“Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi ilə birgə keçirilən elmi-praktik konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev açıb.
Konfransda universitetin İqtisadiyyat kafedrasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Dilsuz Qasımovun “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın aqrar sahənin inkişafındakı rolu”, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin aparat rəhbəri Anar Cəfərovun “Naxçıvan Muxtar Respublikasında aqrar sahənin inkişafında dövlət proqramlarının rolu: müasir vəziyyət və perspektivlər” və İqtisadiyyat ixtisasının IV kurs tələbəsi Minayə Məmmədovanın “Aqrar sektorun inkişafının əsas istiqamətlərindən biri də qəbul edilmiş Dövlət Proqramıdır” mövzularında məruzələri dinlənilib.
Bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bərabər “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın müvəffəqiyyətlə həyata keçirilməsi iqtisadiyyatın inkişafına öz təsirini göstərmiş, nəticədə, çoxşaxəli iqtisadiyyat formalaşmış, makroiqtisadi sabitlik təmin olunmuş, sahibkarlıq fəaliyyəti genişləndirilmiş, yeni müəssisələr açılmış, iş yerləri yaradılmışdır. Bundan əvvəlki hər iki proqramın yerinə yetirildiyi dövr ərzində sosial-iqtisadi inkişaf sahəsində həyata keçirilən tədbirlər muxtar respublikanın makroiqtisadi göstəricilərinin artmasına səbəb olmuşdur.
Konfransa rektor, professor İsmayıl Əliyev yekun vurub.
Nuray ƏSGƏROVA