İkinci “Arıçılıq məhsulları-bal festivalı”ndan reportaj
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikada bu sahə ilə məşğul olan sahibkarlar və əhali tərəfindən minnətdarlıqla qarşılanıb. Proqramdan irəli gələn vəzifələrin vaxtında yerinə yetirilməsi istiqamətində məqsədyönlü tədbirlərin keçirilməsini muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə kimi də dəyərləndirmək olar.
2016-cı ilin 15-16 oktyabr və cari ilin 11-12 noyabr tarixlərində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Arıçılıq məhsulları-bal festivalı” bu tədbirlərin davamıdır. İlk festivaldakı kimi, ikinci festivaldan da aldığımız təəssürat yüksək oldu. Dövlət proqramı ilə bağlı həmsöhbət olduğumuz insanlar bu sənədin böyük əhəmiyyət daşıdığını vurğuladılar. Tarix üzrə fəlsəfə doktoru Asəf Orucov dedi ki, Naxçıvanda qədim zamanlardan günümüzə qədər təsərrüfatın aparıcı sahələri sayılan əkinçilik və maldarlıqla yanaşı, başqa yardımçı təsərrüfat sahələri də inkişaf etdirilib. Belə təsərrüfat sahələrindən biri isə arıçılıqdır. Muxtar respublikanın təbii-coğrafi iqlimi, zəngin floraya malik olması arıçılığın geniş yayılmasına imkan verib. Bu sahənin Naxçıvanda nə vaxtdan yarandığı elmə dəqiq məlum olmasa da (çünki arxeoloji qazıntılar nəticəsində bu haqda hələlik heç nə aşkar edilməyib), ərazidə vəhşi çöl arılarının və arıçılıqla bağlı coğrafi adların (Ballıqaya, Pətəklik, Pətəkqoyulan) bu gün də mövcud olması burada arıçılığın qədim dövrdən inkişaf etdiyini göstərir.
Tarixi qaynaqlardan məlum olur ki, Naxçıvanda arıçılıq vəhşi arı balı toplamaq, meşə arıçılığı və mütərəqqi arıçılıq kimi inkişafın bütün mərhələlərini keçib. Şahbuz rayonundakı Ballıqaya, Ordubad rayonundakı Arıtəpə və digər ərazilər bu yerlərin qədim arıçılıq məskənləri kimi məşhurlaşdığının göstəricisidir.
XIX əsr rus tədqiqatçısı V.Q.Qriqoryevin məlumatına görə, həmin yüzilliyin 30-cu illərində Ordubad dairəsində əhalinin əksəriyyəti arıçılıqla məşğul olub. Tədqiqatçı N.N.Şavrov yazırdı ki, Ordubad qəzasında 3500 arı ailəsi saxlanılıb. Həmin dövrdə K.A.Qorbaçev Ordubad ərazisində 2 arı cinsinin olması haqqında məlumat verib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Əyyub Abdullayevlə də həmsöhbət olduq. O bildirdi ki, son illər digər təsərrüfat sahələri kimi, muxtar respublikamızda arıçılığın inkişafına da böyük qayğı göstərilir. Bu da Naxçıvanda arı ailələrinin sayının artırılmasına şərait yaradıb. Əgər muxtar respublikada 2000-ci ildə 12 min 620 arı ailəsi vardısa, hazırda arı ailələrinin sayı 70 min 537-dir. Muxtar respublikanın mövcud bitki örtüyü burada 100 mindən çox arı ailəsi saxlamağa imkan verir və onlardan bir il ərzində 2000 tondan artıq əmtəəlik bal toplamaq mümkündür.
Qayıdaq dövlət proqramına. Proqramın qəbul edilməsi hansı zərurətdən yaranıb? Dövlət proqramının əsas məqsədi muxtar respublikada yerli və ənənəvi arı cinslərinin yetişdirilməsi, arı ailələrindən yüksək məhsul götürülməsi üçün köçürülmə ərazilərində zoobaytar qaydalarına əməl edilməsi, xəstəliklərə qarşı vaxtında mübarizə aparılması və məhsul istehsalının artırılması ilə əlaqədar tədbirlərin həyata keçirilməsidir.
Arıçılıq təsərrüfatlarında elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqi üçün sahibkarlar arasında maarifləndirmə işlərinin aparılması, bal və digər arıçılıq məhsullarının emalı və qablaşdırılması müəssisələrinin yaradılması, şan vərəqi hazırlayan və arıçılıq avadanlıqları istehsal edən yeni müəssisələrin fəaliyyətə başlamasının dəstəklənməsi, tələbatdan artıq istehsal edilən arıçılıq məhsullarının ixracının stimullaşdırılması, arı xəstəliklərinin qarşısının alınması üçün zoobaytar tədbirlərin genişləndirilməsi, heyvandarlıq-arıçılıq sahələri üzrə əczaxanaların yaradılmasının dəstəklənməsi bu məqsədə nail olunmasında başlıca vəzifələrdir. Həmin vəzifələrin yerinə yetirilməsi kənd əhalisinin məşğulluğunun artırılmasında mühüm rol oynayır.
Dövlət proqramının icrası nəticəsində muxtar respublika əhalisinin arıçılıq məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsi, arıçılıq məhsulları istehsalı sahəsinə investisiya qoyuluşunun artımına nail olunması, arı ailələrinin sayının 100 minə çatdırılması, arıçılıq sahəsində mütəxəssislərin hazırlanması kimi mühüm nəticələr reallaşmaqdadır.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin baş məsləhətçisi Vəli Novruzovun sözlərinə görə, nazirlik tərəfindən dövlət proqramından irəli gələn bir sıra vəzifələr həyata keçirilir. Yerli arı genofondunun mühafizəsi və arı xəstəliklərinin yayılmasının qarşısının alınması üçün tədbirlər görülür. Arıçılıqda yüksək nəticələrə nail olunmasında arıçılıq üzrə mütəxəssislərin hazırlanması da vacib məsələdir. Həmçinin arıçılıq təsərrüfatlarında elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqi barədə sahibkarların məlumatlandırılmasını, yaşıllaşdırma işlərində balyığma mənbəyi hesab olunan ağac və kol əkinlərinin genişləndirilməsini, muxtar respublikada balyığma mənbələrinin aşkar edilməsini, yem bitkilərinin çiçəkləmədən sonra biçilməsinə nəzarətin təşkilini nazirlik diqqətdə saxlayır.
“Naxçıvan Muxtar Respublika Arıçıları” İctimai Birliyinin sədri Vaqif Məmmədov deyir ki, muxtar respublikanın arıçıları bu sahənin inkişaf etdirilməsinə qayğını hələ 2008-ci ildə görüblər. Həmin il adıçəkilən ictimai birlik yaradılıb. Bu birlik muxtar respublika arıçıları üçün metodik mərkəz rolunu oynayır. Müntəzəm olaraq arıçılar bir araya gələrək bu təsərrüfat sahəsinin inkişaf etdirilməsi üçün müasir texnologiyaları öyrənir, fikir mübadiləsi aparırlar.
İndi isə Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən ikinci “Arıçılıq məhsulları-bal festivalı” barədə. İkinci dəfə keçirilən bu tədbirdə 264 arıçı tərəfindən 13 min 714 kiloqram süzmə, 2 min 222 kiloqram şan bal, 630 qram arı südü, 512 kiloqram mum, 99 kiloqram vərəmum, 50 kiloqram çiçək tozu, 18 kiloqram güləm, ballı biskvitlər və içkilər çıxarılmışdı. Yüksək səviyyədə təşkil edilmiş sərgi Naxçıvan şəhərinin sakinləri və muxtar respublikanın rayonlarından gəlmiş insanlarla dolu idi. Piştaxtaların üzərindəki uzaqdan xoş təəssürat yaradan arıçılıq məhsulları göz oxşayırdı. Muxtar respublikanın füsunkar təbiəti, təmiz havası və suyu hopmuş bu məhsullar alıcılar tərəfindən yüksək dəyərləndirilirdi.
Burada bir neçə arıçı ilə də görüşdük. Ordubad rayonunun Bist kəndində yaşayan Mərdan Rzayev uzun illərdir ki, arıçılıqla məşğul olur. Deyir ki, mövsüm vaxtı arı ailələrini muxtar respublikanın ucqar yaşayış məntəqələrinə aparır. Belə ünvanların təmiz havası, suyu, gül-çiçəyi keyfiyyətli bal istehsalında mühüm rol oynayır.
Sədərək rayonunun Sədərək kənd sakini 75 yaşlı Abdulla Sadıqov isə bildirir ki, arı çox zərif məxluqdur, diqqətcillik, qayğı istəyir. Onun məhsulu isə hər dərdin dərmanıdır, təbabətdə geniş istifadə olunur. Bir çox xəstəliklər balla müalicə edilir. Bundan əlavə, baldan məişətdə şirniyyat məhsullarının hazırlanmasında da geniş istifadə olunur. Baldan hazırlanmış Ordubad paxlavası, ballı tort bu gün də öz şöhrətini qoruyub saxlamaqdadır. Hətta ordubadlıların təcrübəsindən ölkəmizin digər bölgələrində də istifadə olunur.
Festivalda həmsöhbət olduğum bir neçə sakin bu proqramı vaxtında qəbul edilmiş dövlət sənədi kimi yüksək dəyərləndirdi. Minayə Tağıyeva və Əli Novruzov adıçəkilən proqramın muxtar respublikada daha keyfiyyətli bal məhsullarının istehsalının həcminin artırılmasına stimul olduğunu dilə gətirdilər. Onu da bildirdilər ki, ikinci dəfədir, keçirilən festival insanların seçim etməsinə, daha keyfiyyətli məhsul almasına imkan verib.
Festival iki gün davam edib, arıçılar arasında “Ən yaxşı arıçılıq məhsulları-bal” nominasiyası üzrə müsabiqə keçirilib, qaliblər mükafatlandırılıblar.
Muxtar MƏMMƏDOV