23 Dekabr 2024, Bazar ertəsi

18-19 noyabr tarixlərində Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-­Memarlıq Muzey Kompleksində keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalı öz əhəmiyyəti ilə seçilirdi. 

“Ailə təsərrüfatı məhsulları” festivalında iştirak edən bir neçə təsərrüfat başçısı ilə həmsöhbət olduq. Babək rayonunun Qahab kəndindən gəlmiş Rasim İsmayılov festivala qurudulmuş bağayarpağı, qantəpər, nanə, əvəlik, böyrəkotu, kəklikotu, solmazçiçəyi kimi müalicəvi tərkibli bitkilər gətirmişdi. Yüksək zövq və səliqə ilə qablaşdırılmış həmin məhsulların qiyməti də alıcıları razı salmışdı. Öncə belə tədbirin təşkilindən razılığını bildirən təsərrüfat başçısı dedi ki, muxtar respublikamızda belə bitkilər saysız-hesabsızdır. Bunları toplamaqla həm müəyyən xəstəliklərin sağalmasında istifadə edir, həm də qazanc sahibi oluruq. Ancaq onların tədarük olunması, istifadə qaydalarını hamı bilmir. Ona görə də satdığımız belə məhsullar barədə ətraflı məlumat veririk. Tədbirin təşkilatçılarına minnətdarlığını ifadə edən həmsöhbətim onu da bildirdi ki, festival bu işlə məşğul olan kənd adamlarının tanıdılmasında, onların ailə büdcəsinin gücləndirilməsində böyük əhəmiyyət daşıyır.

Füsunkar təbiəti ilə seçilən Ordubad rayonunun yaşayış məntəqələrindən də festivala xeyli məhsul çıxarılmışdı. Həmin rayonun Vənənd kəndindən gəlmiş Yaqut Babayeva festivala məşhur Ordubad paxlavası, şəkərburası və limon gətirmişdi. Piştaxtanın önü alıcılarla dolu idi. Təsərrüfat başçısının sözlərinə görə, Ordubadın brendinə çevrilən belə məhsulların Naxçıvanla yanaşı, ölkəmizin də müxtəlif bölgələrində alıcıları var. Festivalın təşkilindən sonra alıcılarımızın sayının daha da artacağı şəksizdir. Belə tədbirlərin həmişə təşkil olunmasını arzu edirəm.
Şərur rayonunun Düdəngə kənd sakini Qasım İbrahimov, Şahbuz rayonunun Nursu kənd sakini Səyyad Əliyev isə festivala arıçılıq məhsulları ilə gəlmişdilər. Onlar da “Ailə təsərrüfatı məhsulları” festivalının vaxtında təşkil edilmiş tədbirlərdən biri olduğunu, bunun üçün də minnətdarlıqlarını bildirdilər.
Festivala gələn şəhər sakinlərinin də fikri bizim üçün maraqlı idi. Bu məhsul bayramına ailəsi ilə birlikdə qatılan Naxçıvan şəhər sakini Həsən Hacıyev dedi ki, artıq ənənəyə çevrilən belə festivallar hər bir şəhər sakininin ürəyincədir. O və ailəsi buraya həm dadlı, həm də ekoloji təmiz məhsullardan almağa gəlib. Bildirdi ki, son illərdə təşkil olunan kənd təsərrüfatı yarmarkaları və festivallar şəhər sakinlərinin keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasına müsbət təsir göstərir.
Digər şəhər sakini Yusif Həsən­ovun dediklərindən: – Bu gün Naxçıvanqala torpağı əkib-becərənlərin, məhsul bolluğu yaradanların ixtiyarına verilib. İndi bu məkanda haraya baxsan, alın təri axıdıb, zəhmət çəkən insanların yaratdığı gözəllikləri, rənga­rəngliyi görə bilərsən. Qarşıdan qış fəsli gəlir, hər kəs evinə qış nemətləri – turşu, qovurma, əriştə, qurut və başqa ərzaqlar tədarük edir. Sağ olsunlar belə tədbiri təşkil edənləri.
Festivala xarici ölkələrin vətəndaşları da böyük maraq göstərirdilər. Muxtar respublikaya turist səfərinə gəlmiş İran İslam Respublikasının vətəndaşı Məhəmmədrza Nuri dedi ki, ailəsi ilə birlikdə hər il Naxçıvanın gəzməli-görməli yerlərində olur, yaxşı istirahət edirik. Naxçıvan mətbəxi çox zəngin, yeməkləriniz çox dadlıdır. Təbii ki, yeməkləri bu qədər ləziz edən təbii məhsullardır. Buraya gəldiyimiz zaman gördük ki, qədim diyarınızın hər bir guşəsindən buraya məhsul çıxarıb, sərfəli qiymətə satırlar. Həmin məhsulların xüsusi zövqlə qablaşdırılması da diqqətimizi çəkdi. Mən Ordubad rayonuna aid olan pavilyondan çaşır turşusu, limon, cəviz mürəbbəsi aldım. Ümumiyyətlə, Naxçıvanda olarkən o da diqqətimi çəkir ki, bu diyarda məhsul bolluğu ilbəil artır. Bu, məni çox sevindirir. Çünki hər dəfə gələndə daha az xərc çəkərək bu qədim diyarın müxtəlif təamlarından dadmaq imkanı əldə edirəm.
Festivalın ikinci günü isə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Ən yaxşı məhsul” nominasiyası üzrə müsabiqənin nəticələri məlum oldu. Müsabiqədə I yerə layiq görülən təsərrüfat sahibləri ilə görüşdük. Ordubad rayonunun Ələhi kənd sakini Yaşar Həbibov söhbət zamanı bildirdi ki, bu tədbirə o, müxtəlif çeşidlərdə məhsul çıxarmışdı. Kompotlar, mürəbbələr, müalicəvi araqlar, dağ otlarından hazırlanan turşular, xüsusi paketlərdə qablaşdırılmış lobya və digər məhsullara maraq böyük olub. Bundan başqa, ilk dəfə olaraq bu festivalda o, alıcılara qonşu Türkiyədə müalicəvi əhəmiyyətinə görə tanınan və “altın çiyələk” adlanan bu giləmeyvədən hazırlanan mürəbbələr təqdim etmişdi. Çalışacaq ki, dövlətimizin diqqət və qayğısı ilə yaratdığı ailə təsərrüfatı bundan sonra da muxtar respublikanın ərzaq bolluğuna öz töhfəsini versin.

