22 Dekabr 2024, Bazar

Bu sahənin inkişafında elmi metodologiyadan istifadə olunmalıdır

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri və nazirliyin strukturuna daxil olan təşkilatların nümayəndələri, rayonlardan dəvət olunmuş torpaq mülkiyyətçilərinin iştirakı ilə Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin əkin sahəsində “Kartofun becərilməsində elmi texnologiyadan istifadə olunmalıdır” mövzusunda tarla seminar-müşavirəsi keçirilmişdir. Müşavirəni giriş sözü ilə kənd təsərrüfatı nazirinin müavini Sahib İbrahimli açaraq qeyd etmişdir ki, kartofçuluğun inkişafı üçün muxtar respublikanın torpaq-iqlim şəraiti çox əlverişlidir. Son illər bu gəlirli təsərrüfat sahəsinin elmi metodologiya əsasında inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər kartofçuluğa marağı daha da artırmışdır.

Sonra Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Baş direktoru Bəhruz Bayram­ov, nazirliyin əməkdaşları Ədalət Hüseynov və Həsən İsmayılov çıxış etmişlər. Çıxışlarda bildirilmişdir ki, ötən dövr ərzində kartof bitkisinin Hollandiya mənşəli tezyetişən marfuna, boren, orta tezyetişən santana, əziz, sonata, gecyetişən qranula, aqriya, dizirə, santa və sair sortları muxtar respublikanın kontinental iqlim şəraitində sınaqdan keçirilmiş, ən yaxşı nəticə verən sortların əkilib-becərilməsi tövsiyə olunmuşdur. 
Vurğulanmışdır ki, mövcud sahədən taxıl biçinindən sonra tezyetişən kartof sortu əkməklə bir ildə iki dəfə məhsul götürmək mümkündür. Artıq bu, sınaqdan çıxarılmış, hektardan orta hesabla 20 ton məhsul götürülmüşdür.
Bildirilmişdir ki, kartof əkiləcək sahədəki qida maddələrinə olan tələbatı müəyyənləşdirmək məqsədilə torpaq nümunələri götürülməli və nazirliyin Layihə Axtarış Kimyalaşdırma Stansiyasında analiz edilərək qida maddələrinə olan tələbat müəyyənləşdirilməlidir.
Əkiləcək toxumluq kartofların düzgün seçilməsinə və dərmanlanmasına əməl etməklə, aqrotexniki tədbirləri, xəstəlik və zərərvericilərə qarşı mübarizəni vaxtında aparmaqla sahələrdən bol və keyfiyyətli məhsul götürmək olar.
Sonda fermerləri və torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılmış, onlara bukletlər paylanmışdır.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR