23 Dekabr 2024, Bazar ertəsi

Şahbuz rayonunda da bu məqsədə nail olunub

“Naxçıvan oykonimləri” kitabı Şahbuz toponimi haqqında nə deyir və ya tarixə qısa səyahət

Şahbuz rayonu haqqında bu yazını hazırlayarkən eşitdiklərimin, oxuduqlarımın hamısını bir kənara qoyub, bu qədim yurd yerinin adının etimologiyası haqqında düşündüm. AMEA-nın müxbir üzvü mərhum Adil Bağırova görə, Şahbuz toponimi ilə bağlı müxtəlif versiyalar mövcuddur. Tarixi mənbələrdə “Şahbuz” adına ilk dəfə Eldənizlərin mis sikkə dəfinəsini göstərən xəritədə və Əmir Teymurun tarixçisi Şərəfəddin Əli Yəzdinin “Zəfərnamə” əsərində rast gəlinir. Ancaq faktlar göstərir ki, Şahbuz ərazisi daha qədim yaşayış məskənidir. Bu cəhətdən adın mənası ilə bağlı xalq etimologiyasında, Q.Qeybullayev, M.Təhmasib, T.Hacıyev kimi tədqiqatçıların araşdırmalarında müxtəlif fikirlər səslənir. Həqiqətə daha uyğun olanı isə M.Təhmasibin gəldiyi qənaətdir. “Şahbuz” sözünün “şah” hissəsi “hündür, yüksək” anlamlarında işlənir. Alim “Şahbuz” sözünün ikinci komponentini (bus//buz) qəbilə adı ilə əlaqələndirir. Və bu qəbiləni Midiya qəbilələrindən biri kimi təqdim edir. Buslar türkmənşəli etnos olub, öz adlarını bir qisim toponimlərdə, o cümlədən Şahbuz adında yaşatmışlar. Belə ehtimal olunur ki, sözün birinci hecası olan “şah” “bus//buz” tayfa adı ilə birləşərək “buslara məxsus yüksək yer” mənasını verir.

Adil Bağırova görə, bu adın məna açımı ilə bağlı belə bir ehtimal da məqbul sayıla bilər. Sözün “şah” komponentinin vaxtilə bu ərazilərdə yaşamış “saq” türk qəbilə birləşməsinin adından götürülməsi mümkündür...
Qədim yurd yerinin tarixi barədə nə deyə bilərik? XVI əsrdə burada 27 kəndi, Oyuqlucaqaya, Bazaryurd, Dərəbaş gədiyi, Qaçdaş, Nərkeçi və Armudlu yaylaqlarını əhatə edən Dərəşahbuz nahiyəsi yaradılıb, XIX əsrin 40-cı illərinə qədər fəaliyyət göstərib. 1925-ci ildə Naxçıvan inzibati ərazi vahidində “Nərimanov rayonu” adlandırılıb (30 kəndi əhatə edib), 1930-cu ildən “Şahbuz” adı bərpa olunub. Rayon 1963-cü ildə ləğv edilərək Naxçıvan (indiki Babək) rayonuna birləşdirilib, 1965-ci ildə yenidən təşkil olunub.
Şahbuz qəsəbəsinə 2007-ci ildə şəhər statusu verilib. Ümumilikdə, rayonun ərazisi 836,6 kvadratkilometrdir. Əhalisi 25 min nəfərdən artıqdır. Rayonda 1 şəhər, 1 qəsəbə, 22 kənd vardır.

* * *

...Kiçik Qafqazın Dərələyəz silsiləsinin cənubuna, Zəngəzur silsiləsinin qərb yamaclarına sığınıb bu qədim yurd yeri. Bu ərazidəki təbiət abidələri dağlar qoynunda yerləşən Şahbuza bir məğrurluq və əzəmət bəxş edib. Şəninə nəğmələr qoşulan Salvartı dağı, Şapur qalası, Üçqardaş, Qonaqgörməz, Ağdaban dağları min illərdir, bu bölgəni dövrəsinə alıb. Batabat yaylağındakı “Üzən ada” təbiətin ən böyük möcüzələrindən biridir. Sovet dönəmində “Üzən ada”nı ləğv etmək üçün buraya texnikalar gətirilsə də, rayonun yurd təəssüblü insanları bu təbiət möcüzəsini qoruyub saxlaya biliblər.
Yolumuz gözəlliklər məskəni Şahbuzadır. Təbiəti gözoxşayan bölgəyə gedən yolboyu dağların yamaclarında terras üsulu ilə salınmış yaşıllıq zolaqları qədim yurd yerinin təbiətini daha da zənginləşdirib. Burada bir məsələni xüsusi qeyd edim ki, aran və düzəngah yerlərdə əkilən ağacların su ilə təchizatı o qədər də çətin məsələ deyil. Problem dağ yamaclarına su qaldırılmasındadır ki, bu da öz həllini tapıb.

Rayonun tikinti-quruculuq xəritəsi genişləndirilir

Bu, ümummilli lider Heydər Əliyevin adını daşıyan prospektdir. Prospekt elə bir füsunkar görkəmə gətirilib ki, bu gözəlliyə vurğun olmamaq mümkün deyil. Prospektdə salınmış park insanların ən çox üz tutduğu ünvanlardan biridir. Elə buradaca köhnə tanışlarımdan Məhərrəm İsmayılovla rastlaşıram. Həmsöhbət oluruq. Onun dediklərindən:
– Rayonumuzun bugünkü görkəmini görəndə istər-istəməz onun keçmişini xatırlayırıq. Sözün həqiqi mənasında, Şahbuz gözdənuzaq, könüldəniraq düşmüş bir yaşayış məntəqəsini xatırladırdı. Son illərdə şahbuzlular da gördülər və inandılar ki, təşəbbüskarlıq, əzmkarlıq, insana qayğı olan yerdə hər şeyə nail olmaq mümkündür. Bu gün Şahbuz müasir Azərbaycan rayonunun canlı nümunəsidir. Bizə o qalır ki, belə gözəl görkəmə gətirilmiş rayonumuzda qurulanları, yaradılanları qoruyaq. Şahbuzlular çəkilən zəhməti qiymətləndirməyi, gözəlliyi qorumağı bacaran, onun qədrini bilən insanlardır.
Onunla parkı gəzirik. Prospektə paralel olan yuxarıdakı küçəyə gözüm sataşır. Bu ünvan da quruculuq donuna bürünüb. Belə qənaətə gəlirəm ki, Şahbuzdan bir neçə il əvvəl ayrılan insan indi rayon mərkəzinə üz tutarsa, mübaliğəsiz demək olar ki, şəhəri tanımaz. Bu fikrimlə müsahibim də razılaşır. Çünki burada yenilənməyən bina qalmayıb. Bütün idarə, müəssisə və təşkilatlar üçün müasir memarlıq üslubunda binalar inşa olunub.
Onu da qeyd edək ki, quruculuq tədbirləri rayon mərkəzilə məhdudlaşmayıb. Bütün kəndlərdə belə tədbirlər həyata keçirilib. Ən ucqar dağ və sərhəd yaşayış məntəqələrinin belə, siması tanınmaz dərəcədə dəyişilib. Həmin ünvanlarda kompleks quruculuq tədbirləri aparılıb, müasir infrastruktur yaradılıb. Cari ildə də həm rayon mərkəzində, həm də kənd yaşayış məntəqələrində belə tədbirlər həyata keçirilib və keçirilməkdədir. Belə ki, cari ilin yanvar ayında ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Şahbuz rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Şahbuz Şəhər Sutəmizləyici Qurğular Kompleksi və su-kanalizasiya şəbəkəsi istifadəyə verilib. Bu dərs ilindən Kolanı kənd tam orta məktəbinin şagirdləri təhsillərini yeni binada davam etdirirlər. 2017-ci il rayon elektrikləri üçün də uğurlu illərdən biri sayıla bilər. Onlar üçün yeni bina istifadəyə verilib. Rayonda tikinti-quruculuq tədbirləri bir neçə ünvanda davam etdirilir. Rayon Mədəniyyət və Turizm Şöbəsi üçün yeni bina inşa olunur. Şahbuz şəhər çirkab sutəmizləyici qurğuda tikinti işləri davam etdirilir. “Badamlı” Mineral Sular Zavodunun istehsal sahələri yenidən qurulur. Badamlı qəsəbəsində ictimai yaşayış binaları əsaslı təmir edilir.

Torpaq mülkiyyətçiləri ili uğurla başa vururlar

Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, bölgədə, əsasən, əkinçilik, heyvandarlıq, arıçılıq və bağçılıq inkişaf etdirilir. 2017-ci ildə 1834 hektar sahədən 4993 ton dənli və dənli-paxlalı bitkilərin məhsulu, 424 hektar sahədən kartof, 9 hektar sahədən yüksəkkeyfiyyətli bostan məhsulları tədarük olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində rayonda həyata keçirilən tədbirlər meyvə və tərəvəz istehsalının artımına müsbət təsir göstərir. Məlumat üçün bildirək ki, bu proqramın qəbulundan ötən müddət ərzində rayonda bağ sahələri xeyli artırılıb.
Rayonda sənaye məhsulunun həcmi də ildən-ilə artır. 2017-ci ilin yanvar-sentyabr aylarında bölgədə yerli məhsulların istehsalında artım müşahidə olunub. Sahibkarlığa göstərilən dövlət qayğısı öz bəhrələrini verib. Bu, sənaye sahəsində də özünü göstərib. Belə ki, bəhs olunan dövrdə 8 milyon 848 min manatlıq, yaxud 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox sənaye məhsulu istehsal edilib.


Bütün sahələrə göstərilən qayğı bəhrələrini verir

İldən-ilə təhsilin səviyyəsi yüksəldilən rayonda 23 tam orta məktəb, 6 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Ötən tədris ilində məktəbləri 133 məzun bitirib. Onlardan 119-u ali və orta ixtisas məktəblərinə sənəd verib. 85 abituriyent tələbə adına layiq görülüb, 19 nəfər 500-700 intervalında bal toplayıb. Bölgənin pedaqoji kollektivləri yeni dərs ilinə ötən tədris ilinin uğurlarının sevinci ilə başlayıblar.
Rayonda səhiyyə sisteminin inkişafı diqqətçəkən sahələrdən biridir. Bu gün bölgədə 1 mərkəzi xəstəxana, 12 həkim ambulatoriyası, 10 feldşer məntəqəsi fəaliyyət göstərir, 21 səhiyyə müəssisəsi son 20 ildə yeni binalarla təchiz olunub.
Əhaliyə göstərilən mədəni xidmətin günün tələbləri səviyyəsində qurulması üçün rayonda hərtərəfli şərait yaradılıb. Ötən dövr ərzində bütün mədəniyyət müəssisələrində tarixi-əlamətdar və bayram günlərinin qeyd olunması, milli və mənəvi dəyərlərimizin qorunması, təbliği diqqət mərkəzində saxlanılıb. Yaradılmış ansambl­lar, folklor qrupları rayonun mədəni həyatında fəal iştirak edirlər. Vaxtilə Şahbuz Rayon Mədəniyyət Evi nəzdində dram dərnəyi kimi yaradılan və bu gün Xalq teatrı statusu ilə fəaliyyət göstərən kollektiv insanların asudə vaxtının səmərəli təşkilinə öz töhfəsini verir. Son illərdə Xalq teatrı bir neçə əsəri tamaşaya qoyub, muxtar respublika səviyyəsində keçirilən müsabiqənin qalibi olub.

* * *

Rayonda başlıca məsələlərdən biri də öz həllini tapıb. Qış mövsümünü mütəşəkkilliklə başa vurmaq üçün bütün aidiyyəti təşkilatlarda məqsədyönlü tədbirlər həyata keçirilib. Qaz, elektrik, su, yol təsərrüfatlarında, digər idarə, müəssisələrdə bununla bağlı xeyli iş görülüb. İnzibati və ictimai yaşayış binalarında cari təmir işləri aparılıb, mövcud nöqsanlar aradan qaldırılıb, tələb olunan mal-material ehtiyatı yaradılıb, maarifləndirici tədbirlər diqqətdə saxlanılıb.
Rayonda cari ilin ötən dövründə həyata keçirilən məqsədyönlü tədbirlər belə deməyə əsas verir ki, bu dağlıq zonada sosial rifahın, yaxşı gün-güzəranın təmin olunmasında dövlət qayğısı başlıca amilə çevrilib. Davamlı xarakter alan, hər addımda müşahidə edilən və bəhrələri görünən belə qayğı isə bölgə sakinlərinin doğma yurd yerinə bağlılığını daha da gücləndirib. Bu isə o deməkdir ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi quruculuq siyasətinə muxtar respublikada böyük ehtiram göstərilir. Məhz bunun nəticəsidir ki, bütün bölgələrimizdəki sürətli inkişaf qaynar həyatdan soraq verir. Elə haqqında danışdığımız Şahbuz rayonu kimi...

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR