Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən oktyabr ayında 15 kilometr beton və torpaq kanal, 39 kilometr ara arxları və 2 kilometr kollektoru lildən təmizlənmiş, 19 kilometr yeni suvarma boru xətti, 2 kilometr yeni içməli su xətti çəkilmişdir.
Yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, su itkisinin qarşısının alınması məqsədilə Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 407 hektar sahədə qapalı suvarma şəbəkəsi istifadəyə verilmişdir.
Yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi məqsədilə Kəngərli rayonunun Xok və Yeni Kərki kəndləri arasındakı ərazidə meliorativ tədbirlər görülmüş, torpaq əkin üçün yararlı hala gətirilmişdir. Həmçinin payız suvarma mövsümünə hazırlıqla əlaqədar olaraq bütün hidrotexniki qurğularda, nasos stansiyalarında, elektrik avadanlıqlarında, təzyiqli və suvarma boru xətlərində təmir-bərpa işləri aparılmışdır. Yaşayış məntəqələrini və əkin sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə Arpaçay, Naxçıvançay və Cəhriçay selovlarında, ümumilikdə, 2,4 kilometr uzunluğunda istiqamətləndirici bənd tikilmişdir.
Naxçıvan Muxtar Respublikası ərazisində əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün oktyabr ayında tədbirlər görülmüş, “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Şərur rayonunda 956 metr su və 4551 metr kanalizasiya xətləri çəkilmişdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti