, münasib qiymətləndirmə aparmaqla əldə etmək mümkündür. Müasir biznesdə uğurlu mübarizə yollarından biri də brendinq siyasətidir, daha doğrusu bu, siyasətin düzgün aparılmasıdır. Çünki istehlakçı düşüncəsində hər zaman müsbət emosiya yaratmaq asan deyil.

Oxucularımız üçün asan anlaşılsın deyə, bunu belə ifadə edək: Brend məhsul o məhsuldur ki, sahibinə, sadəcə, pul qazandırmır, həm də istehlakçıya “dəyər”, “status” satır. Məsələn, “Ankor” dedikdə hər birimizin gözləri önündə Yeni Zelandiya, təbiət mənzərələri, fermer həyatı, “Mercedes” dedikdə keyfiyyətli və rahat avtomobil, “Apple” dedikdə yüksək texnologiyaya malik elektronika məhsulları və sair canlanır. Bu məhsulların heç biri Azərbaycanda istehsal olunmayıb. Ancaq digər ölkə­lərin vətəndaşları kimi, biz də bu məhsulların keyfiyyətinə böyük dəyər veririk. Ona görə ki, bunlar brend məhsullardır və o şirkətlər inkişaf etdikcə, istehsal etdikləri məhsullar da düşüncəmizdə elə qalacaq. Buna görə də brendin izahında ən əsas faktor istehlakçı düşüncəsində, yaxşı mənada, özünə yer tutmaqdır. Yuxarıda adıçəkilən, eləcə də dünyada tanınmış digər məhsullar birdən-birə brendə çevrilməyib. Bu məhsulların istehsalında, tanıdılmasında, istehlakçıya ən yüksək səviyyədə çatdırılmasında işə hədsiz sevgi, böyük zəhmət və güclü təbliğat əsas rol oynayıb. İstər avtomobil, istər məişət əşyası və ya qida növü – brend məhsullar həmişə digər məhsullardan bir neçə pillə yüksəkdə dayanır. Hətta onların keyfiyyəti bərabər səviyyəli olsa belə. Dünyada brendlərin yaranma tarixi müxtəlif olsa da, onları birləşdirən bir ortaq nöqtə var. Bu, istehsalçının məhsula əlavə etdiyi dəyər və bu dəyərin müştəri üçün kəsb etdiyi mənadır. Məsələnin digər tərəfi ondan ibarətdir ki, brend məhsullar aid olduğu ölkəyə təkcə maddi xeyir vermir, həm də onun tanıdılmasına, təbliğinə, nüfuz qazanmasına şərait yaradır.
Uzağa getməyək, təkcə “Samsung” brendinin məhsulları bu gün avropalı ailələrin məişətinə, sözün əsl mənasında, nəzarət edir. Və yaxud, Rusiyanın məşhur “Maşa və ayı” brendi hər il sahibinə milyardlarla dollar gəlir gətirir. Son illərdə “Rusiyanın ən yaxşı ixrac məhsulu” adını alan bu cizgi filminin təkcə 2012-ci ildə istehsalından və xidmətlərindən qazancı 15 milyard dollardan çox olmuşdur. Rusiyada 2009-cu ildən, qonşu Türkiyə Respublikasında isə 2016-cı ildən yayımlanan həmin cizgi filmi hazırda dünyanın 120-dən çox ölkəsində yüz milyonlarla ailəyə “icazəsiz” daxil olaraq 5-10 yaşlı uşaqların qonağı olur. Bəs necə olur ki, dəcəl qız uşağı və ayı sahibinə (ölkəsinə) bu qədər pul qazandırır? Əlbəttə, brend məhsul olmasına görə. Ancaq bu məhsulun məqsədi, sadəcə, pul qazanmaqdırmı? Əlbəttə, xeyr. Baxanlar bilir, burada rus musiqilərindən tutmuş milli yeməklərinə, buz xokkeyinə qədər rus məişətinə, həyat tərzinə aid bir çox səhnələr var. Elə brendin gücü də klassik rus mədəniyyətini “dəcəllik” və “mehribançılıq” identifikasiyası altında təbliğ etməyindədir.
Bu misalları sadalamaqda məqsədimiz odur ki, yerli brend məhsullarımızın yaradılması və təbliği hazırda qarşımızda dayanan ən vacib məsələdir. Son dövrlərdə ölkə başçısının tapşırığı ilə “Made in Azerbaijan” brendinin yaradılması ilə bağlı atılan addımlar, xüsusilə xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsi, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinin inkişaf etdirilməsi bu istiqamətdə həyata keçirilən mühüm tədbirlərdəndir. Bu, o deməkdir ki, ölkəmizin iqtisadi gücünü artırmaq üçün güclü brendlərə sahiblənməyimiz lazımdır. Artıq muxtar respublikamızda da bu istiqamətdə tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Ötən il muxtar respublikamızda “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması bu işin başlanğıcı kimi dəyərləndirilə bilər. Cəmiyyətin yaradılmasında əsas məqsəd muxtar respublikada istehsal olunan məhsulların daxili bazarda dövriyyəsini təmin etməkdən ibarətdir. Müəssisənin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “...Bu gün muxtar respublikada 150-dən çox qapalı və dövlət tərəfindən təminatı həyata keçirilən müəssisələr vardır. Bu müəssisələrin ərzaq məhsulları ilə təchizatının əsas hissəsi idxal hesabına həyata keçirilirdi. Lakin “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasından sonra qapalı müəssisələrin təminatının idxal hesabına ödənilməsinin qarşısı alınmış, bu müəssisələrin tələbatının tamamilə yerli məhsullar hesabına ödənilməsi təmin edilmişdir. Muxtar respublikada həyata keçirilən bu tədbirlər daxili bazarda yerli istehsalın həcminin artmasına, yeni iş yerlərinin yaradılmasına, dövlət vəsaitlərinin ölkə daxilində qalmasına və səmərəli istifadəsinə imkan verdi. Dövlət vəsaitinin ölkə daxilində dövr etməsi isə daxili bazarın qorunmasına və insanların rifahının yaxşılaşdırılmasına xidmət edir. Daxili bazarın və dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatların ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi, muxtar respublikada istehsal olunan məhsulların Naxçıvan brendi ilə xarici bazarlara çıxarılması və tanıdılması müəssisənin qarşısında duran növbəti vəzifələrdir”.
Bu gün Naxçıvanın dünya bazarlarına çıxacaq yüksək rəqabət qabiliyyəti ilə seçilən məhsulları var. Ordubadın özünəməxsus meyvələrindən hazırlanmış mürəbbələri, analoqu olmayan Naxçıvan göycəsi, dağların köksündən yüz illərdir, axan “Sirab”ı, “Badamlı”sı, yaxud müasir dünyada dəniz duzunun istehsalında tətbiq olunan texnoloji yenilik və əlavələrdən fərqli olaraq təbii Duz- dağı özü qədər böyük bir brendə iddialı deyilmi?
Bu məhsulların sırasını yenə artırmaq olar. Demək istədiyimiz odur ki, yerli sahibkarlarımızın brend məhsullar yaratmaq üçün geniş imkanları var. Unutmamalıyıq ki, brend məhsulun dəyərini, satış dövriyyəsini artırır, əsas bazara sahiblik edir, bazara yeni çıxmış rəqiblərə “əngəl yaradır”, məhsulun ömürlük satış agentidir və nəhayət, aid olduğu ölkə­nin keyfiyyət rəmzinə çevrilməklə dünya bazarında müəyyən istehlakçı kütləsinə nəzarət edir. Marketoloqların brendlə bağlı yaxşı bir sözü var: brend istehlakçıya verilən vəd və bu vədin daim yerinə yetirilməsidir. Çalışaq, yeni bazarlarda istehlakçılara yeni vədlər verək.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR