Son illər muxtar respublikamızda 60-dan çox müxtəlif təyinatlı tarix-memarlıq abidəsi, o cümlədən türbələr, məscidlər, xanəgahlar, hamamlar, buzxanalar orijinallığı saxlanmaqla yüksək səviyyədə bərpa olunub.
Şərur rayonu ərazisində mövcud olan tarixi-memarlıq abidələrinin bərpasına da xüsusi diqqət yetirilir. Məqsədyönlü və sistemli şəkildə aparılan bu işlər rayonun Yengicə kəndindəki qədim hamamı da əhatə edib.
Hazırda Yengicə hamamında bərpa işləri aparılır. Hamamın fasad hissəsində üzləmə işləri yekunlaşmaq üzrədir. Burada qırmızı kərpicdən istifadə edilir. Memar və ustalar hamamın ilkin quruluşunun qorunub saxlanılması üçün səy göstərir, milli memarlıq ənənələri əsasında bərpa işlərini davam etdirirlər. Dam örtüyü bərkidildikdən sonra isə günbəzlərin üzlənməsi nəzərdə tutulub. Hamamın daxilində də bərpa işləri aparılır. Bərpa işləri başa çatdıqdan sonra ətraf abadlaşdırılacaq, yenidən həyata vəsiqə alan tarixi abidə kəndin mənzərəsinə yeni çalarlar gətirəcəkdir.
Məlumat üçün bildirək ki, haqqında bəhs olunan hamam kəndin mərkəzində böyük bir ərazini tutan Çarşıbazarın başlanğıcında inşa olunub. Şərq memarlığı üslubunda inşa edilmiş bu hamam yerli əhalinin fikrincə, XVIII əsrdə əslən Şahtaxtı kəndindən olan Tovuz xanım adlı qadın tərəfindən tikdirilib. Yengicə hamamı müəyyən dağıntılara uğrasa da, zəmanəmizədək qismən salamat vəziyyətdə gəlib çatıb. Hamamın ümumi sahəsi 650, içərisinin sahəsi 545 kvadratmetrdir. Bina 19x19x5 santimetr ölçüdə bişmiş kərpiclə əhəng məhlulu istifadə olunmaqla tikilib. Zalları örtən sferik günbəzlər, girişdəki sadə formalı baştağ və digər xidməti otaqlar qismən dağıntıya məruz qalsalar da, hamamın daxili planı yaxşı vəziyyətdədir. Bu da hamamın ilkin quruluşunu hərtərəfli bərpa etməyə imkan verib.
Etnoqrafik materiallara əsaslanaraq demək olar ki, XX əsrin ortalarına qədər hamamdan Yengicə kəndi ilə birlikdə ətraf kəndlərin də əhalisi istifadə edib.
Ötən yüzilliyin sonlarından etibarən Yengicə hamamı fəaliyyətini dayandırmış, tədricən unudulmuş və dağıntılara məruz qalmışdı. Bu səbəbdən də onun bərpa və təmirinə ehtiyac yaranmışdı.
Ramiyyə ƏKBƏROVA