Muxtar respublikada dəmir yolu nəqliyyatının inkişafı diqqət mərkəzindədir. Oktyabr ayında da bu istiqamətdə bir sıra tədbirlər görülmüş, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 12 min 780 ton müxtəlif təyinatlı yük, yük-sərnişin qatarları vasitəsilə isə 12 min 284 sərnişin daşınmışdır.
Culfa Lokomotiv Deposunda lokomotivlər texniki baxışdan keçirilmiş, Culfa İstismar Vaqon Deposunda 11 müxtəliftipli vaqon cari təmir olunmuşdur. Həmçinin Ordubad-Vəlidağ sahəsində yük-sərnişin qatarlarının fasiləsiz hərəkətinin təmin olunması məqsədilə zəruri tədbirlər həyata keçirilmiş, xidməti ərazidəki bütün keçidlər, yol yatağı, yoldəyişən və süni qurğular yoxlanılaraq çatışmazlıqlar aradan qaldırılmışdır. Muxtar respublikamızda dəmir yolu infrastrukturunun texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin davamı olaraq Culfa stansiyasında müasir tələblərə cavab verən yeni İstismar Vaqon Deposunun tikintisi davam etdirilmişdir.
“Naxçıvan Dəmir Yolları”
Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat xidməti