Naxçıvan Muxtar Respublikasında tarixən aqrar sektorun inkişafı, təmiz havası və suyu, qədim təsərrüfatçılıq ənənələri burada özünəməxsus dadı və tamı olan meyvə və tərəvəz növlərinin yetişdirilməsinə imkan verir. Təbii ki, bu özünəməxsusluq zaman-zaman buradakı kənd təsərrüfatı məhsullarının ixracında da mühüm rol oynayıb, Naxçıvanın zəhmətkeş insanları yerli məhsulların əkilib-becərilməsinə daha çox maraq göstəriblər. Son illərdə muxtar respublikada bütün sahələrə göstərilən əsaslı və müsbət yanaşma kənd təsərrüfatında da özünü büruzə verib. Xüsusilə muxtar respublikada meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Naxçıvanın torpaq-iqlim şəraiti müxtəlif giləmeyvə və meyvə ağaclarının inkişafı, bol və yüksəkkeyfiyyətli məhsul verməsi baxımından olduqca əlverişlidir. Burada düzən, dağətəyi və dağlıq ərazilərdə alma, armud, şaftalı, gavalı, alça, badam, cəviz və sair meyvə bağlarının salınması üçün münbit ekoloji mühit mövcuddur. Muxtar respublikada meyvəçilik və tərəvəzçiliyin inkişafını diqqət mərkəzində saxlamaq, məhsul istehsalını daha da artırmaq üçün ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən adıçəkilən sahələrin inkişaf etdirilməsi ilə bağlı ikinci dəfə növbəti dövlət proqramı təsdiq edilib. Belə ki, Ali Məclis Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın qəbul edilməsi muxtar respublikada aqrar sektorun bu vacib və iqtisadi cəhətdən səmərəli sahələrinin inkişaf etdirilməsində yeni mərhələnin başlanmasına şərait yaradıb. Əvvəlki proqramda olduğu kimi, bu dövlət proqramında da meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı qarşıya konkret vəzifələr qoyulub. Bəs ötən müddət ərzində bu sahədə hansı işlər görülüb?
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə, ötən dövrdə muxtar respublikanın torpaq-iqlim şəraitinə uyğunlaşmış, yüksək məhsuldarlığa malik 372 meyvə sortunun və “Araz” Elm-İstehsalat Birliyinin kolleksiya bağında 54 üzüm sortunun genetik fondu toplanmışdır. Bu dövrdə tərəvəz əkini sahələrinin genişləndirilməsinə diqqət artırılmış, muxtar respublikada 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin ötən dövrü ərzində kartof istehsalı 1,1, tərəvəz istehsalı 0,8, meyvə istehsalı isə 1 faiz artmışdır.
Meyvəçiliyin və tərəvəzçiliyin inkişafında vacib məsələlərdən biri də müasir meliorasiya və irriqasiya sistemlərinin qurulmasıdır. Ötən dövr ərzində bu sahədə bir sıra tədbirlər görülmüş, Kəngərli rayonunun Böyükdüz və Xok kəndləri ərazilərində 117 hektar qapalı suvarma şəbəkəsi, Babək rayonunun Kərimbəyli və Kültəpə kəndlərində 217 hektar torpaq sahəsini əkin dövriyyəsinə qatan suvarma şəbəkəsi istifadəyə verilmiş, Şərur rayonunun Ələkli kəndinə Arpaçay sol sahil kanalından ümumi uzunluğu 3 kilometr olan yeni suvarma boru xətti çəkilmiş, 589 hektar ərazinin su təminatı yaxşılaşdırılmışdır. Bundan başqa, Uzunoba gölünə su aparan kanalda yenidənqurma, Şıxmahmud-Xəlilli kanalında təmir işləri aparılmışdır. Yaşıllıqların suvarılması üçün Şərur, Babək, Şahbuz, Culfa, Ordubad, Sədərək və Kəngərli rayonları ərazilərində müxtəlif diametrli borularla, ümumilikdə, 38 kilometr suvarma xətti çəkilmiş və mövcud olanlar təmir edilmişdir.
Meyvəçiliyin və tərəvəzçiliyin davamlı inkişaf etdirilməsinə münbit şərait yaradan amillərdən biri də əldə olunan məhsulun soyuducu anbarlarda saxlanılmasıdır. Son illərdə belə anbarların yaradılması məqsədilə Sahibkarlığa Kömək Fondu tərəfindən 11 layihənin maliyyələşdirilməsinə 4 milyon 297 min 840 manat dövlət maliyyə dəstəyi göstərilmişdir. Proqramın qəbulundan ötən dövr ərzində muxtar respublikada dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına hüquqi və fiziki şəxslər tərəfindən ümumi tutumu 1750 ton olan 6 soyuducu anbar yaradılmış, ümumilikdə, muxtar respublika üzrə dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına hüquqi və fiziki şəxslər tərəfindən ümumi tutumu 14 min 30 ton olan 31 soyuducu anbar istifadəyə verilmişdir.
Qeyd olunan dövrdə əkinçilik üçün yararlı olmayan torpaq sahələrində meliorativ tədbirlərin görülməsi və yeni meyvə bağlarının salınması da diqqətdə saxlanılmışdır. Belə ki, Kəngərli rayonu ərazisində torpaq örtüyünün dəyişdirilməsi və əraziyə kənardan münbit humus qatlı torpaq örtüyü gətirilməklə torpaqda münbit şərait yaradılmış və eyni zamanda əraziyə mütərəqqi damcılı suvarma sistemləri çəkilməklə 50 hektar sahədə püstə bağı salınmışdır. Püstə bağının ətrafındakı 4 hektar sahədə isə tarla qoruyucu yaşıllıq zolağı yaradılmışdır. 2017-ci ilin yaz əkini mövsümündə püstə bağında 30 hektar sahədə 10 min ədəd püstə fidanı ilə bərpa işləri aparılmışdır.
Ümumilikdə, ötən dövr ərzində kənd təsərrüfatına yararsız 213 hektar torpaq sahəsində meyvə bağları və yaşıllıq zolaqları salınmışdır. Həmçinin dövlət proqramına uyğun olaraq Naxçıvançay, Əlincəçay və Gilançay vadilərində 48 hektardan artıq sahədə, Arazboyu düzənlik ərazilərdə isə 49,8 hektar sahədə meyvə bağları, 4,5 hektarda isə üzüm bağı salınmışdır. Bu dövrdə tingçiliyin inkişafı da diqqətdə saxlanılmış, Şərur rayonunda iki sahibkar tərəfindən 4 hektar, Babək rayonunda bir sahibkar tərəfindən 0,5 hektar sahədə müxtəlif meyvə növlərinin məhsuldar sortlarından tinglər yetişdirilmiş, ümumilikdə, təsərrüfatlarda 87 min ədəd tingin satışı həyata keçirilmiş, 73 min meyvə tingi isə əkin üçün hazır vəziyyətə gətirilmişdir. Bundan əlavə, Culfa rayonunun Dizə kəndində 0,3 hektar ərazidə 53000 ədəd üzüm tingi salınmaqla tingçilik təsərrüfatı yaradılmışdır. Şahbuz rayonunda mövcud 3 hektara yaxın tingçilik təsərrüfatının fəaliyyəti diqqət mərkəzində saxlanılmış, 2017-ci ilin yaz aylarında 80 kiloqram cəviz, 70 kiloqram badam tumu əkilmişdir.
Muxtar respublikada ənənəvi kənd təsərrüfatı sahələrindən biri də üzümçülükdür. Son illərdə bu sahənin inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılıb. Belə ki, Sahibkarlığa Kömək Fondunun vəsaiti hesabına son illər muxtar respublika üzrə üzümçülüyün inkişaf etdirilməsi məqsədilə 8 layihənin maliyyələşdirilməsinə 179 min manat, 65 layihə üzrə meyvəçilik təsərrüfatlarının yaradılmasına 1 milyon 333 min 100 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Bu tədbirlərin davamı olaraq “Orqanik Məhsul Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 0,5 hektar üzüm, 1,9 hektar meyvə bağı salınmış, 8 min ədəd üzüm çubuğundan istifadə edilmiş, Şərur rayonunun Kərimbəyli kəndində 0,6 hektar, Çərçiboğan kəndində 0,5 hektar sahədə süfrə sortlarından ibarət yeni üzüm bağı salınmışdır. Babək rayonunun Nehrəm kəndində fiziki şəxs Ənvər Əliyev tərəfindən özəl investisiya hesabına 100 hektar ərazidə üzüm bağının yaradılması istiqamətində işlər davam etdirilmişdir.
Yuxarıda da qeyd etdiyimiz kimi muxtar respublikamızın münbit torpaqları, əlverişli iqlimi burada bir çox meyvəçilik sahələrinin inkişaf etdirilməsinə imkan verir. Belə meyvəçilik sahələrindən biri də badamçılıqdır. İnsan orqanizminə faydalı təsiri ilə tanınan badam, həm də yüksək ixrac qabiliyyəti ilə seçilir. Cari ilin payız əkini mövsümündə meyvəçiliyin bu sahəsinin inkişafı diqqətdə saxlanılaraq bir sıra mühüm addımlar atılıb. Belə ki, noyabrın 4-də Naxçıvan-Sədərək avtomobil yolunun kənarında – Kəngərli rayonunun Xok kəndi ərazisində yeni badam bağı salınmışdır. Buradakı bağın sahəsi 6 hektardır. Tinglərin əkilməsi üçün əvvəlcədən ərazidə meliorativ və aqrotexniki tədbirlər görülmüş, torpaq əkinəyararlı hala salınmışdır. Həmin iməcilikdə burada 3000-dən çox yerli badam tingi əkilmişdir. Ötən müddətdə ərazidə əlavə olaraq 4,8 hektar sahədə badam tinglərinin əkini aparılıb. Beləliklə, hər iki əkin prosesində 6000-ə yaxın badam tingi istifadə olunub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən verilən məlumatda o da qeyd olunur ki, əhalinin ucuz və keyfiyyətli məhsullara tələbatının ödənilməsi məqsədilə Naxçıvan şəhərində və rayon mərkəzlərində həftənin şənbə və bazar günləri kənd təsərrüfatı, emal sənayеsi məhsullarının satışı yarmarkaları təşkil olunmuş, yarmarkalarda 36 yerli məhsul istehsalçısı tərəfindən əhaliyə 121 adda, 230 çeşiddə məhsul bazar qiymətlərindən 10-30 faiz ucuz qiymətə təklif olunmuşdur.
Onu da vurğulamaq lazımdır ki, muxtar respublikada meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsi işində ailə təsərrüfatlarının təşviqi artıq özünün yeni mərhələsinə qədəm qoyub. 18-19 noyabr tarixlərində Naxçıvan şəhərində keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında bunun bir daha şahidi olduq. Muxtar respublikamızın müxtəlif bölgələrindən festivala gətirilmiş qablaşdırılmış müxtəlif növ yerli meyvə və tərəvəz məhsulları həm ailələrin bu sahəyə marağı, həm dövlətin bu sahəyə qayğısı, həm də yuxarıda adıçəkilən dövlət proqramının uğurlu icrası kimi qiymətləndirilə bilər.
Qeyd olunanlardan belə nəticəyə gəlmək mümkündür ki, meyvəçiliyin və tərəvəzçiliyin inkişafı yaxın illərdə muxtar respublika iqtisadiyyatında kənd təsərrüfatı məhsullarının istehsal həcmini artırmaqla yanaşı, onun ixrac imkanlarını da genişləndirəcək.
Səbuhi HƏSƏNOV