Müsabiqənin daha bir qalibi isə Culfa rayonunun Camaldın kənd sakini Arif Abbasov oldu. Onunla söhbət zamanı dedi ki, uzun müddətdir, üzümçülüklə məşğul olur, bu sahədən əldə edilən məhsullarla ailəsinə gün- güzəran yaradır. Əvvəllər imkanları məhdud olduğundan yalnız bazara üzüm məhsulu çıxara bilirdisə, dövlətimizin ailə təsərrüfatlarına göstərdiyi diqqət və qayğı nəticəsində indi üzümdən hazırladığı məhsulları satışa çıxarır. Təsərrüfat sahiblərinin bazara çıxış imkanlarının get-gedə yaxşılaşması ona ailə təsərrüfatını möhkəmləndirməyə imkan verib.
Bu gün muxtar respublikanın kənd yaşayış məntəqələrində müxtəlif məhsullar hazırlayıb ailə büdcəsinə xeyli kömək edə bilən qadınlarımız çoxluq təşkil edir. Onlardan biri də Şərur rayonunun Aralıq kənd sakini Fərqanə Muxtarovadır. Elə bu işə göstərdiyi böyük həvəs onun festivala dəvət almasına səbəb olub. Piştaxtaya qoyulan məhsullara baxanda da görmək olurdu ki, Fərqanə xanım bu festivala ciddi hazır­laşıb, müxtəlif çeşidlərdə dadlı-tamlı məhsullar çıxara bilib. Təbii ki, onun bu çalışqanlığı qaliblərin seçimində şəffaflığa üstünlük verən münsiflər heyətinin diqqətindən yayınmayıb və o, birincilər sırasında yer alıb. Fərqanə xanım onu da qeyd etdi ki, bu gün dövlətimizin yaratdığı şərait kənddə yaşayan hər kəsi ailə təsərrüfatı sahibi edə bilər. Əsas odur ki, sonu xeyirli olacağına inandığın bir işə başlayıb ona məsuliyyətlə yanaşasan. Həyat yoldaşım Cəfər Muxtarov və mən ailə təsərrüfatı yaratmağımıza peşman deyilik. Festivaldakı uğurum bizə göstərilən diqqət və qayğının, çəkilən zəhmətin bəhrəsidir. Ona görə də düşünürəm ki, bu uğurda dövlətimizin qayğıkeş insanlarının da payı böyükdür. Bu qalibiyyətə görə hər kəsə minnətdarlığımı bildirirəm.
Beləliklə, son illərdə mədəni-kütləvi tədbirlərin keçirildiyi məkan kimi tanınan “Naxçıvanqala” Tarix-­Memarlıq Muzey Kompleksi növbəti dəfə maraqlı bir festivala şahidlik etdi.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR