23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada şoranlaşma və bataqlaşmanın qarşısının alınması, suvarma şəbəkələrinin genişləndirilməsi və mütərəqqi suvarma metodlarının tətbiqi bol məhsul istehsalı ilə yanaşı, torpaq və su ehtiyatlarından səmərəli istifadəyə də imkan verir. Qapalı suvarma şəbəkələrinin qurulması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Son illər Babək və Culfa rayonlarında 2220, Kəngərli rayonunda isə 717 hektar sahədə qapalı suvarma şəbəkəsi qurulub. Bu tədbirlərin davamı kimi oktyabr ayının 23-də Kəngərli rayonunun Böyükdüz kəndində yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsini muxtar respublikanın həyatında əlamətdar hadisə kimi dəyərləndirib, bu münasibətlə istifadəçiləri təbrik edərək deyib: “Muxtar respublikada mütərəqqi suvarma metodları tətbiq olunur, qapalı suvarma şəbəkələri qurulur, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. Son 5 ildə muxtar respublikada 3 min hektara yaxın sahədə qapalı suvarma şəbəkəsi qurularaq istifadəyə verilmişdir. Hazırda bu ərazilərdən bol məhsul götürülür. Bu gün istifadəyə verilən qapalı suvarma şəbəkəsi hesabına isə 407 hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmişdir... Qapalı suvarma şəbəkələrinin qurulması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması vacib məsələdir. Çünki muxtar respublika əhalisinin sayı ilbəil artır, həyətyanı torpaq sahələrində evlər tikilir. Bu da ərzaq təhlükəsizliyinin təmin olunması üçün yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasını zəruri edir”.

Bu istiqamətdə həyata keçirilən tədbirlərdə Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin, komitənin tabeliyində olan təşkilatların üzərinə mühüm vəzifələr düşür. Bu vəzifələri yerinə yetirmək üçün melioratorlara hərtərəfli şərait yaradılıb. Bu şəraitdən səmərəli istifadə olunmasına səy göstərilir. Komitədən aldığımız məlumata görə, cari ilin ötən 9 ayı ərzində tabe təşkilatlar tərəfindən muxtar respublikamızda suvarılan torpaq sahələrinin genişləndirilməsi, ərazilərin şoranlaşmasının qarşısının alınması, əhalinin içməli suya olan tələbatının fasiləsiz ödənilməsi üçün tədbirləri yerinə yetirməklə bərabər, suvarma suyunun bölgüsünə, ondan səmərəli istifadə olunmasına nəzarət xeyli artırılıb. Belə ki, bəhs olunan dövrdə 194,59 kilometr beton və torpaq kanal, 353,47 kilometr ara arx, 33,76 kilometr kollektor lildən təmizlənib, 5,05 kilometr yeni açıq drenaj kanalı qazılıb, 2,19 kilometr yeni qapalı drenaj xətti çəkilib, 5,58 kilometr açıq drenaj kanalı və 0,68 kilometr qapalı drenaj xəttində təmir-bərpa işləri yerinə yetirilib. Həmçinin 53,10 kilometr yeni suvarma boru, 6,44 kilometr yeni içməli su xətləri çəkilib, 31,76 kilometr suvarma boru, 66,49 kilometr içməli su, 21,70 kilometr təzyiqli boru xətlərində, 2,34 kilometr kaptajda təmir-bərpa, kanallarda su itkisinin qarşısını almaq məqsədilə davamlı olaraq lildən təmizləmə işləri yerinə yetirilib.
Bir neçə statistik rəqəmə diqqət yetirək. Babək rayonunun Payız kəndində aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq və kanalda su itkisinin qarşısını almaq məqsədilə Cəhri göllərinə su gətirən kanalın 280 metr hissəsinin yeri dəyişdirilərək yeni kanal qazılıb və beton panellərlə üzlənib. Ordubad rayonunun Aşağı Əylis kəndinin əkin və həyətyanı sahələrinə suvarma suyunun verilməsini yaxşılaşdırmaq üçün 800 metr yeni suvarma arxı qazılıb, “Qazi massivi” adlanan əraziyə 3 kilometr yeni kanal, Şahbuz rayonunda Daylaqlı kəndinə su aparan arxın Şahbuz şəhər çirkab sutəmizləyici qurğu tikilən ərazidən keçən hissəsinə metal borularla 150 metr qapalı suvarma xətti çəkilib.
Babək rayonunda 8,29, Şahbuz rayonunda 15,1, Culfa rayonunda 76,26, Ordubad rayonunda 26,6, Sədərək rayonunda 5,3, Kəngərli rayonunda 2,24 kilometr beton və torpaq kanal lildən təmizlənərək işlək vəziyyətə gətirilib.
Komitə tərəfindən suvarılan ərazilərin şoranlaşmasının qarşısını almaq üçün bunu törədən səbəblərə qarşı tədbirlər hazırlanıb, sahələrə suvarma normaları daxilində su verilib, filtrasiyaya sərf olunan su itkilərini azaltmaq üçün açıq və qapalı drenajlarda, kollektorlarda lildən təmizləmə işləri yerinə yetirilib, yeni açıq və qapalı drenaj xətləri çəkilib. Belə ki, Şərur rayonunda 15,5, Babək rayonunda 11,26, Sədərək rayonunda 7 kilometr kollektor lildən təmizlənib, Babək rayonunda 5,58 kilometr açıq drenaj kanalında, Şərur rayonunda 0,57, Babək rayonunda 0,11 kilometr qapalı drenaj xəttində təmir-bərpa işi yerinə yetirilib. Şərur rayonunda 0,13, Babək rayonunda 2,06 kilometr yeni qapalı və 2,19, Culfa rayonunda 0,58, Kəngərli rayonunda 2,28 kilometr uzunluğunda yeni açıq drenaj kanalları çəkilib.
Culfa rayonunun Əbrəqunus kəndi ərazisində 580, Babək rayonunun Pircuvar sahəsində 600, Vayxır kəndi ərazisində isə 150 metr yeni açıq drenaj kanalı qazılıb. Kəngərli rayonunda yol kənarındakı yaşıllıq ərazilərinin qrunt sularından təmizlənməsi üçün 2,28 kilometr yeni açıq drenaj kanalı qazılıb.
Görülən bütün bu işlər nəticəsində Şərur rayonunda 730, Babək rayonunda isə 613,65 hektar ərazidə qrunt sularının səviyyəsi aşağı salınıb.
Bəhs olunan dövrdə sahilbərkitmə və selə qarşı istiqamətləndirici bənd­lərin çəkilməsi də diqqətdə saxlanılıb. Belə ki, yaşayış məntəqələrini və əkin sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə Şərur rayonunun Arpaçay selovunda 6,3, Babək rayonunun Naxçıvançay vadisində 7,2, Cəhriçay vadisində 7,5, Qahab selovunda 2,9, Sirab selovunda 0,7 kilometr selə qarşı istiqamətləndirici bənd tikilib.
Babək rayonunun Payız kəndində yenidənqurma işləri ilə əlaqədar olaraq kəndin içərisindən keçən Cəhri­çayın hər iki sahilində selə qarşı 1500 metr bənd tikilib.
Muxtar respublika ərazisində əhalinin içməli su təminatını yaxşılaşdırmaq məqsədilə bir sıra işlər görülüb. Belə ki, bəhs olunan dövr ərzində Şərur rayonunda 0,70, Babək rayonunda 3,12, Şahbuz rayonunda 0,60, Culfa rayonunda 0,02, Ordubad rayonunda 2 kilometr yeni içməli su xətti çəkilib, Şərur rayonunda 14,96, Babək rayonunda 6,55, Şahbuz rayonunda 3,7, Culfa rayonunda 7,91, Ordubad rayonunda 28,6, Kəngərli rayonunda 4,55, Sədərək rayonunda 0,22 kilometr içməli su xətti təmir-bərpa olunub.
Şahbuz rayonunun “N” hərbi hissəsinin içməli su təminatını yaxşılaşdırmaq üçün 700, Ordubad rayonunun Üstüpü kəndində 1500, Babək rayonunda 1100, Şərur rayonunun Qarahəsənli kəndində 600 metr olmaqla, ümumilikdə, 6,44 kilo­metr yeni içməli su xətti çəkilib, 66,49 kilometr içməli su xəttində təmir-bərpa işləri aparılıb.
Ordubad rayonunda Aza kəndinin içməli su kaptajının 150 metr hissəsi bərpa olunub, Düylün kəndində əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün 9 yerdə supaylayıcı çən quraşdırılıb. Kaptajın yenidən qurulması işi davam edir.
Muxtar respublikada ilin ilk 9 ayı ərzində təmir-bərpası bitmiş 9 kəhrizdə və təmir-bərpası aparılan 6 kəhrizdə 266,5 metr quyuda təmizləmə işi həyata keçirilib. 450 metr saybənd hörülüb, 125 metr quyuda hörgü işi aparılıb, 6149 metr kürə lildən təmizlənib, 26 yeni quyu qazılıb və müxtəlif diametrli borularla 2290 metr suaparıcı xətt çəkilib, suvarma və içməli su mənbəyi kimi istifadə olunan 608 subartezian quyusunun 41-nə subartezian nasosu quraşdırılıb.
Bu dövrdə komitəyə və tabe təşkilatlara məxsus müxtəlif markalı texnikaların təmirinə ciddi önəm verilib. Belə ki, Maşın-Mexanizmlərin və Hidrotexniki Qurğuların Təmiri və Texniki Nəzarət İdarəsinin təmir sexlərində müxtəlif markalı 11 avtomaşın, 5 avtokran, 2 buldozer, 8 elektrik mühərriki, 1454 su sayğacı, 20 subartezian nasosunun elektrik mühərriki, 9 nasos rotoru, 12 əks klapan, 4 vakuum nasos, 5 siyirtmə, 725 nasos hissəsi, 1 ədəd nasos təmir olunub.
“Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində də işlər davam etdirilib. Hazırda Naxçıvan şəhərində çirkab sutəmizləyici qurğunun tikintisi aparılır. Qurğuda lazım olan avadanlıqların quraşdırılması başa çatıb, asfalt yol salınıb, ərazidə abadlıq işləri görülüb.
Cari ilin 9 ayı ərzində Şərur rayonunda 3 su anbarı izolyasiya olunub, ətrafı doldurulub və siyirtmə quyuları tikilib. Su anbarlarından Şərur şəhərinə qədər aparıcı boru xəttindən 2,03, daxili su şəbəkəsindən 24,36 kilometr xətt çəkilib, 1030 ev birləşməsi aparılıb. Müxtəlif diametrli borularla 20,5 kilometr kanalizasiya xətti çəkilib, 207 ev kanalizasiya şəbəkəsinə qoşulub. Layihə çərçivəsində rayonda, ümumilikdə, 58,39 kilometr su xətti çəkilib, 1539 ev birləşməsi aparılıb. Şahbuz rayonunda Şahbuz şəhər çirkab sutəmizləyici qurğunun ətrafında 220 metr istinad divarı tikilib, hovuz ətrafında 180 metr drenaj xətti çəkilib. Ordubad rayonunda su anbarları izolyasiya olunub, ətrafı doldurulub, siyirtmə quyuları və nasos binası tikilib. 18 subartezian quyusu qazılıb. Babək rayonunun Şıxmahmud kəndində 13 ev su və kanalizasiya şəbəkəsinə qoşulub.
O da vurğulanmalıdır ki, belə tədbirlər həm də payız-qış mövsümünün mütəşəkkilliklə keçirilməsinə imkan verəcək. Bu səbəbdən də cari ilin 9 ayını muxtar respublikanın su və meliorasiya təsərrüfatı işçiləri üçün uğurlu dövr hesab etmək olar. Bu müddət ərzində görülən işlər həmin sahənin normal fəaliyyətinə göstərilən dövlət qayğısı olmaqla yanaşı, həm də muxtar respublikada etibarlı ərzaq təminatının yaradılmasına hədəflənib. Ərzaq təsərrüfatında isə başlıca amillərdən biri torpaqlardan səmərəli istifadə olunmasıdır ki, bu işdə su ilə təchizat mühüm rol oynayır. Ali Məclis Sədrinin dediyi kimi: “Torpağa həyat vermək, onu əkin dövriyyəsinə qaytarmaq xeyirxah işdir. Eyni zamanda bu, insanlara həyat vermək deməkdir. Çünki bol məhsul istehsalı muxtar respublika iqtisadiyyatının inkişafı ilə yanaşı, həm də əhalinin ərzaqla təminatının yaxşılaşdırılmasına xidmət edir”.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR