Etibarlı əməkdaşlıq müasir biznesin əsas şərtlərindən biridir. Bu baxımdan sahibkarlıq subyektlərinin qarşılıqlı öhdəlik və sosial məsuliyyət prinsipləri baxımından həyata keçirdikləri bütün layihələr, son nəticədə, onların kommersiya uğuruna da təkan verən mühüm tədbirlərdəndir. Çünki cəmiyyətdən ayrı yaşamaq qeyri-mümkün olduğu kimi, hər bir işin də öz nəticələrinə görə müəyyən bir dəyəri vardır. Dövlətimizin insanların rahat yaşayışı naminə həyata keçirdiyi bütün məqsədyönlü işlərə uyğun olaraq sosialyönümlü fəaliyyətə də ciddi yer ayıran “Cahan Holdinq” Şirkətlər İttifaqı da belə uğurlu sahibkarlıq subyektlərindəndir.
Müasir Azərbaycanın ümumi sosial-iqtisadi mənzərəsində özünəməxsus yolu ilə seçilən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasına dönmədən əməl olunması ilə indiki mərhələyə yüksəlib. Çox qısa bir müddətdə böyük inkişaf yolu keçmiş Naxçıvanda artıq sənaye, kənd təsərrüfatı, tikinti-quruculuq, alternativ enerji layihələri, yeni nəsil mobil rabitə xidmətləri, avtomobil istehsalı, turizm, ticarət və digər sahələrdə yüksək potensial əldə edilmiş, təhsil, səhiyyə, mədəniyyət və digər sosial sahələrdə yüksək standartlara nail olunmuşdur. Bütün bunların qazanılmasında isə, şübhəsiz, göstərilən dövlət qayğısından bəhrələnərək iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində mühüm layihələr həyata keçirən özəl sektorun rolu böyükdür. Muxtar respublikamızda əksər hissəsinin özəl sektora aid olduğu müəssisələrdə 371 növdə məhsul istehsal olunması, 344 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi məhz bunun sayəsində mümkün olub.
1995-ci ildən fəaliyyətə başlayan “Cahan Holdinq” Şirkətlər İttifaqı da qarşıya qoyulmuş vəzifələrin həlli istiqamətində öz işini quraraq, həyata keçirdiyi iqtisadi layihələr hesabına fəaliyyətini genişləndirməyə, yüksəkkeyfiyyətli məhsullar və xidmət istehsalına nail olub. “Cahan Holdinq”ə məxsus əmtəə nişanları ilə tanınan hər bir mal və xidmətlərin istehlakçı məmnunluğu yaratması bu qənaətə gəlməyə imkan verir. Belə istehlakçılar isə istər muxtar respublikamızın, istər ölkəmizin, istərsə də dünyanın bir çox ölkələrində yüz minlərlədir. Yaradıldığı ilk illərdəki ticarət-kommersiya fəaliyyəti ilə yanaşı, artıq “Cahan Holdinq”də sənaye sahəsi üzrə geniş çeşiddə məhsul istehsalı mənimsənilib. İndi minlərlə işçinin fəaliyyət göstərdiyi holdinqdə ərzaq və qeyri-ərzaq məhsulları, tikinti materialları olmaqla, yüzlərlə çeşiddə məhsul istehsalı həyata keçirilir. Muxtar respublikamızdan başqa, ölkəmizin paytaxtı Bakı şəhəri və eləcə də Gəncə, Masallı, Quba, Goranboy, Şəkidə də holdinqin xidmət sahələri fəaliyyət göstərməkdədir. Hazırda müasir dövrdə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi strategiyasına uyğun olaraq yeni layihələrə də diqqət artırılır. Belə uğurlu layihələr kimi yeni plastik məmulatlar istehsal edən dam örtükləri və istilik panelləri zavodunun istifadəyə verilməsi, Xıncab kəndi ərazisində “Cahan Tabak” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni istehsal xətləri və tütün yetişdirmə təsərrüfatının yaradılmasını misal göstərmək olar. Bir sözlə, “Cahan Holdinq” yeni iqtisadi şəraitdə ölkəmizdə idxaldan asılılığın azaldılması, yeni iş yerlərinin yaradılması və ixracyönümlü məhsul istehsalı üzrə qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlir.
Həyata keçirdiyi uğurlu iqtisadi layihələrlə paralel olaraq “Cahan Holdinq”də sosialyönümlü tədbirlərə də həssaslıqla yanaşılır. Holdinqin tərkibinə daxil olan şirkətlərdə istər holdinqin müştəriləri olan istehlakçıların, istərsə də cəmiyyətin həssas təbəqələrindən olan insanların mənafelərinin qorunması və onların maraqlarının ödənilməsinə də ciddi fikir verilir. Əhalinin bütün təbəqələrinin holdinqin məhsul və xidmətlərindən istifadə edə bilməsi üçün, xüsusən bayram günlərində endirim kampaniyaları tətbiq olunur. Belə tədbirlərə misal olaraq şirkətə məxsus marketlərdən edilən hər 30 manatlıq alış-veriş üçün verilən uduşlu hədiyyə kuponlarını göstərmək olar. Bu ilin yayında həmin hədiyyə kuponlarının çəkilişi Naxçıvan şəhərindəki “Əyləncə adası”nda Azərbaycanın tanınmış müğənnilərinin iştirakı ilə təşkil olunmuş konsertdə həyata keçirilmiş, televizor, soyuducu, paltaryuyan, yataq dəsti, xalça, çilçıraq, qaz ocağı, aspirator, uşaq geyimi, əyləncə kartı, “Mado” kafesində 2 nəfərlik şam yeməyi və marketlərdən 50 manatlıq hədiyyə səbəti kimi 388 ədəd dəyərli hədiyyə öz sahiblərini tapmışdır. Bundan əlavə, yüzlərlə kiçik hədiyyə də konsert tamaşaçılarına təqdim olunmuşdur. Holdinqin mebel mağazasında Ramazan və Qurban bayramları ilə əlaqədar, elektronika mağazasında Ramazan ayı münasibətilə 100 manatdan yuxarı edilən bütün alış-verişlərə 5 faiz, Ramazan bayramı ilə əlaqədar “Cahan” Alış-Veriş Mərkəzinin geyim mağazasından edilən alış-verişlərə 15 faiz endirim kampaniyaları olmuşdur. Yay aylarında, həftənin şənbə və bazar günləri “Mado” və “Lavazza” kafelərində təşkil olunmuş canlı musiqi, 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günündə uşaqların pulsuz olaraq “Əyləncə adası”ndakı xidmətlərdən istifadə etməsi və həftənin hər günü axşam saatlarında burada azyaşlı uşaqlar üçün təşkil olunmuş pulsuz şənliklər naxçıvanlıların asudə vaxtlarının səmərəli keçməsinə imkan yaradıb. İstehlakçıların endirim kampaniyalarının təşkilindən razı qalması holdinqə aid müxtəlif müəssisələrdə bu işlərə olan məsuliyyəti daha da artırıb. Belə ki, “Cahan” inşaat materialları mağazasında müştərilərə dəyərli hədiyyələr təqdim olunmuş, mağazalardan sentyabr ayı ərzində alış-veriş edən 40 mininci müştəriyə 25 sentyabr 2017-ci il tarixdə “Cahan” AVM tərəfindən qiymətli hədiyyə verilmişdir. Bundan əlavə, marketlərdə mütəmadi olaraq müxtəlif “endirim”, “iki al, bir ödə”, “hədiyyə” kampaniyaları da həyata keçirilir.
İstehsal və kommersiya fəaliyyətində sosial prinsiplərin də dəstəklənməsi ilə paralel olaraq “Cahan Holdinq”də sırf sosial məzmunlu işlər də həyata keçirilir. Bu mənada, holdinq tərəfindən mütəmadi olaraq Şahbuz şəhərindəki Ahıllar Evinin sakinləri ilə görüşlər keçirilib, onlara yerli istehsal olan ərzaq məhsulları və geyimlərdən ibarət hədiyyələr verilib. Bundan əlavə, holdinqin Naxçıvandakı ali məktəblərdə təhsil alan, maddi köməyə ehtiyacı olan 11 tələbəyə hər ay təqaüd verməsi, ona aid şirkətlərin işçiləri arasında futbol yarışları keçirməsi, rəssamların rəsm əsərlərinin sərgisinə sponsorluq etməsi, müalicəsi xaricdə mümkün olan ağır xəstələrə maddi köməklik göstərməsi kimi müsbət ənənələri vardır. Holdinq rəhbərliyi Qarabağ veteranlarının ailələrindəki uşaqlara velosiped hədiyyə edərək onları sevindirməklə bu sahədə öz sosial məsuliyyətini bir daha ifadə edib. Şirkətdə insanların işlə təmin olunmasında maddi köməyə ehtiyacı olanlara üstünlük verilməsi, bacarıqlı gənclərin üzə çıxarılıb onlara müvafiq menecer vəzifələrinin həvalə edilməsi də insan resurslarının idarə olunması və humanitar prinsiplər baxımından diqqəti cəlb edir. Belə ki, hazırda holdinqdəki şirkətlərdə 300 nəfərə yaxın qadın və 800 nəfər gənc çalışır ki, bu da onların karyera qurmasında mühüm faktordur.
Ölkəmizin müstəqillik illərində Naxçıvan Muxtar Respublikası böyük inkişaf yolu keçib. Bu dövrdə muxtar respublikada daxili imkanlar hesabına yüzlərlə yeni istehsal müəssisələri yaradılıb, region iqtisadiyyatı inkişafının uzunmüddətli bir dövr üçün dayanıqlılığı zəmanət altına alınıb. Ötən dövrdə Naxçıvanda həyata keçirilən iqtisadi layihələrlə bərabər, eyni zamanda insanların yaşayış səviyyəsinin yüksəldilməsi üçün konkret addımlar atılıb. Muxtar respublikada yerli xammal və ehtiyatlar hesabına yeni iş yerlərinin yaradılması istiqamətində azad sahibkarlığın fəaliyyət göstərməsi, onun stimullaşdırılması bəhrəsini verib. Öz layihələri ilə daim davamlı inkişafa dəstək verən “Cahan Holdinq” də bu tədbirlərdən bəhrələnərək muxtar respublikamızın sosial-iqtisadi inkişafında yaxından iştirak edir.
Əli CABBAROV