Bu sahənin inkişafı iqtisadiyyatda mühüm perspektivli istiqamətlərdən biri sayılır
Ortayaşlı insanların yaxşı xatirində olar ki, ötən əsrin səksəninci illərinin sonunadək Şərur və indiki Kəngərli rayonunda tütünçülük kənd təsərrüfatının ən geniş yayılmış sahələrindən biri olub. Hektarlarla əkin sahələrində yetişdirilən bu bitkinin tədarükü zəhmətkeş insanların əsas məşğuliyyəti sayılmaqla yanaşı, həm də kəndlinin əsl qazanc mənbəyi idi. Müasir dövrün düşüncəsi ilə baxsaq, bu, böyük zəhmət və əziyyət tələb edirdi. Ancaq, son nəticədə, qazancı da pis deyildi. Ona görə zəhmətli deyirəm ki, məhsul yetişdikdən sonra tütünün yaşıl yarpaqları bir yerə toplanar, ərazi məhdudiyyətindən hər kəs onu yaşadığı həyətyanı sahəsinə daşıyar, əllə sapa düzdükdən sonra qurutmaq üçün asqıya alardılar. Qurutduqdan sonra isə ovulmaması üçün onu əl dəyməyən bir yerdə saxlayar, dövlət müəssisəsinə təhvil verənədək əzilməkdən, yanğından və sairdən qorumağa çalışardılar. Lakin 90-cı illərin tənəzzül dövrü digər analoji sahələr kimi, tütünçülüyün də inkişafının qarşısını aldı. Qısa müddətdə ölkəmizdə, eləcə də muxtar respublikamızda siqaret qıtlığı yaşansa da, sonradan bu boşluğu idxal məhsullar hesabına doldurmaq mümkün oldu. Nəticədə isə hər il milyonlarla valyuta xarici bazarlara axmağa başladı.
Tütünçülüyün inkişafı ilə bağlı bəzən cəmiyyətdə birmənalı qarşılanmayan fikirlərə rast gəlinir. Kimisinə görə bu sahənin inkişaf etdirilməsi sağlamlığın mühafizəsi baxımından zərərlidir. Bu fikirlə biz də razılaşırıq. Ancaq məsələ ondadır ki, siqaretdən istifadə edənlər cəmiyyətdə hər zaman olub, bundan sonra da olacaq. Əgər məhsul özümüzdə yoxdursa, o zaman bunu kənardan idxal etmək məcburiyyətində qalacağıq. Bu zaman isə milyonlarla vəsait xaricə axacaq. Elə bunun nəticəsidir ki, bu il ölkə başçısının rəhbərliyi ilə keçirilən respublika müşavirəsində ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində kənd təsərrüfatı məhsulları istehsalının artırılması, xüsusilə ixracyönümlü sahələrin, o cümlədən Azərbaycanda kənd təsərrüfatının böyük potensiala malik, strateji əhəmiyyətli, iqtisadi cəhətdən səmərəli, ənənəvi və əməktutumlu istehsal sahələrindən olan tütünçülüyün dirçəldilməsi bir daha prioritet vəzifələrdən biri kimi vurğulanıb. Bu sahənin inkişafı ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsi barədə aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib. Prezident İlham Əliyev müşavirədəki nitqində bildirib ki, 2021-ci ilə qədər ölkəmizdə tütün istehsalı üçün əkin sahələri iki dəfə genişləndirilməlidir. İndiki 3200 hektardan, təqribən, 6 min hektara çatdırılmalıdır. Buna imkan var və aidiyyəti qurumlar bu işlərlə ciddi məşğul olmalıdır. Dövlətimizin başçısı qeyd edib ki, belə olan halda, orta məhsuldarlıq 2 ton götürülərsə, hər il Azərbaycanda 12 min ton quru tütün istehsal olunacaq və bu, ölkəyə böyük xeyir gətirəcək, valyuta xaricə getməyəcək, əksinə, ixrac imkanları yaranacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” tütünçülüyün inkişafı sahəsində geniş imkanlar açıb. Naxçıvan Muxtar Respublikasında da bu gəlirli sahənin inkişafı üçün lazımi addımlar atılır. Bu məqsədlə cari ildə Kəngərli rayonunun Təzəkənd və Xıncab kəndlərində təcrübə məqsədilə tütün əkini aparılıb. “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı tərəfindən rayonun həmin kəndlərində əkin keçirilib. Sahələrdə, əsasən, Virciniya, Oriental və İzmir tütün sortlarından istifadə olunub. Bir neçə gün bundan əvvəl isə burada Tütün Yetişdirmə Təsərrüfatı fəaliyyətə başlayıb. Təsərrüfatın ərazisində istixanalar, yeraltı su anbarı, tütün qurutma yeri və anbarlar yaradılıb. Hələlik bu günədək müəssisədə 11 tondan çox quru tütün istehsal olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri oktyabrın 28-də adıçəkilən təsərrüfata gələrək burada yaradılmış şəraitlə tanış olub, lazımi tapşırıq və tövsiyələrini verib.
Təcrübə məqsədilə rayonda əkilmiş tütün sortlarından gələcək illərdə muxtar respublikanın digər bölgələrində də istifadə olunacağı gözlənilir.
Tütünçülükdən söz düşmüşkən, bu məlumatları da oxucularımızla bölüşmək istərdik. Aparılan statistik təhlillərə görə, dünyada gün ərzində satış dəyəri, təxminən, 4 milyard dollar olan tütün ticarətindən illik qazanc 1 trilyona çatır. Tütün dünya üzrə istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 faizini təşkil etsə də, ən gəlirli sahələr arasında yer alır.
Tütün iqtisadi əhəmiyyətinə görə ölkəmizdə pambıqdan sonra ikinci texniki bitki hesab olunur. Keçmiş SSRİ dövründə Azərbaycanda geniş təşəkkül tapmış və ölkənin kənd təsərrüfatı sahəsində əhəmiyyətli yerə malik olmuş aqrar sahələrdən biri tütünçülük idi. Respublikamız tütün istehsalına görə Moldova və Ukraynadan sonra 3-cü yeri tuturdu. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu aqrar siyasət nəticəsində Azərbaycanda tütünçülük çox sürətlə inkişaf etdirilmiş, bu sahənin böyük sənaye potensialı yaradılmışdır. 1970-ci illərdə Azərbaycanda, təxminən, ildə 25 min ton tütün istehsal olunub. 1980-ci ildə isə tütün istehsalı 60 min tona çatdırılıb. 1986-cı ildə ölkəmizdə 16,7 min hektar sahədən rekord miqdarda – 65 min ton tütün istehsal olunub. Tütün istehsalı yüksək rentabelliyə malik olduğuna görə Azərbaycanın 21 rayonunda bu sahə inkişaf etdirilib.
Mütəxəssislərin bildirdiyinə görə, ölkəmizin təbii-iqlim şəraiti 1 hektar sahədən 35-37 sentner keyfiyyətli tütün alınmasına imkan verir. Xüsusilə yaz və payız aylarında iqlimin isti olması yüksəkkeyfiyyətli məhsul alınması üçün əlverişlidir. Mütəxəssislərə görə, ölkəmizdə ən keyfiyyətli məhsul Şəki-Zaqatala bölgəsində və Naxçıvan Muxtar Respublikasında əldə olunur.
Bunu da xatırlatmaqda fayda var ki, Sovetlər Birliyi dağılandan sonra Dünya Bankı ilə birlikdə aqrar sektorla bağlı layihələrin işlənməsinə, treninqlər aparılmasına, kreditlər verilməsinə başlandı. Bu zaman tütünçülük sektoru arxa planda qaldı. Dünya Bankının ekspertləri səbəb kimi tütünün sağlamlığa zərərini göstərir və bunu siqaretə qarşı mübarizədə addım kimi qələmə verirdilər. Ona görə də tütünçülüyə yardımlar, kreditlər ayrılmadı və bu sahədə tənəzzül başladı. Əvəzində ABŞ-da tütün istehsalı və ixracı xeyli artdı. Təbii ki, bu sahədən götürülən gəlirlər də. ABŞ kimi ölkədə siqaretə qarşı aparılan mübarizəyə baxmayaraq, tütün istehsalının nəinki azalmadığını, hətta artdığını nəzərə alsaq, Dünya Bankının bu yanaşması başqa mətləblərdən xəbər verir.
Bəli, tütün çox böyük biznesdir. Bu gün bir çox ekspertlər inkişaf etmiş ölkələrin tütündən yüz milyardlarla gəlir əldə etdiyini nəzərə alıb bu sahədə qlobal monopoliya yaratmaq cəhdinə xoş baxmırlar. Hazırda dünya bazarında həmin ölkələrin istehsalı olan siqaretlərin ucuz olması da bu monopoliyanı gücləndirən amillər sırasında yer alır. Bu isə onunla bağlıdır ki, həmin ölkələrdə yetişdirilən tütün genetik modifikasiyaya məruz qalaraq daha çox məhsuldarlığa malikdir. Ona görə də muxtar respublikamızda bu ənənəvi sahənin inkişaf etdirilməsi daxili bazarı idxaldan asılılıqdan qurtarmaq, xaricə axan valyutanın qarşısını almaq, eyni zamanda ölkəmizə, muxtar respublikamıza valyuta qazandırmaq baxımından çox böyük əhəmiyyət daşıyır. Şübhə etmirik ki, tezliklə muxtar respublika iqtisadiyyatında tütün sektorunun çəkisi ciddi ölçüdə artacaq, bu sahənin inkişafı həm də yüzlərlə yeni iş yerinin yaranmasına səbəb olacaq.
Səbuhi HƏSƏNOV