Daxili bazarı yüksəkkeyfiyyətli yerli ərzaq məhsulları ilə təmin edən müəssisələrdən biri də “Ləzzət Broyler” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Dövlət qayğısından bəhrələnən bu müəssisəyə Sahibkarlığa Kömək Fondundan 2012-ci ilin may ayında 400 min manat, dekabr ayında isə 650 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir. Ətlik istiqamətli quşçuluq təsərrüfatının yaradılması üçün Babək rayonunun Kərimbəyli kəndində 20674 kvadratmetr, kəsim və paketləmə üçün isə Hacıvar kəndində 5013 kvadratmetr torpaq sahələri ayrılmışdır.
Quşçuluq təsərrüfatında quşların bəslənilməsi üçün 5 sex inşa olunmuşdur ki, onlardan biri 30 min, qalan dördünün isə hər biri 20 min baş quş tutumuna malikdir. Həmin sexlərdə Türkiyənin “Tavsan” firmasının istehsalı olan kompüter idarəetmə mərkəzi ilə təmin olunmuş müasir texnoloji avadanlıqlar quraşdırılmış, quşların yemlənməsi və suvarılması üçün tam avtomatlaşdırılmış xətt istifadəyə verilmiş, isitmə və soyutma sistemi yaradılmışdır. Quşlar müəyyən olunmuş temperaturda 45-50 gün müddətində qapalı şəraitdə bəslənilir, onlara baytar həkim tərəfindən nəzarət olunur.
Quşların kəsimi və paketlənməsi üçün də lazımi şərait yaradılmış, Hacıvar kəndində ayrılmış ərazidə istehsal sahələri, müxtəlif temperatura malik soyuducu anbarlar, iş otaqları tikilib istifadəyə verilmişdir. Türkiyə Respublikasından alınmış avadanlıqlarla təmin edilmiş, istehsal gücü saatda 1500 baş quş kəsimi olan, sanitar-gigiyenik qaydalara və texnoloji proseslərə ciddi əməl olunan müəssisədə quşların bəslənilməsindən tutmuş satışa çıxarılmasınadək bütün texniki normalara ciddi riayət olunur. Quşların kəsilməsi qaydalara uyğun şəkildə aparılır, 6 mərhələdə təmizləmədən sonra quş əti çeşidlənərək 10 çeşiddə “Ləzzət broyler” əmtəə nişanı vurulmuş xüsusi paketlərə yığılır. Hər bir paketin üzərində toyuq ətinin çəkisi, istehsal tarixi, saxlanma şəraiti və istifadə müddəti göstərilir. Sonrakı mərhələdə isə məhsul hər birinin tutumu 5 ton olan 2 ədəd xüsusi soyuducuda 8-10 saat müddətində mənfi 40-45 dərəcə temperaturda dondurulur və hər birinin tutumu 50 ton olan 3 ədəd soyuducuda mənfi 18 dərəcədə saxlanılır. Buradan isə sifarişə uyğun ayrı-ayrı ticarət obyektlərinə yola salınır. Babək rayonunun Kərimbəyli kəndində ətlik istiqamətli quşçuluq təsərrüfatında və kəsim, paketləmə istehsalı sahəsinin yerləşdiyi Hacıvar kəndində olarkən sanitar-gigiyenik qaydalara və texnoloji proseslərə ciddi əməl olunan müəssisədə quşların bəslənilməsindən tutmuş satışa çıxarılmasınadək bütün texniki normalara ciddi riayət olunduğunu gördük.
Onu da qeyd edək ki, “Ləzzət broyler” MMC daxili bazarda yüksəkkeyfiyyətli quş ətinə olan tələbatı ödəməklə yanaşı, əhalinin məşğulluğunun təmin olunmasında da rol oynayır. Müəssisədə normal iş şəraiti yaradılıb, işçilər xüsusi geyim formaları, yüksək əməkhaqqı və servis xidməti ilə təmin olunublar.
Ramiyyə ƏKBƏROVA