23 Dekabr 2024, Bazar ertəsi

Hər il soyuq qış ayları yaxınlaşdıqca yaxın keçmişdə enerji qıtlığından yaranan çətinliklər yada düşür, enerji istifadəsinə olan diqqət artır. Elə bütün dünyada da ənənəvi enerji ehtiyatlarının getdikcə tükənməsi ilə bərabər, insanların elektrik enerjisinə olan tələbatlarının artması müşahidə olunmaqdadır. Bu baxımdan inkişaf etmiş ölkələrdə enerji tələbatlarının ödənilməsini alternativ və bərpa olunan enerji mənbələri hesabına həll olunaraq bu sahədə mühüm nəticələr əldə olunub. Bu məsələyə diqqət, eyni zamanda ekoloji tarazlığın, insan sağlamlığının qorunması məqsədləri ilə izah olunur.

Ölkəmiz karbohidrogen ehtiyatları ilə zəngin olsa da, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə bizim üçün də prioritet məsələlərdəndir. Xüsusən Naxçıvan Muxtar Respublikasının blokada vəziyyətində olması burada ekoloji təmiz və alternativ enerji mənbələrindən istifadənin əhəmiyyətini ön plana çıxarır. Qısa müddət ərzində həyata keçirilən tədbirlər öz bəhrəsini verib və Naxçıvan enerji idxal edən regiondan, ixrac edən regiona çevrilib.
Dünyada alternativ enerjiyə keçidin mühüm səbəbləri vardır. Belə ki, Yer kürəsində enerjiyə olan tələb hər il orta hesabla 4-5 faiz artmaqdadır. Bununla bərabər, enerji sərfinin belə bir sürətlə artması ilə paralel olaraq, ənənəvi enerji daşıyıcılarının həcmi də sürətlə azalmaqdadır. Mütəxəssislərin hesablamalarına görə, dünyada neftin 30-40 illik, daş kömürün 80-100 illik, təbii qazın isə 100-120 illik ehtiyatı qalmışdır. Bundan əlavə, belə enerji mənbələrinin istifadə olunması ilə ətraf mühitin korlanması və qlobal istiləşmə daha çox problemlər yaradır. Bu isə, öz növbəsində, yeni alternativ enerji mənbələri üzərində işlərin sürətlənməsi və bərpa olunan enerji mənbələrindən istifadə məsələlərini ön plana çıxarır.

Naxçıvanda ekoloji təmiz və alternativ enerji ehtiyatları kimi hidroenerji, külək və Günəş mənbəli ehtiyatlar vardır. Hazırda muxtar respublikamızın elektrik enerjisinə olan tələbatının böyük bir hissəsi hidroenerji və Günəş Elektrik stansiyalarından ödənilir. Belə ki, bu ilin on ayı ərzində muxtar respublikanın elektrik şəbəkələrinə ötürülmüş 397 milyon 765 min 755 kilovat-saat elektrik enerjisinin 181 milyon 953 min 400 kilovat-saatı, başqa sözlə, 46 faizə yaxını məhz bu mənbələrin payına düşür. Naxçıvanda fəaliyyət göstərən Günəş Elektrik Stansiyası isə son illərdə Cənubi Qafqaz regionunda həyata keçirilmiş ən uğurlu alternativ enerji layihəsidir. Belə ki, bəhs olunan dövrdə Naxçıvan Muxtar Respublikasında istehsal olunan elektrik enerjisinin 27 milyon 519 min kilovat-saatı Naxçıvan Günəş Elektrik Stansiyasında istehsal edilib.
Hesablamalara görə, Günəşin bir ildə Yer kürəsinə verdiyi işıq enerjisinin yüzdə biri bəşəriyyətin bir neçə yüz ildə istifadə etdiyi enerjinin həcminə bərabərdir. Bundan başqa, Günəş enerjisi istifadə baxımından ekoloji cəhətdən ən təmizidir. Quraşdırılan bahalı avadanlıqlara baxmayaraq, onların az istismar xərcləri, ekoloji cəhətdən təmizliyi, bərpa olunan və ümumiyyətlə, tükənməyən olması Günəş enerjisinin istifadə olunmasının üstün cəhətlərindəndir. Belə ki, günəş panelləri uzun illər ərzində təmirə ehtiyacı olmadan istifadə oluna bilər. Məhz buna görə də muxtar respublikada istismarda olan 20 meqavat gücündə Günəş Elektrik Stansiyasının layihə gücü daha 2 meqavat artırılaraq istismara verilmişdir. Naxçıvanda günəşli günlərin sayının çox olmasını və su ehtiyatlarının da qeyri-stabil olduğunu nəzərə alsaq, onda Günəş Elektrik Stansiyasının iqtisadi dəyəri və enerji təhlükəsizliyindəki əhəmiyyəti bir daha aydın olur.
Ekoloji təmiz enerji mənbələrindən istifadə muxtar respublikamızın təbii sərvətlərinin iqtisadi dövriyyəyə cəlb olunmasının ən yaxşı yollarından biridir. Naxçıvanın hidroenerji potensialı ilə bərabər günəşli və küləkli günlərin sayı da bu potensialı artırır. Vaxtilə blokada vəziyyətinə salınmaqla əsas enerji və kommunikasiya əlaqələri kəsilmiş Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyi istiqamətində dövlətimizin həyata keçirdiyi məqsədyönlü işlər nəticəsində artıq regionda etibarlı enerji infrastrukturu yaradılmışdır. Nəticədə, yollarımız daha çıraqban, mənzillərimiz daha da işıqlı və istidir.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR