Muxtar respublikada yaşayış və inzibati binaların tikintisi və ya əsaslı şəkildə yenidən qurulması diqqət mərkəzində saxlanılır. Bu tədbirlər iri yaşayış məntəqələrindən olan Babək rayonunda da uğurla aparılır.
Cari ildə rayonda İcra Hakimiyyətinin inzibati binası, Nehrəmdə Heydər Parkı, Payızda 4 sosial obyekt və kənd yolu, Şıxmahmud və Xəlilli kəndlərini Naxçıvan şəhərinə birləşdirən yol, eləcə də su-kanalizasiya sistemləri istifadəyə verilib. Abadlıq-quruculuq tədbirlərinin davamı olaraq oktyabr ayından Babək qəsəbəsində yeni yaşayış binasının tikintisinə başlanılıb.
Yeddi mərtəbədən ibarət olacaq yaşayış binasının zirzəmi hissəsində geyim və ərzaq mağazaları, dərzi və bərbər salonu olacaq. Hazırda binanın təməli qazılır. Bina 28 mənzillidir. Mənzillərin 21-i ikiotaqlı, 7-si isə üçotaqlı olacaq. Bu da rayonda gənc ailələrin mənzilə olan tələbatının ödənilməsinə şərait yaradacaq. Yaşayış binası öz müasir görkəmi ilə Babək qəsəbəsinin də hüsnünə yeni çalarlar qatacaq.
Muxtar RZAZADƏ