Son illər muxtar respublikamızda emal və istehsal müəssisələrinin sayının artması sahibkarlığın inkişafına ciddi önəm verilməsinin göstəricisidir. Həmin müəssisələrdə istehsal olunan məhsullar daxili bazarın qorunmasında mühüm əhəmiyyət daşıyır. Yaradılmış şərait hesabına dünyaya inteqrasiya olunduğumuz bir dövrdə artıq sahibkarlar daxili bazarla kifayətlənməyərək həm də rəqabətədavamlı, ixracyönümlü məhsul istehsalına da ciddi fikir verirlər.
Bir neçə ildir ki, müxtəlif sahibkarlıq subyektləri öz məhsullarını xarici bazarlara çıxarmaq imkanları da qazanıblar. Keyfiyyətli və ixracyönümlü məhsul istehsalı işin bir tərəfidirsə, onun xarici bazara çıxarılması üçün şərait yaradılması digər tərəfidir. Bu cəhətdən xarici ölkələrdə təşkil olunan beynəlxalq tədbirlər mühüm əhəmiyyət daşıyır. Ölkə daxilində və xaricində həyata keçirilən sərgilərdə və bir sıra tədbirlərdə sahibkarların iştirakı təmin olunmaqla, onlara öz məhsul və xidmətlərini nümayiş etdirmək imkanları yaradılır ki, bu da, öz növbəsində, həmin sahibkarların istehsal etdiyi məhsulların satışının dəstəklənməsinə xidmət edir.
Yerli məhsulların nümayiş etdirildiyi sərgilər ticarət əlaqələrinin genişləndirilməsi, iş adamları arasında ünsiyyətin qurulması və əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli, yeni tərəfdaşların tapılması, istehsalın şaxələndirilməsi və müəssisələrin imicinin formalaşdırılması baxımından faydalıdır.
Yerli sahibkarların potensial imkanlarının reallaşdırılmasına dəstək və biznesin müasir formalarının təşviq edilməsi, xarici əlaqələrin genişləndirilməsi məqsədilə 2017-ci ilin ötən dövrü ərzində muxtar respublika sahibkarlarının iştirakı ilə yerli və xarici ölkələrdə 24 biznes-forum və sərgidə 92 sahibkarlıq subyektinin, ümumilikdə isə son illərdə muxtar respublikadan 1500 nəfərdən çox nümayəndənin 285 tədbirdə iştirakı təmin edilib. Bu beynəlxalq tədbirlər çərçivəsində muxtar respublikamız haqqında müxtəlif çap materialları, jurnallar, broşürlər və disklər xarici tərəfdaşlara paylanılıb.
Bu günlərdə İran İslam Respublikasının Tehran şəhərində sənaye və kənd təsərrüfatı məhsullarının nümayişi, xarici bazarlara məhsulların ixracı sahəsində təcrübə mübadiləsi, müəssisələr arasında kooperasiya əlaqələrinin genişləndirilməsi, ticarət sahəsində yeni tərəfdaşların tapılması baxımından əhəmiyyətli olan “İran EXPO-2017” sərgisi keçirilib.
Tədbirdə hər iki ölkənin iş adamları, o cümlədən muxtar respublikada fəaliyyət göstərən şirkətlərdən “Şirvanşahlar” Xarici İqtisadi Əlaqələr Assosiasiyasının, “Naxçıvan Məhsulları”, “Prestij-Naxçıvan Pivəsi” və “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli cəmiyyətlərinin nümayəndələri iştirak ediblər.
Keçirilmiş görüşlərdə muxtar respublikamızı təmsil edən “Şirvanşahlar” Xarici İqtisadi Əlaqələr Assosiasiyası ilə İranın “Pairan” şirkətinin nümayəndələri arasında ayaqqabı altlıqlarının birgə istehsalının təşkili istiqamətində ilkin razılıq əldə olunub.
“İxracat həftəsi-2017” adlı daha bir sərgi Türkiyə Respublikasının İstanbul şəhərində keçirilib. İnvestisiya, istehsal və ixracın iqtisadiyyatdakı əhəmiyyətinə diqqətin artırılması məqsədilə təşkil olunan sərgidə Türkiyənin yerli firmaları ilə yanaşı, muxtar respublika şirkətlərindən “Müasir Məkan” ət və ət məhsulları istehsalı müəssisəsinin, “Savalan-S” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının və “Danyeri” İstehsalat və xidmət müəssisəsinin nümayəndələri tədbirdə iştirak ediblər.
Nümayəndə heyəti sərgi çərçivəsində təşkil olunmuş ikili görüşlərdə ixrac imkanlarının qiymətləndirilməsi, bu sahədə müştərək layihələrin icrası istiqamətində müzakirələr aparıblar.
O da xüsusi vurğulanmalıdır ki, Naxçıvan şirkətlərinin təmsil olunduğu belə sərgilərin sayında artım müşahidə edilir. Qeyd edək ki, cari ilin sonunadək muxtar respublika şirkətlərinin Çin Xalq Respublikasında keçiriləcək sərgidə, eləcə də Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanında təşkil olunacaq ixrac missiyalarında iştirakları nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti