Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Kəngərli rayonunun Xok kəndində “Torpaq mülkiyyətçiləri tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının mahiyyəti və bu sahədə tətbiq olunan elektron xidmətlər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri Kəngərli Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Ağa Seyidov açaraq sosial sığortanın tətbiqinin əhəmiyyətindən danışıb.
Sonra Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Tural Cəfərov çıxış edərək torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ, dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin bağlanma şərtlərini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Gəlirlər şöbəsinin müdiri Əli Həsənov mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən torpaq mülkiyyətçiləri tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının mahiyyəti və bu sahədə tətbiq olunan elektron xidmətlər haqqında bildirib ki, torpaq mülkiyyətçiləri şəxsən özləri sosial sığorta haqlarının düzgün hesablanması və ödənilməsində maraqlı olmalıdırlar. Məruzəçi bu qəbildən olan torpaq mülkiyyətçilərinin əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün torpaqların ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının müxtəlif keyfiyyət qrupları üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları haqqında ətraflı məlumat verib.
Tədbirdə fondun İnformasiya texnologiyaları sektorunun müdiri Toğrul Hüseynov, fondun Fərdi uçotun təşkili şöbəsinin baş məsləhətçisi Elçin Səfərov, fondun Kəngərli rayon şöbəsinin müdiri Aqşin Əliyev və Pensiyaların təyinatı sektorunun müdiri Fizuli Əsgərov çıxış ediblər.
Tədbirin sonunda yeni əmək fəaliyyətinə başlayan sığortaolunanlara sosial sığorta şəhadətnamələri təqdim olunub, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial
Müdafiə Fondunun mətbuat xidməti