23 Dekabr 2024, Bazar ertəsi

Biznes Mərkəzində keçirilən tədbirdə bu barədə danışılıb

Məlum olduğu kimi, ötən günlərdə Türkiyə Respublikasının qəbul etdiyi qərara əsasən Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsullar güzəştli şərtlərlə həmin ölkəyə ixrac ediləcək. Dünən Naxçıvan Biznes Mərkəzində bu məsələ ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən sahibkarlara təqdimat keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov bildirib ki, muxtar respublikanın artan iqtisadi potensialı burada istehsal olunan ixracyönümlü məhsulların dünya bazarına çıxarılmasına geniş imkanlar açıb. Nazir qeyd edib ki, son illərdə aparılmış məqsədyönlü tədbirlərin nəticəsi kimi muxtar respublikada ümumi daxili məhsul istehsalı 59, sənaye məhsulunun həcmi 103, kənd təsərrüfatının ümumi məhsulu 11, xarici ticarət dövriyyəsi 24 dəfə artıb. Ümumi daxili məhsulda özəl bölmənin payı 87 faizi ötüb. 1990-cı illərin əvvəlləri ilə müqayisədə bu gün Naxçıvanda fəaliyyət göstərən sənaye müəssisələrinin sayı 11 dəfə artaraq 442-yə çatıb ki, onların da 60-ı ixrac potensialına malikdir. Beynəlxalq standartlara uyğun avadanlıqlarla təchiz edilmiş bu müəssisələrdə 371 növdə yüksəkkeyfiyyətli məhsul istehsal olunur.
Vurğulanıb ki, bu gün Naxçıvanda istehsal olunan mineral sular, vafli məmulatları, daş məhsulları, sement, məsaməli beton, gips, gön-dəri, travertin məhsullarının Türkiyə, Gürcüstan, Qətər, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya kimi ölkələrə ixracı həyata keçirilir.

Bildirilib ki, Naxçıvanın artan ixrac potensialı və qardaş Türkiyə Respublikasının qonşu vilayətləri arasında ticarət əlaqələrinin inkişafı üçün geniş imkanların olduğu nəzərə alınaraq Azərbaycan və Türkiyə arasında əldə edilmiş razılığa əsasən muxtar respublikaya güzəştli ticarət rejiminin tətbiqi barədə qərar qəbul olunub. Qeyd edilən qərar muxtar respublikada istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarının Türkiyənin istənilən bölgəsinə idxal rüsumları ödənilmədən ixracına şərait yaradır. Bu isə, öz növbəsində, yerli istehsalçıların məhsul ixracı imkanlarını genişləndirəcəkdir. Xüsusən bu yaxınlarda açılışı olmuş Bakı-Tbilisi-Qars dəmir yolunun perspektivləri və qardaş Türkiyənin naxçıvanlı sahibkarlara göstərəcəyi logistika dəstəyi də ixrac potensialını artıran amillərdəndir.
Vurğulanıb ki, 28 oktyabr 2017-ci il tarixdə Türkiyənin İqdır şəhərində Azərbaycan və Türkiyə respublikalarının İqtisadiyyat nazirliklərinin nümayəndələrinin və digər dövlət orqanlarının rəsmilərinin iştirakı ilə keçirilmiş Türkiyə-Azərbaycan İş Forumu da hər iki ölkənin biznes ictimaiyyətini məlumatlandırmaq məqsədi daşıyıb. Belə ki, tətbiq ediləcək güzəştli ticarət rejiminə əsasən Naxçıvan Muxtar Respublikasından illik 100 milyon ABŞ dolları həcmində məhsulun Türkiyə Respublikasına ixracı idxal rüsumlarından azad ediləcəkdir.
Diqqətə çatdırılıb ki, bu güzəştlər yalnız muxtar respublikada istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarına şamil ediləcəkdir. İxrac əməliyyatlarında təcrübəyə malik olmayan kiçik və orta sahibkarlıq subyektlərinin muxtar respublikada dövlət dəstəyi ilə yaradılmış və ixrac sahəsində ixtisaslaşmış “Naxçıvan Məhsulları” MMC-nin imkanlarından istifadə edə biləcəklərini qeyd edən Famil Seyidov tətbiq olunan güzəştli ixrac rejiminin iki qardaş ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsinə, ticarət dövriyyəsinin artırılmasına, iş adamları arasında işgüzar əlaqələrin inkişafına və xalqlarımızın rifahına xidmət edəcəyinə əmin olduğunu bildirib.
Çıxışının sonunda sahibkarlar adından onlara göstərilən qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirən iqtisadiyyat naziri sahibkarları bu imkandan maksimum səviyyədə istifadə etməyə çağırıb.
Tədbirdə çıxış edən Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulluğunun ticarət müşaviri Yaşar Kapusuz qəbul edilən bu qərarın ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün ilk addım olduğunu bildirib, naxçıvanlı sahibkarların bu imkanlardan faydalanacağına əminliyini ifadə edib.
Daha sonra nazirliyin İnvestisiyaların təşviqi və ixraca dəstək şöbəsinin müdiri Emin Zeynalov və Sahibkarlığın inkişafı şöbəsinin müdiri Mircavid Tağızadə çıxış edərək Naxçıvan məhsullarının Türkiyə Respublikasına güzəştli şərtlərlə ixrac olunması və bu sahədə fəaliyyətin tənzimlənməsi qaydaları haqqında məlumat veriblər.
Sonda sahibkarları maraqlandıran suallar ­cavablandırılıb.

Əli CABBAROV

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR