23 Dekabr 2024, Bazar ertəsi

Şərur rayonunda iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatının bütün sahələrində məhsuldarlıq intensiv amillər hesabına artırılır, aqrar sahənin davamlı inkişafı təmin edilir. Təkcə bu ilin doqquz ayında 102 milyon 223 min 100 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz çoxdur.

Cari ilin məhsulu üçün ötən ilin payızında və bu ilin yazında 17 min hektardan çox müxtəlif bitkilər, o cümlədən 3 min 598 hektar buğda, 546 hektar arpa əkilmişdi. Becərmə tədbirləri aqrotexniki tələblərə uyğun aparıldığından sahələrdə bol məhsul hasilə gətirilib. Biçinə də vaxtında və tam hazırlıqla başlanılıb, bu mühüm kampaniya mütəşəkkilliklə yekunlaşıb, istehsal olunan məhsul 13 min 171 ton, orta məhsuldarlıq isə 31,8 sentner olub. İstehsalçı yığılan taxılın satışı və emalı üçün də heç bir problemlə qarşılaşmır. Çünki arpa və buğda dövlət tərəfindən kəndlini təmin edən münasib qiymətə satın alınır, qalanı rayonda fəaliyyət göstərən 7 dəyirmanda üyüdülür və çörək sexlərində bişirilərək istehlak olunur.
Şərurun torpaq mülkiyyətçilərinin kartof istehsalı və tədarükü sahəsində də yaxşı ənənələri var. Son illər bölgədə kartofçuluğa marağın daha da artması müşahidə olunur. Bu ilin yazında 1031 hektar sahəyə keyfiyyətli toxum basdırılmışdı ki, bu da ötənilki rəqəmdən, təxminən, 300 hektar çoxdur. Əkinlər yüksək aqrotexniki səviyyədə aparıldığından bol məhsul yetişdirilməsinə nail olunmuş, tarlalardan 15 min 396 ton kartof yığılmışdır. Məhsulun bir hissəsi istehsalçının illik ehtiyacı üçün gö­türülmüş, yaxud satış üçün bazara çıxarılmış, qalanı isə soyuducu anbarlara təhvil verilmişdir.

Bu il rayonda tərəvəz əkini sahələri də genişləndirilərək 1814 hektara çatdırılmışdır. 1237 hektar qarğıdalı sahəsində artıq biçin başa çatmış, hektardan orta hesabla 81 sentner olmaqla, 10 min tondan artıq qarğıdalı dəni yığılmışdır. Meyvə bağlarından, tərəvəz sahələrindən toplanan məhsul da artımla qeydə alınır.
Aparılan meliorativ tədbirlər nəticəsində Arazqırağı kəndlərdə şoranlaşmaya və çəmənləşməyə məruz qalmış 3 min 528 hektar torpaq sahəsinin 516 hektarında qrunt sularının səviyyəsi aşağı salınıb ki, bu da əlavə torpaq sahələrinin əkinəyararlı hala salınmasına imkan yaradıb. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hüquqi və fiziki şəxslərə 600 min manat dəyərində qırxadək müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlar güzəştli şərtlərlə satılıb.
Şərur rayonu muxtar respublikamızda heyvandarlığın inkişafı sahəsində də böyük potensiala malik olan bölgələrdəndir. Aparılmış əsaslı aqrar islahatlar rayonda heyvandarlığın inkişafı üçün geniş imkanlar yaratmışdır. Əsas diqqət mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, baytarlıq xidmətinin yüksəldilməsinə yönəldilmişdir. Hazırda rayonda iribuynuzlu malların sayı 37 min başa qədərdir, 135 min baş xırdabuynuzlu heyvan vardır. 2017-ci ilin 9 ayında diri çəkidə ət istehsalı 5 min 336,7 ton, süd istehsalı 22 min 954 ton olmuşdur. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2 faiz, süd istehsalı 1,5 faiz artmışdır.
Kənd təsərrüfatı məhsulları istehsalı və tədarükü sahəsində əldə olunan uğurlar, ilk növbədə, bu sahədə çalışanların fədakar əməyi sayəsində qazanılır. Torpaq mülkiyyətçiləri və fermerlər dövlətimizin onlara göstərdiyi qayğıdan ruhlanaraq bu uğurları daha da artırmaq əzmindədirlər.
Bu gün Şərurda kənd təsərrüfatı sahəsində əldə edilən nailiyyətlərin artan xətt üzrə inkişafına əsaslanıb demək olar ki, rayonda bu sahə yüksəliş mərhələsindədir. Aqrar sahəyə dövlət qayğısının bəhrələri də göz önündədir. Daha kəndli taleyin ümidinə buraxılmayıb. Odur ki, vaxtilə asan qazanc dalınca digər yerlərə üz tutanlar artıq doğma torpaqda məskunlaşmağa üstünlük verirlər. Hər kəs dövlət qayğısından yetərincə faydalanır, sahibi olduğu torpaqla rifah halını daha da yaxşılaşdırmağa çalışır.

Elman MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR