Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 2 aprel tarixli Fərmanı muxtar respublikamızda torpaqların elektron uçotunun aparılması yolu ilə torpaq ehtiyatlarından daha səmərəli istifadənin təmin edilməsi üçün olduqca mühüm əhəmiyyətə malikdir.
Fərmandan irəli gələn məsələlərin icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair tədbirlər planı”nı təsdiq etmişdir. Tədbirlər planına uyğun olaraq Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən sistemin fəaliyyəti üçün proqram təminatının xüsusiyyətləri, sistem üçün tələb olunan avadanlıqlar müəyyənləşdirilmiş, sistemə daxil ediləcək məlumatların strukturu öyrənilmişdir. Bunun üçün proqram təminatının hazırlanmasına başlanılmışdır.
Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması üçün ərazi vahidlərini, inzibati ərazi dairələrini və sahə inzibati ərazi dairələrini əks etdirən xəritələr və müxtəlif miqyaslı plan və kartoqrafik materialların, bələdiyyə xəritələrinin elektron variantda hazırlanması davam etdirilmişdir. Torpaq payı almış ailələrin siyahısı, pay torpaqlarının sahəsi barədə məlumatlar və verilmiş sənədlərin rekvizitləri, torpaq islahatı zamanı pay almaq hüququ olan subyektlərin siyahısında sonradan əlavə və dəyişikliklər edilməsi barədə aqrar islahat komissiyasının qərarları və qanuni qüvvəyə minmiş məhkəmə qərarları, torpaqların texniki uçotunun nəticələrinə dair əvvəlki illərə aid hesabatlar və yerquruluşu planları təhlil edilməklə sistemə daxil ediləcək məlumatlar dəqiqləşdirilmişdir. Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin, bələdiyyələrin, yaşayış məntəqələrinin sərhədləri, kənd təsərrüfatı yerləri, torpaq islahatına cəlb edilmiş kənd təsərrüfatı yerlərinin sərhədləri, meşə və kolluqlar, qeyri-kənd təsərrüfatı təyinatlı torpaqlar haqqında məlumatlar hazırlanaraq komitənin elektron məlumat bazasına yığılmışdır.
Mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələri və onların üzərində mövcud olan daşınmaz əmlaklar haqqında daşınmaz əmlakın dövlət reyestrində, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri tərəfindən aparılan təsərrüfatbaşına kitablarda saxlanılan məlumatların sistemləşdirilməsi, təhlili və uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər davam etdirilmişdir.
Torpaq sahələrinin konturlarının çöl geodeziya-ölçmə işləri aparılmaqla dəqiqləşdirilməsi və parametrlərin torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi məqsədilə müasir geodeziya-ölçü avadanlıqları vasitəsilə Naxçıvan şəhərinin, Şərur və Babək rayonlarının ərazilərində daşınmaz əmlak obyektlərinin plana alınması işləri aparılmışdır. Topoqrafik elementlərin, mühəndis-kommunikasiya xətləri və qurğularının, xüsusi qorunan ərazilərin, hidroqrafiya elementlərinin sərhədləri müəyyənləşdirilmişdir. Ötən müddət ərzində Naxçıvan şəhərinin 292,5 hektar ərazini əhatə edən 1 saylı sahə inzibati ərazi dairəsi üzrə 1536, 248 hektar ərazini əhatə edən 2 saylı sahə inzibati ərazi dairəsi üzrə 3064, 1046,5 hektar ərazini əhatə edən 3 saylı sahə inzibati ərazi dairəsi üzrə 3278 daşınmaz əmlak obyekti plana alınmış, 644,3 hektar ərazini əhatə edən 4 saylı sahə inzibati ərazi dairəsi üzrə planaalma işləri davam etdirilmişdir.
Babək rayonunun Babək qəsəbə, Məzrə, Didivar, Nəzərabad, Qahab, Naxışnərgiz, Xəlilli, Aşağı Uzunoba, Yuxarı Uzunoba, Vayxır, Xal-xal, Güznüt, Çeşməbasar, Aşağı Buzqov, Payız, Sirab və Gülşənabad kəndlərinin ərazisində planaalma işləri başa çatdırılmış, 5812 daşınmaz əmlak obyekti plana alınmışdır.
Şərur rayonunun Mahmudkənd, Vayxır, Tumaslı, Diyadin, Təzəkənd və Yengicə kəndləri üzrə 3032 daşınmaz əmlak obyekti plana alınmış, Düdəngə kəndində planaalma işlərinə başlanılmışdır.
Torpaqların elektron kadastr uçotuna dair aparılan çöl geodeziya-ölçmə işlərinin keyfiyyəti və informasiyaların məlumat modelinin tələblərinə uyğun toplanması nəzarətdə saxlanılmışdır. Planaalma işlərinin başa çatdığı ərazilərdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərindəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasındakı mövcud uyğunsuzluqlar müəyyənləşdirilmiş, araşdırılaraq aradan qaldırılmışdır.
Muxtar respublikanın torpaq fonduna dair müfəssəl kadastr uçotunun aparılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi istiqamətində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi səylərini daha da artıracaq.
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət
Komitəsinin mətbuat xidməti