Naxçıvan şəhərində hər il genişmiqyaslı tikinti-quruculuq işlərinin aparılması, abadlıq tədbirlərinin həyata keçirilməsi muxtar respublika paytaxtının simasını tanınmaz dərəcədə dəyişdirib, şəhər Avropa və Şərq memarlığı ənənələrinin yaşadıldığı bir paytaxta çevrilib. Bu tədbirlər qədim şəhərin gözəlliyini artırmaqla yanaşı, insanların rahat şəraitdə yaşamasına və işləməsinə, asudə vaxtlarının səmərəli keçirilməsinə də zəmin yaradıb. Tikinti-quruculuq tədbirləri həyata keçirilərkən şəhərin qədimliyinin, milli memarlıq üslubunun qorunmasına ciddi fikir verilməsi paytaxta əsrarəngiz gözəllik bəxş edib.
Muxtar respublikada dini-mənəvi dəyərlərin qorunub-yaşadılması və təbliği istiqamətində ardıcıl tədbirlər görülür, dini-mədəni abidələr bərpa olunur, yeni məscidlər tikilir, dindarların ibadəti üçün hərtərəfli şərait yaradılır. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi bu tədbirlərin əhatə dairəsini xeyli genişləndirib.
Naxçıvan şəhərində yeni məscid binasının inşa olunmasını bu tədbirlərin davamı kimi qiymətləndirmək olar. Obyektin inşası “Gəmiqaya İnşaat” MMC-nin kollektivinə həvalə edilib. Hazırda məscid binasında qəlib-beton işləri aparılır, hörgü işləri görülür, minarələr ucaldılır, günbəzlər qurulur. Məscid binası ibadət zalından, 40 metrlik iki minarədən, qızlar və oğlanlar üçün iki mədrəsədən və kitabxanadan ibarət olacaqdır. İrili-xırdalı 15 günbəzli məsciddə eyni vaxtda 2 min nəfər ibadət edə biləcək. Ərazidə Naxçıvan Muxtar Respublikası Qazisi yanında Şura üçün ikimərtəbəli inzibati və mərasim binaları da inşa olunur. İnzibati binada iş otaqları, tədbirlər zalı, kəbin otağı, kitabxana və bufet istifadəyə veriləcək. Mərasim binasında isə hər biri 224 yerlik olmaqla, iki zal fəaliyyət göstərəcək.
Qədim və zəngin tarixi keçmişi ilə fərqlənən Naxçıvan çoxsaylı abidələr diyarı kimi tanınır. Bu mühüm maddi və eyni zamanda mənəvi sərvətlərimizin sırasında muxtar respublikanın müxtəlif bölgələrində yerləşən imamzadələrin özünəməxsus əhəmiyyəti, xüsusi yeri vardır. Naxçıvanın on üç əsrdən artıq bir dövrünü özündə təcəssüm etdirən bu dəyərli abidələr yalnız ölkəmizin deyil, bütövlükdə, müsəlman Şərqinin qədim sənətkarlıq, xüsusilə də memarlıq ənənələrinin, çoxəsrlik tarixi keçmişinin yadigarlarıdır.
Naxçıvan şəhəri ərazisindəki “İmamzadə” türbəsi özündə qədim və zəngin sənətkarlıq xüsusiyyətlərinə malik türk və müsəlman memarlığı ənənələrinin qarşılıqlı vəhdətini ehtiva edir. Artıq bir neçə aydır ki, “İmamzadə” Kompleksinə daxil olan “İmamzadə” türbəsində təmir-bərpa işləri aparılır. İlkin mərhələdə bərpaçılar tərəfindən türbənin fasad və daxili hissəsində divarlar köhnə üzlük boya və materiallardan təmizlənib, tarixi tikilinin aşağı hissəsinin rütubətdən qorunması üçün betonlama işləri həyata keçirilib. Bundan başqa, türbənin arxa hissəsindəki torpaq qatı götürülüb, istinad divarları yaradılıb, yağış sularının buraya zərər verməməsi üçün sistemlər quraşdırılıb.
Ərazidə bərkitmə başa çatdırılıb, abadlıq işlərinə başlanılıb. Burada müasir işıqlandırma sistemləri qurulub. Hazırda türbənin günbəz hissəsində və daxildə bərpa işləri davam etdirilir. Təmir-bərpa işləri başa çatdırıldıqdan sonra “İmamzadə” Kompleksinin ərazisi şəhərimizin İslam mədəniyyətinə aid ən görməli yerlərindən birinə çevriləcək. Bu isə Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə əlaqədar görülən işlərin tərkib hissəsi kimi də əhəmiyyətlidir. Qeyd edək ki, Naxçıvanda “İmamzadə” ziyarətgahları yüzillər ərzində İslam dininin müqəddəs məkanlarından biri hesab edilib və edilməkdədir.
Hazırda şəhərimizin Cəlil Məmmədquluzadə küçəsində “Dizayn” MMC-nin inşaatçıları tərəfindən Şərq memarlıq ənənələri əsasında yeni otel və ticarət mərkəzi də inşa edilir. Bina zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət olacaq. Binanın üçüncü mərtəbəsi mansard formasında inşa edilib. Birinci mərtəbədə hədiyyəlik əşya mağazaları, ikinci mərtəbədə isə mehmanxana fəaliyyət göstərəcək. Tikilinin şəhərə baxan istiqamətində gözəl arxitekturaya malik saat qülləsi yaradılıb. Saat qülləsi altı mərtəbədən ibarətdir. Burada hər mərtəbədə kafe fəaliyyət göstərəcək. Otel və ticarət mərkəzinin ərazisinə müxtəlif istiqamətlərdən daxil olmaq imkanları yaradılacaq. Mərkəzin ərazisində müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün səhnə quraşdırılacaq, həmçinin burada kino zalı fəaliyyət göstərəcək. Ərazidə yaşıllıqlar salınacaq, müasir işıqlandırma sistemləri quraşdırılacaq. Hazırda inşaatçılar tikilinin yerli üzlük materiallarla üzlənməsi ilə məşğuldurlar.
Səbuhi HÜSEYNOV