23 Dekabr 2024, Bazar ertəsi

O, öz təsərrüfatında saxladığı camışların südündən hazırladığı ağartı məhsullarını hər il muxtar respublikanın paytaxtındakı yarmarkalarda alıcılara münasib qiymətə təklif edir. Çoxumuzun yaxından tanıdığı və Babək rayonunun Şıxmahmud kəndindəki nümunəvi təsərrüfat sahiblərindən olan Məhyəddin Bayramov ixtisasca baytar həkimdir. Bu gün fərdi təsərrüfatında 20-yə yaxın camış saxlayan və necə deyərlər, bu sahənin “dilini” bilən həmsöhbətim qatıqdan, qaymaqdan yaxşı gəlir götürür. Son illər Naxçıvanda heyvandarlığın inkişafı üçün həyata keçirilən kompleks tədbirlər Məhyəddin həkim kimi təsərrüfat sahiblərinin də “qol-qanadını” açıb, bu sahənin inkişafına stimul verib.
“İşimlə bağlı olaraq günün birinci yarısında “Cahan” Ticarət Mərkəzində oluram. Sizinlə saat 4-də Şıxmahmud kəndinin mərkəzində görüşək”, – deyən Məhyəddin həkimlə telefonda sağollaşıb üz tuturuq həmin ünvana. Xəbər verdiyimiz kimi, avqust ayında Şıxmahmud və Xəlilli kəndlərini Naxçıvan şəhərinə birləşdirən möhtəşəm yol sakinlərin ixtiyarına verilib. Elə biz də könül oxşayan, rahatlıq bəxş edən bu yolu başa vurub nişan aldığımız məkana çatırıq. Hal-əhval tutduqdan sonra həkim qeyd edir ki, vaxt itirmək olmaz. Çünki təsərrüfatı bir xeyli uzaqdadır. Onun fəaliyyəti ilə bağlı ilkin təəssürat da elə maşında yaranır. Sahibkar deyir ki, zəhmət bataqlıqda da gül bitirər. Bu gün yaradılan əlverişli mühitdən istifadə etməyi bacaran hər kəs sahibkar ola bilər. Uzun illərdir, heyvandarlıqla məşğul oluram. Olduqca gəlirli və faydalı sahədir. Ümumiyyətlə, kəndli təsərrüfatın bütün qollarından ikiəlli yapışmalıdır. Bol məhsul istehsal etməli, daxili bazara öz töhfəsini verməlidir. Fərqi yoxdur, bu, heyvandarlıqda da ola bilər, taxılçılıqda da, tərəvəzçilikdə də. Uzun illərin bəhrəsi kimi bu yaxınlarda təsərrüfatdan əldə etdiyim qazancla “Hundai” markalı avtomobil almışam. Evdə oğul-uşağa da hər zaman məsləhət görürəm ki, kənd əməkçisi həmişə halal zəhməti ilə özünün sosial problemlərini həll etməlidir...

Qeyd etmək yerinə düşər ki, muxtar respublikada son dövrlər ərzində yeni süni mayalanma məntəqələrinin istifadəyə verilməsi, süni mayalanma yolu ilə alınmış hər baş buzova görə subsidiyanın müəyyən olunması, mal-qara və heyvanların təbii yem bazası ilə təmin olunması məqsədilə torpaq sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi heyvandarlıq sahəsinin inkişafına ciddi təkan verib. Ümumiyyətlə, muxtar respublikanın təbii iqlim şəraiti heyvandarlığın bu sahəsinin intensiv inkişafı üçün olduqca əlverişlidir. Xüsusilə Arazqırağı kəndlərdə camışçılığın inkişafı üçün münbit təbii şərait mövcuddur. Həmin ərazilərdə geniş çəmənliklər, örüş sahələri və bataqlıqlar olduğu üçün bu sahəyə maraq daha çoxdur.
Məlumat üçün deyim ki, bu gün Babək rayonunda da belə təsərrüfatların genişləndirilməsinə xüsusi fikir verilir. Avropa ölkələrində “qara mirvari” adlandırılan bu heyvanların sayı ilbəil artır. Hazırda rayonda 1003 baş camış var və Şıxmahmud-Xəlilli, Şəkərabad, Yarımca kimi kəndlərdə bu heyvanların bəslənilməsinə xüsusi fikir verilir.
Məhyəddin həkim deyir ki, camış südlük və ətlik istiqamətli olur. İnəyə nisbətən camış az süd verir. Lakin digərləri ilə müqayisədə camışın üstün keyfiyyətləri kifayət qədərdir. Bu heyvanlar yemə az tələbkardır. Camış həm də qaba yemləri yaxşı həzm edir. “Camışa qamış ver, ət və süd al” məsəli də fikrimcə, buradan yaranıb. Həmçinin bu heyvanlar xəstəliyə və isti hava şəraitinə dözümlüdür.
Təzə camış südü isə çox ləziz olur. ­Gündəlik sağmal camışlardan 3-4 litr süd sağılır. Bu süddən keyfiyyətli qatıq və süzmə, əvəzsiz qaymaq, ayranından dadlı şor hazır­layırlar. Camış qatığı inək və qoyun qatığından dadlı, yağlı və qiymətli hesab olunur. Müqayisə üçün deyim ki, 1 kiloqram yağın alınması üçün 22 litr inək südü tələb olunursa, eyni həcmdə yağ üçün 8 litr camış südü lazımdır. Bu gün Naxçıvan bazarında istehsal olunan həmin ağartı məhsullarının yaxşı da alıcısı var. Mən özüm həftə sonları təşkil olunan satış yarmarkalarında iştirak etməklə yanaşı, məhsulumu Bakı şəhərinə də ­göndərirəm. Yayda kəndimizə gələn qonaq-qara qatığı, qaymağı əl-əl axtarır. Onu da deyim ki, inək südündən alınmış yağı soyuducuda 3-4 gün saxlamaq mümkün olduğu halda camış yağını 20 gün saxlasanız, xarab olmaz. Məsləhət görərdim ki, əgər heyvandarlar camış südündə yağın miqdarını artırmaq istəyərlərsə, camışları balaqsız (camışın balası) sağmalıdırlar.
Camış dərisindən keyfiyyətli gön hazırlanır. Bu dəri inək dərisinə nisbətən qalın olur. O yaxşı aşılandıqdan sonra ondan möhkəm ayaqqabı və digər dəri məmulatları hazır­lanır. Bu heyvanın əti də keyfiyyətinə görə digər heyvanların ətindən fərqlənir.
Məhyəddin həkim sonda bizi olduqca maraqlı bir məlumatla tanış edir və deyir ki, son illər tibb elmində belə bir fikir formalaşmağa başlayıb ki, camış qatığı xərçəng xəstəliyinin qarşısını alan yüksəkkeyfiyyətli qida məhsuludur. Ona görə də Naxçıvan şəhərində camış məhsullarının satışı üçün ayrıca ixtisaslaşdırılmış mağazanın yaradılması faydalı olar.

Muxtar RZAZADƏ
“Şərqin səhəri” qəzetinin redaktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR