23 Dekabr 2024, Bazar ertəsi

Bu il də ululardan ulu diyarımız üçün ötən ildən uğurlu, sayalı gəldi. Naxçıvanımızın hər qarışına yeni naxışlar vuruldu, yeni rənglər qədim məmləkətimizin mənzərəsinə al-əlvanlıq, şuxluq, gözəllik qatdı. Yeni-yeni binalar, yollar, körpülər  istifadəyə verildi. Susuz çöllərə su çəkildi, bağlar-bağçalar salındı, ağacsız torpaqlara yeni fidanlar əkildi. Həmin fidanlar insan əlinin nəvazişi ilə torpaqda özlərinə daha möhkəm yer etdilər, çiçəkləndilər, pərvazlanıb boy atdılar. Şoran torpaqlara möhkəm, sarsılmaz iradəsinin gücünü göstərən insanoğlu hektarlarla belə torpağı körpə ağaclara yurd-yuva etdi. Naxçıvan daha yaşıl diyara çevrildi.

Artıq Naxçıvan şəhəri yağışlı-çiskinli qızılı payızını yaşayır. Əsən küləklər, gecə ayazı ağacları gələn qışa əməlli-başlı hazırlayıb. Təkəmseyrək ağaclar bu fəslin şıltaqlığına dözə bilib, bir az “əyin-başında” yarpaq saxlayıb. İndi şəhərə gözəllik, yaşıl rəng vermək növbəsi həmişəyaşılların, küknarların, şamlarındır. Doğma diyarımızın bütün guşələrində olduğu kimi, Naxçıvan şəhərində də belə ağaclar minlərlədir. Şəhərimiz yenə yaz fəslindəki kimi gözəl, yaraşıqlı, cilvəlidir.
Səhərdir. Xan Arazdan qalxan sis, duman şəhəri qalın yorğan kimi örtüb. Sanki Tanrının min illərdir, qoruyub saxladığı bu şəhəri yad gözlərdən gizlədir, mühafizə edir. Duman çəkildikcə gözlər önündə şəhərin möhtəşəm mənzərəsi canlanır. Yaşamaq, yaratmaq həvəsi ilə yollara çıxan insanlar təmiz, səliqəli səkilərlə işə tələsirlər. Yaşlı bir insan da onların arasındadır. Ətrafındakı ağacların rəngində yaşıl paltar geyən ağsaçlı-saqqallı insan ciddiyyət və qətiyyətlə addımlayır. Biləkləri ağac gövdəsitək möhkəm, əlləri qabarlı, alnı torpaq kimi qırışlarla örtülü, gözlərindən şəfqət, mehribanlıq yağan bu insanın işi bir çoxlarından daha çətin, daha məsuliyyətlidir. Yəqin təxmin etmisiniz. Hər gün şəhərin müxtəlif yerlərində qarşımıza çıxan bu insan əvəzsiz təbiət nümunələrinin, güllərin, çiçəklərin, ağacların qayğıkeşi olan Naxçıvan Şəhər Yaşıllaşdırma İdarəsinin işçisi, bağban Afiyəddin Mirzəyevdir.

Mənə: “Payızda yerə tökülən xəzəllərin, yazda açılan çiçəklərin, cücərən tumurcuqların qoxusunu sonuncu dəfə nə zaman ciyərlərinizə çəkmisiniz, nə zaman əyilib yol kənarında bir gülü iyləmisiniz? Halbuki mən yerə düşmüş bir xəzəlin ətrini dünyanın ən bahalı ətrinə dəyişmərəm”, – deyən də odur. Haqlıdır. Mən də daxil olmaqla, bir çoxumuz təbiətin gözəlliklərinə qarşı etinasızıq, soyuğuq. Nə edirik, nə düşünürük, bəlli deyil. Nə rəngləri görürük, nə çalarları, nə də ana təbiətin çağırışını, səsini eşidirik. Bircə təsəlliverici məqam var: o da bundan ibarətdir ki, həyat davam edir. Güllü-çiçəkli, həmişəyaşıl şəhərimizə yaxşı-yaxşı baxmağa da vaxtımız var, sınan bir budağı sarıyıb həyata qaytarmağa da. İnanın ki, həyatda yalnız bircə dəqiqəniz qalmışsa, demək, gec deyil. Yaxşı əməl sahibi, bizi yaşadan təbiətə həssas olmaq üçün könül gözü ilə yalnız bircə dəfə qanrılıb ətrafa baxmağımız yetər.
Ötən günlərdə qonşu ölkənin tele­viziya kanallarından birində yaşıl şəhərlərlə bağlı bir verilişə baxırdım. Aparıcı yana-yaxıla qeyd edirdi ki, bu yay çox sərt keçdi, suyun çatışmazlığı ucbatından şəhərin bağlarında, xiyabanlarında ağaclar yanıb “kül oldu”. Verilişlə telefon əlaqəsi yaradıb bunun günahını müxtəlif qurumlarda görənlər də oldu, əlaqəsiz fikirlər söyləyənlər də. Ancaq fakt o idi ki, çəkilən zəhmət diqqətsizlik ucbatından hədər getmişdi, nədənsə, bu problemlərin mövcudluğu yayda yox, payızda yada düşmüşdü.
Bu verilişə baxdıqca istər-istəməz söhbətə mövzu olan məkanla Naxçıvan şəhərini müqayisə etdim. Gözlərim önünə isti yay günlərində ağacların qeydinə qalan insanlar, onları qurumağa qoymayan bağbanlar, gecə-gündüz bağlara-bağçalara su daşıyan avtomobillər gəldi. Haqqında söhbət gedən şəhərin iqlim şəraiti, demək olar ki, Naxçıvan şəhəri ilə eyni idi. Ona görə də gözlərim önündə yay aylarında Naxçıvan şəhərində görülən işlər canlandıqca aparıcının və verilişlə telefon əlaqəsi yaradan insanların cidd-cəhdlə cavab axtardıqları sualın cavabını mən tapmışdım. Cavab isə sadə idi. Suyun qıtlığı, yay aylarında hərarətin yüksək olması bəhanədir. Sadəcə, o şəhərin əlaqədar qurumları bu işə dırnaqarası yanaşmış, ağacları təbiətin şıltaqlığının ixtiyarına vermişdilər. Nəticə isə göz qabağında idi.
Bəli, bu yay çox isti keçdi. Ancaq bu hal Naxçıvandakı əlaqədar qurumlar üçün bəhanəyə çevrilmədi. Əksinə, şəhərimizin yaşıllığı, abadlığı və təmizliyi üçün cavadeh olan hər bir təşkilat var-qüvvəsini səfərbər etdi, şəhərimizi, necə deyərlər, təbiətin ümidinə buraxmadı. Təbii ki, bu işə əlavə xərclər də çəkildi. Bunun da nəticəsində yaşıllıqların sayı artdı, təbiət əraziləri, parkların, xiyabanların güllük-gülüstanlığı daha da zənginləşdi. Təkcə Naxçıvan şəhərində deyil, ölkəmizin dilbər guşəsi olan qədim diyarımızın bütün bölgələrində yaşıllaşdırma işləri geniş vüsət aldı. Havaların isti keçdiyi günlərdə Naxçıvan şəhərində və bölgələrdə meyvə bağlarına və yaşıllıq zolaqlarına aqrotexniki qaydada qulluq göstərildi, ağaclar vaxtlı-vaxtında suvarıldı. Bu işdə təkcə əlaqədar qurumların əməkdaşları deyil, muxtar respublikada yaranan ənənəyə uyğun olaraq ictimaiyyətin nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri də fəallıq göstərdi, iməciliklər dövründə salınmış yaşıllıq zolaqlarına xüsusi qulluq edildi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin keçirilən iməciliklərdə şəxsən iştirakı isə sakinləri daha da ruhlandırdı, bu addım insanlar üçün yurd, təbiət sevgisinin nümunəsinə çevrildi.
Artıq soyuq qış ayları qapıdadır. Naxçıvan şəhəri sarı-qızılı, yaşıl libasa bürünübdür. Şəhər gözəllik estafetini həmişəyaşıl ağaclara verib. Belə demək mümkünsə, bu ağaclar doğma diyarımızın qonaqlarıdır, qarağac, çinar, palıd bağların daimi sakinidirsə, küknarlar, şamlar bu torpaqlara uyğunlaşdırılan müsafir ağaclardır. Ancaq onlar burada heç də qəriblik hiss etmirlər, çünki daim qayğıkeş insanların şəfqəti və zəhməti ilə əhatə olunublar. Elə buna görədir ki, şəhərin hər bir prospekt və küçəsində bu ağacların yaşıl guşələrini görmək mümkündür. Bir sözlə, Naxçıvan şəhərinin yaşıllıqları təbiətin cənub-şimal vəhdətinin bariz nümunəsi, regionun ən yaşıl və abad şəhəridir.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR