Muxtar respublikada 2017-ci ilin yanvar-oktyabr aylarında 2 milyard 112 milyon 48 min 200 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz artaraq 4686,2 manata çatmışdır.
* * *
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 808 milyon 516 min 800 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 1,5 faiz üstələmişdir.
* * *
İnfrastruktur quruculuğu çərçivəsində 2017-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 829 milyon 446 min manat vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş investisiyanın 759 milyon 629 min 900 manatı və ya 91,6 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
* * *
Cari ilin yanvar-oktyabr aylarında 366 milyon 927 min 400 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 4 faiz üstələmişdir. Bu dövr ərzində muxtar respublika üzrə diri çəkidə 18945 ton ət, 76227 ton süd istehsal edilmiş, bir il öncəki göstərici ilə müqayisədə ət istehsalı 2,1 faiz, süd istehsalı 1,4 faiz artmışdır.
* * *
2017-ci ilin yanvar-oktyabr aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 42 milyon 835 min 500 manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 1,9 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 35 milyon 592 min 400 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,8 faiz artmışdır.
* * *
Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. 2017-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 25 milyon 881 min 900 manat məbləğində kreditlər verilmişdir. Verilmiş kreditlərin 3 milyon 791 min manatı və yaxud 14,6 faizi qısamüddətli, 22 milyon 90 min 900 manatı və yaxud 85,4 faizi uzunmüddətli kreditlər olmuşdur.
* * *
Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.
1 noyabr 2017-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 62939-a çatmışdır ki, bunun da 54741-i və ya 87 faizi aktiv hesablardır. 2017-ci ilin yanvar-oktyabr aylarında açılmış 22980 bank hesabının 22878-i aktiv hesablar olmuşdur.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 noyabr 2017-ci il tarixə 1259-a çatmışdır.
* * *
Bu ilin yanvar-oktyabr aylarında muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 6 milyon 474 min 300 manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 27,9 faiz çoxdur.
* * *
Bəhs olunan dövrdə muxtar respublikaya 338 min 715 nəfər turist gəlmişdir ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz və ya 10502 nəfər çoxdur.
* * *
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2017-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikada 360 milyon 203 min 800 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın dəyəri son bir il ərzində 1,2 faiz artaraq 329 milyon 709 min 800 ABŞ dolları, idxalın dəyəri 8,1 faiz azalaraq 30 milyon 494 min ABŞ dolları təşkil etmiş, nəticədə 299 milyon 215 min 800 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.
* * *
Əhali gəlirlərinin artımı davam edir. 2017-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikada əhalinin gəlirləri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artaraq 1 milyard 444 milyon 127 min 700 manat, onun hər bir nəfərə düşən məbləği isə artaraq 3204,2 manat təşkil etmişdir.
* * *
2017-ci ilin yanvar-sentyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 415,1 manat təşkil etmiş və bu göstərici 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artmışdır.
* * *
1 oktyabr 2017-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3889 nəfər artaraq 451 min 929 nəfər təşkil etmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidməti