Naxçıvan Muxtar Respublikasında əhalinin etibarlı ərzaq təminatı istiqamətində həyata keçirilən tədbirlərin miqyası getdikcə artır. Belə tədbirlər taxılçılığın inkişafında özünü daha qabarıq şəkildə göstərir. Bunu cari ilin statistikası da təsdiq edir. Regionun torpaq mülkiyyətçiləri, sahibkarlar ötən ilin payızında və cari ilin yazında 2017-ci ilin məhsulu üçün 22 min 268 hektarı buğda, 9 min 364 hektarı arpa olmaqla, 31 min 632 hektar sahədə taxıl əkini həyata keçiriblər. Zəmilərə vaxtlı-vaxtında və aqrotexniki qaydalar əsasında qulluq edildiyindən taxılçılar bol məhsula sahib olublar. Belə ki, bu il sahələrdən 93 min 419 ton məhsul götürülüb. Bunun da 66 min 95 tonunu buğda, 27 min 324 tonunu arpa təşkil edir. Orta məhsuldarlıq 29,5 sentner olub. Bundan ruhlanan torpaq mülkiyyətçiləri 2018-ci ilin bol məhsulunun əsasını qoymaqdadırlar. Noyabr ayının 20-nə olan məlumata görə, 23 min 414,5 hektar sahədə səpin aparılıb. 17 min 574 hektar sahədə buğda, 5 min 840,5 hektar sahədə arpa əkilib. Taxıl əkinində Babək və Şərur rayonları irəlidə gedir.
Sahələrdə şum qaldırılması və taxıl əkini davam etdirilir.
Xəbərlər şöbəsi