23 Dekabr 2024, Bazar ertəsi

Ordubad Azərbaycanın dilbər guşələrindəndir. Möcüzəli təbiəti və füsunkar gözəlliyi ayrı-ayrı vaxtlarda buraya gələn bir sıra səyyahları təəccübləndirib. Bu qədim yurd yerimiz gursulu kəhrizləri, çayları, tarixi körpüləri, çeşmələri ilə yanaşı, səfalı kəndləri və insanların özünə­məxsus ləhcəsi ilə də seçilib. Bu payız günlərinin birində biz də yol aldıq rayonun gözəl və səfalı yaşayış məntəqələrindən biri olan Aşağı Əndəmic kəndinə. 

Aşağı Əndəmic kəndi rayon mərkəzinə çox yaxın, cəmi 5 kilometrlik bir məsafədə yerləşir. Dağlarla əhatələnən kənd Dübəndi çayının sol sahilində qərar tutub. Təmiz küçələri, səliqə-sahmanlı həyətləri, mehriban, səmimi və qonaqsevər insanları, bir də limonu, xırnik bağları ilə də tanınır bu kənd. Sanki bir rəssamın yaratdığı tablodur. Füsunkar təbiəti, insanlarının qonaqpərvərliyi bu elimizin gözəlliyidir. Doğrudan da, yurdumuzun hər dərəsini, hər yamacını, hər zirvəsini təbiət elə yaradıb ki, baxdıqca doymaq olmur hüsnündən. Uzaqdan döyüşdən qalib çıxmış igidə bənzəyən əsrarəngiz Bəlkə dağının əzəməti, qaməti aydın görünür buralardan.

Aşağı Əndəmic kəndində yaşayış evlərinin də quruluşu fərqlidir. Çiy kərpicdən tikilmiş şüşəbəndli evlər boy vermiş ağaclar arasında göz oxşayır. Bu yaşayış məntəqəsi zəngin mətbəxi, naz-nemətlərlə dolu çay süfrələri ilə də tanınır. Hər eldə olduğu kimi, burada da insanlar artıq qışa hazırlıq görür, dadlı mürəbbələr, turşular hazırlayır, əriştə kəsirlər.
Kənddə yaşayan əhalinin əsas məşğuliyyəti isə, demək olar ki, limonçuluq və bağçılıqdır. Buranın münbit iqlim şəraiti və məhsuldar torpağı keyfiyyətli limon yetişdirməyə imkan verib. Bu səbəbdən demək olar ki, kənddə evlərin hər birində limon dibçəklərinə rast gəlmək mümkündür. Əndəmiclilər bu sahəni əsas gəlir mənbəyinə çeviriblər. Limon bəzi həyətlərdə istixana şəraitində də becərilir. Təcrübəli limonçular deyirlər ki, dibçək limonu istixanada becərilən limondan daha dadlı olur. Kənddə limonla bağlı maraqlı adət-ənənələr yaranıb. Limonu sahibindən başqası dərə bilməz, paklıq sevən bitkidir, limon saxlanılan otağın havası təmiz olmalıdır. Gəlin köçən qızlara cehiz olaraq limon dibçəyi də verirlər, qonaq-qara gələndə ən əziz bir nemət kimi mürəbbəli, limonlu çay süfrələrin bəzəyinə çevrilir. Kənddə son vaxtlar xırnik meyvəsini də mühitə uyğunlaşdırıb geniş şəkildə becərən bağbanlar var. Nadir Məmmədov, Əmir Cəfərov bu sahədə yaxşı təcrübə qazanıblar. Ok­tyabr ayının sonunda tam yetişən bu meyvə olduqca məhsuldardır.
Bir sözlə, Aşağı Əndəmicdə gəlirli təsərrüfat sahələrindən birinə çevrilən meyvəçiliyin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır.
Ərbab çeşməsi, Dübəndi çayı kənd sakinlərinin təsərrüfat suyuna olan ehtiyacını ödəyir. Kənddə hektarlarla meyvə bağı vardır. Meyvəçiliklə məşğul olan bağbanlar becərdikləri bağlardan hər il bazara xeyli məhsul çıxarıb yaxşı qazanc əldə edirlər.
Vətən müqəddəsdir, ülvidir. Onun hər dağı, daşı, torpağı, suyu, səması bizim üçün əzizdir, doğmadır. Evimiz, kəndimiz, obamız bu torpaqlardadır. Aşağı Əndəmic kəndində yaşayanlar da – qocasından tutmuş cavanınadək hər kəs bütün qəlbilə ana ocağına, ata yurduna, elinə, obasına bağlıdır. Bunu 92 yaşlı Fazil Əsədovun yaşadığı ömür yolu da təsdiq edir. 65 illik ömür-gün yoldaşı Zəri nənə ilə xoşbəxt bir ailə səadəti yaşayan Fazil əminin 5 övladı, 15 nəvəsi, 19 nəticəsi var. Deyir ki, ailə müqəddəsdir, ailənin xoşbəxtliyi, uzunömürlü olması üçün birinci şərt mehribanlıq və bir-birini başa düşməkdir. Mehribanlıq gözəl şeydir, harada mehribanlıq, birlik var, orada ruzi-bərəkət var. Fazil əmi müharibə əlili olsa da, yaşının bu çağında belə qurub-yaratmaqdan doymur, vaxtını boş keçirmir. O, həyətyanı təsərrüfatında gözəl bağ-bağça salıb.
Ən yaxşı günlərimiz indi başlayıb, – deyir, – Naxçıvan şəhərini, rayon və kəndlərimizi tanımaq olmur, o qədər dəyişilib, gözəlləşib ki. İndi hara istəsən, rahat gedib-gələ bilərsən.
Aşağı Əndəmic kəndində sə­nətkarlar da çoxdur. Xarratlıq sənəti bu kənddə çox geniş yayılıb. 48 yaşlı İsmayıl Əliyev da uzun müddətdir, bu işlə məşğuldur. Deyir ki, xarratlıq səbir və dözüm tələb edir. Qapı, pəncərə və müxtəlif növ aksesuarlar hazırlayan ustaya yaxın kəndlərdən də müraciət edib sifariş verənlər çox olur. O həm də öz ailə təsərrüfatını yaradıb. Meyvəçilik, tərəvəzçilik və tingçiliklə məşğuldur. Yerli meyvə sortlarının itib-batmasına yol vermir. Şaftalı, alma, armud ting­ləri yetişdirir.
Bu kəndə gələn gözəlliyin ovsununa düşür. İnsanların səmimiyyətini, onların qonaqpərvərliklərini, torpağa bağlılıqlarını görür, ruhu təzələnir. Gəlsəniz, siz də görərsiniz...

Türkanə ƏMOYEVA
Naxçıvan Dövlət Radiosunun redaktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR