22 Dekabr 2024, Bazar

Ömrümüzə bir yaş da gətirən 2012-ci ili başa vurmaqdayıq. Həyatımızın bütün sahələrində qazanılan uğurlarla 2013-cü ili qarşılamağa hazırlaşırıq. 2012-ci il yaddaşlarımıza necə yazıldı? Bu il hansı ərməğanları ilə yaddaşlarda yaşayacaq? Dönüb 366 günlük qısa bir zaman kəsiyinə nəzər salanda ürəyimizdən hansı hisslər keçəcək? Təbii ki, bu sualların cavabı sualların özündən yüz dəfələrlə çoxdur. Yəni hər hansı bir sual özü böyük bir yazının cavabıdır. Biz isə bu suallara Babək rayonunun timsalında cavab axtardıq. O rayonun ki, 1978-ci ildə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsi kimi yaradılıb. Ölkəmizə rəhbərliyinin hər iki dövründə Babək rayonu görkəmli dövlət xadiminin diqqət və qayğısı ilə əhatə olunub. Bunun nəticəsidir ki, Babək rayonu bu gün muxtar respublikanın öndə gedən bölgələrindən biridir. Gəlin yolumuzu Babək rayonundan salaq, 2012-ci ilin bu rayona töhfələri ilə tanış olaq.  

Xalq qəhrəmanının adına layiq rayon

Babək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Vəli Vəliyev:
–Babək ilbəil deyil, günbəgün, saatbasaat dəyişir, gözəlliyə qovuşur. Bu gözəlliyi elə rayon mərkəzi Babək qəsəbəsindən görmək olar. Son illər qəsəbədə ucaldılan yaraşıqlı binalar, salınan parklar, yaşıllıqlar, tikilən fərdi yaşayış evləri rayon mərkəzinə füsunkar bir görkəm verib. Naxçıvan şəhərinin yaxınlığında yerləşən Babəkdə bütün təşkilatların normal fəaliyyəti üçün hərtərəfli iş şəraiti yaradılıb. Rayon mərkəzində həyata vəsiqə alan yeni tikililərin hamısı müasir arxitektura üslubunda inşa olunub. Həyata keçirilən belə tədbirlər isə yalnız rayon mərkəzi ilə məhdudlaşmır. Bu tədbirlər rayonun bütün kəndlərini əhatə edir.
“2012-ci ildə rayonda hansı quruculuq tədbirləri həyata keçirilib?” sualımıza müsahibimiz təbəssümlə cavab verir:

– Hansından başlayım? 2012-ci ildə rayonun, demək olar ki, bütün yaşayış məntəqələrində quruculuq-abadlıq tədbirləri aparılıb. Bu işlər içərisində, ilk olaraq, Kərimbəyli kəndinin adını çəkmək istəyirəm. Rayonun böyük yaşayış məntəqələrindən biri olan bu kənddə kompleks quruculuq tədbirləri həyata keçirilib. Yeni məktəb binası, kənd mərkəzi, həkim ambulatoriyası, xidmət mərkəzi kənd adamlarının ixtiyarına verilib. Kəndarası yol yenidən qurulub. Nehrəm kəndində abadlıq işləri aparılıb. Dekabr ayının 14-də bu yaşayış məntəqəsində hazırda 685 şagirdin oxuduğu, 87 müəllimin çalışdığı 900 şagird yerlik yeni məktəb binasının açılışı olub. Məktəbdə 4 elektron lövhəli sinif, 57 kompyuterin quraşdırıldığı 3 kom­pyuter sinfi, zəngin kitabxana, kimya, biologiya, fizika laboratoriyaları, hərbi kabinə, idman zalı yaradılıb. Rayonun Şəkərabad, Aşağı Uzunoba kəndlərində dövlət hesabına 2 sağlamlıq imkanı məhdud vətəndaş üçün fərdi ev tikilib istifadəyə verilib. Hacıvar-Şəkər­abad kənd yolları da müasir görkəmə gətirilib. Hazırda Şəkərabad kənd tam orta məktəbinin binası yenidən qurulur. Rayon Tikinti-Quraşdırma İdarəsinin kollektivi bir neçə inzibati binanın təmirini aparıb. Muxtar respublikanın ayrı-ayrı tikinti təşkilatları da rayonda həyata keçirilən quruculuq işlərində fəallıq göstərirlər. Hazırda rayonda şahmat məktəbi, mərkəzi xəstəxana, Şəkərabad Kənd Mərkəzi üçün yeni binalar inşa olunur.
Müsahibim bildirir ki, bu görülən işlər rayon sakinləri tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır. Bütün bunlar insan amilinə qayğının ifadəsidir. Muxtar respublikanın iqtisadiyyatı gücləndikcə belə qayğı da artır. Bu isə babəklilərin rifah halının yaxşılaşdırılmasına, onların həyat səviyyəsinin yüksəldilməsinə səbəb olur. Bu səbəbdəndir ki, rayonda hər il 70-80 fərdi mənzil tikilir, bir o qədər şəxsi avtomobil alınır. Cari ildə də Babəkdə bu işlər davam etdirilib. Təbii ki, iqtisadiyyatın güclənməsində rayon sakinlərinin üzərinə mühüm vəzifələr düşür. Onlar da bunu dərindən dərk edirlər. Bilirlər ki,

Güclü iqtisadiyyat yaxşı yaşayış tərzi deməkdir

Rayonun inzibati xəritəsinə nəzər salaq. 34 kənd, 1 qəsəbədən ibarət olan rayonda 68 min nəfərdən artıq sakin yaşayır. Əhalinin məşğuliyyət sahələrinə gəlincə isə burada, əsasən, əkinçilik, heyvandarlıq, meyvəçilik inkişaf etdirilir. Rayonun coğrafi şəraiti elədir ki, burada hər üç sahədə yüksək göstəricilərə nail olmaq mümkündür. Hərtərəfli dövlət qayğısı, uzun illərin təcrübəsi, mövcud şərait Babək rayonunda qazanılan uğurları ilbəil artırır. Rayon Statistika İdarəsindən aldığımız məlumata görə, bölgədə əkinçiliyə üstün istiqamət verilir. Bu gəlirli təsərrüfat sahəsi ilə rayonda, demək olar ki, hamı məşğul olur. Elə götürək taxılçılığı. Rayonun torpaq mülkiyyətçiləri ötən ilin payızında 10 min 19 hektar sahəni taxıl əkini üçün ayırıb, müxtəlif dövlət yardımlarından və kreditlərdən istifadə edərək bol və keyfiyyətli məhsul istehsalına nail olublar. Belə ki, sahələrdən 30 min 730 ton məhsul tədarük edilib, orta məhsuldarlıq 30,7 sentnerə çatdırılıb. Ən yüksək nəticəyə Nehrəm, Cəhri, Şəkərabad və Kərimbəyli kəndlərində nail olunub. Torpaq mülkiyyətçiləri gələn ilin bol məhsulunun əsasını qoymaq üçün əlverişli hava şəraitindən istifadə edərək bu günədək 7 min 125 hektar sahədə şum qaldırılmasını, 6 min 165 hektar sahədə taxıl əkinini başa çatdırıblar. Cari ildə rayonda 1930 hektar sahədən 16 min 212 ton tərəvəz, 1590 hektar sahədən 819 ton bostan məhsulları toplanıb. Kiçik rəqəmlər deyil. Bu rəqəmlərin arxasında isə dövlət qayğısı, torpağa və zəhmətə bağlılıq dayanır. Əkinçiliyin digər sahələri barədə də xoş sözlər demək olar. Rayonun torpaq mülkiyyətçiləri bu il 320 hektar sahədə kartof əkib-becəriblər. Çəkdikləri zəhmət hədər getməyib. 5373 ton məhsula sahib olublar. Dənli-paxlalı bitkilərin əkini də rayonun torpaq mülkiyyətçilərinə xeyli gəlir gətirib. Belə ki, 157 hektar noxud əkini sahəsindən 503,2 ton, 10 hektar lobya sahəsindən 36,8 ton məhsul götürülüb. Qeyd edək ki, rayonun torpaq mülkiyyətçiləri əkinçiliyi inkişaf etdirmək üçün kreditlərdən də bəhrələnirlər. 2012-ci ilin ötən dövrü ərzində kənd adamları “Naxçıvan Kredit” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətindən 3 milyon 422 min 850 manat kredit götürüblər. Bu kreditdən yazlıq əkinlər, hey­vandarlıq, arı ailələrinin alınması, kiçik biznesin inkişafı və payızlıq taxıl əkini üçün istifadə olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin regionda meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı təsdiq etdiyi Dövlət Pro­qramı babəklilərin də ürəyincə olub. Məlumat üçün bildirək ki, rayonda 438,6 hektar meyvə bağı vardır. Bu bağların 271,4 hektarından bir neçə ildir ki, məhsul götürülür. Cari ildə bağlardan 5841 ton meyvə toplanılıb. Yeri gəlmişkən onu da qeyd edək ki, rayonda adıçəkilən pro­qramla bağlı yaz və payız mövsümlərində meyvə bağları salınması diqqət mərkəzində saxlanılıb. Bağbanlar unudulmaqda olan meyvə sortlarının əkininə üstünlük verirlər.

Babəkdə sahibkarlar təbəqəsi formalaşıb

Bu gün muxtar respublikada prioritet sahəyə çevrilən sahibkarlığın inkişafı yeni mərhələyə qədəm qoyub. Bu da onunla bağlıdır ki, sahibkarlar sinfinin formalaşdırılması inkişafın hərəkətverici qüvvəsi sayılır. Muxtar respublikada özəl sektora dövlət dəstəyinin gücləndirilməsi nəticəsində ciddi nailiyyətlər əldə edilib, sahibkarların fəaliyyət istiqamətləri xeyli genişlənib. Son 12 il ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu tərəfindən 1074 layihənin maliyyələşdirilməsinə 87 milyon manatdan artıq həcmdə kredit verilib.
Yerli istehsalın inkişafı strategiyasına uyğun olaraq, hazırda muxtar respublikada 318 növdə məhsul istehsal olunmaqdadır. Bu məhsulların 114 növü ərzaq, 204 növü qeyri-ərzaq məhsullarıdır. 105 növdə ərzaq, 199 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 304 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilib.
Özəl sektorun inkişafı üçün yaradılmış münbit şəraitin nəticəsidir ki, 2012-ci ilin ilk 11 ayı ərzində muxtar respublikada Ümumi Daxili Məhsul istehsalında özəl bölmənin payı 87 faiz təşkil edib. Sözsüz ki, bu uğurların qazanılmasında babəkli sahibkarların da rolu vardır. Bu gün sənaye, kənd təsərrüfatı və digər sahələr üzrə rayonda fəaliyyət göstərən istehsal və emal müəssisələri artıq rəqabətədavamlı məhsul istehsalına çalışırlar. Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin istehsal etdiyi mineral su artıq Avropa bazarına çıxarılıb. “Çörək”, “İlham”, “Ləzzət Broyler”, “Naxçıvan Kərpic”, “Bəsrət” Məhdud Məsuliyyətli cəmiyyətləri, “Rəqabət”, “Pircüvar” kooperativləri, “Savalan-S” Kiçik Müəssisəsi, “Bulaq” İstehsalat Kommersiya Şirkəti və digər sahibkarlıq subyektlərinin məhsulları da öz keyfiyyəti ilə seçilir. Babəkli sahibkarlar öz imkanlarından və hərtərəfli dövlət qayğısından istifadə edərək istehsalın həcmini getdikcə daha da genişləndirirlər.

İnsanların sosial müdafiəsi diqqət mərkəzindədir

Dövlət Sosial Müdafiə Fondu Babək Rayon Şöbəsi də 2012-ci ili nailiyyətlərlə başa vurur. Ötən müddət ərzində şöbə, ümumilikdə, 3 milyon 243 min 354 manat məcburi dövlət sosial sığorta haqqı toplayıb. Adıçəkilən qurum pensiya islahatı sahəsində qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsinə və pensiyaların plastik kartlarla ödənilməsinə çalışıb. Bu gün rayonda 7585 nəfər plastik kartlardan istifadə edir. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən, dövlət sosial sığorta sistemində fərdi uçot haqqında Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar olaraq, hazırda 23 min 13 nəfərin uçota alınması təmin edilib. Onlardan 21 min 200 nəfərə sığorta şəhadətnamələri verilib. 2012-ci ildə bu iş davam etdirilərək daha 286 nəfər qeydiyyata alınıb. Pensiya və müavinətlərin ödənilməsi də diqqət mərkəzində saxlanılıb. Bəhs olunan dövrdə 1 milyon 190 min 545 manat həcmində pensiya və müavinət ödənilib.
Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi də öz işini günün tələbləri səviyyəsində qurmağa çalışır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 30 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Ahılların sosial müdafiəsinin gücləndirilməsi haqqında Dövlət Pro­qramı”nı əldə əsas tutan mərkəzin kollektivi cari ildə də tənha yaşayan və başqasının köməyinə ehtiyacı olan ahıllar barədə məlumat bazası yaradıb. On sosial məişət xidməti işçisi mərkəzdə qeydiyyatda dayanan 48 ahıla xidmət göstərib. 9 nəfər sağlamlıq imkanları məhdud şəxsə ölkəmizin Bilgəh, Günəşli, Şıx, Mərdəkan və Xırdalan pansionatlarında müalicə almaları üçün sanatoriya putyovkaları və göndərişlər verilib. “Milli dəyərlər ili”, Beynəlxalq Ailə Günü, Uşaqları Beynəlxalq Müdafiə Günü, Beynəlxalq Ahıllar Günü və digər bayramlar, əlamətdar və tarixi günlər münasibətilə təşkil olunmuş tədbirlərdə adıçəkilən təbəqədən olan insanların iştirakı təmin olunaraq onlara hədiyyələr verilib.

Təhsil, mədəniyyət, səhiyyə və rabitə sahələrində qazanılan uğurlar da ürəkaçandır

Bu gün rayonda 31 tam, 2 ümumi, 1 ibtidai məktəb, 1 məktəbəqədər və 6 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. Məktəblərin böyük əksəriyyəti yeni binalarla təmin olunub. Bu da tədrisin yüksək səviyyədə qurulmasına şərait yaradıb. Rayonun pedaqoji kollektivləri 2012-ci ildə öz işlərini günün tələbləri səviyyəsində qurmağa, yaradılan şəraitdən səmərəli istifadə etməyə səy göstəriblər. Yanvar ayından başlayaraq müxtəlif əlamətdar gün, bayramlar və tarixi günlərlə bağlı tədbirlərə geniş yer verilib, şagirdlərin vətənpərvər, dövlətçiliyimizə və müstəqilliyimizə sadiq ruhda böyümələri üçün məqsədyönlü işlər görülüb. Məktəblilərin rayon, muxtar respublika və respublika səviyyəli bilik yarışlarında, fənn olimpiadalarında, viktorinalarda iştirakları təmin olunub. 22 şagird respublika üzrə fənn olimpiadalarında iştirak edib, onlardan 5 nəfər yer tutub.
Cari ildə rayonun məktəblərini 813 məzun bitirib. Onlardan 605-i ali məktəblərə sənəd təqdim edib, abituriyentlərdən 240 nəfər tələbə adına layiq görülüb. 32 abituriyent 500-700 arası bal toplayıb. 25 şagird isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub.
Qeyd edək ki, rayonda 16 mədəniyyət evi, 11 klub, 1 Mərkəzləşdirilmiş Kitabxana Sistemi və sistemin yerlərdə 36 filialı, 5 Uşaq Musiqi Məktəbi, Cəlil Məmmədquluzadənin Xatirə Muzeyi və Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyət göstərir. Uşaq musiqi məktəblərinin hamısı, kitabxanaların 14-ü, klub və mədəniyyət müəssisələrinin 13-ü yeni tikilmiş binalarda yerləşdirilib. Rayon əhalisinin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə rayon Mədəniyyət və Turizm Şöbəsi ötən dövr ərzində fəaliyyətini daha da genişləndirib. Mirzə Fətəli Axundzadənin 200, Mirzə Ələkbər Sabirin 150, Məmməd Səid Ordubadinin 140, Hüseyn Cavidin 130, Bəhruz Kəngərlinin 120 illik yubileyləri münasibətilə mədəniyyət müəssisələrində sərgilər, adıçəkilən sənətkarların əsərlərinin müzakirələri təşkil olunub, ədəbi-bədii gecələr keçirilib. Rayon Xalq teatrı bir ildə iki tamaşa hazır­layıb. 2012-ci ilin muxtar respublikada “Milli dəyərlər ili” elan olunması ilə bağlı rayon Mədəniyyət Evində tikmə və toxuma, dekorativ-tətbiqi sənət üzrə əl işlərindən ibarət fərdi sərgilər təşkil olunub.
Babək rayonunun əhalisi 48 həkimin, 228 orta tibb işçisinin çalışdıqları mərkəzi xəstəxananın, Nehrəm və Cəhri kənd sahə xəstəxanalarının, 14 kənd həkim ambulatoriyasının və 16 feldşer məntəqəsinin xidmətindən istifadə edir. Dövlət qayğısının ifadəsidir ki, bu obyektlərin də böyük əksəriyyəti yeni binalarda fəaliyyət göstərir. Hazırda isə mərkəzi xəstəxana üçün yeni bina inşa olunur.
2012-ci ilin 11 ayı ərzində rayon əhalisinə göstərilən rabitə xidmətinin də səviyyəsi xeyli yüksəldilib. Bəhs olunan dövrdə 25 min metr uzunluğunda müxtəliftutumlu kabel, 19 min 130 metr fiberoptik kabel, 305 telefon xətti çəkilib, 217 abonent qutusu quraşdırılıb.

Əziz oxucular, bu yazıda Babək rayonunda 11 ayda görülən işlərin yalnız bir qismi barədə sizə məlumat verdik. Söhbətimizin əvvəlində də dediyimiz kimi, bölgədə bu dövrdə görülən işləri olduğu kimi qələmə almaq qeyri-mümkündür. Bunun üçün bir qəzet yazısı kifayət etməz. Əsas məsələ ondadır ki, bu gün muxtar respublikamızda nail olunmuş sosial-iqtisadi inkişafı bütün parametrləri ilə Babək rayonunun timsalında, bu bölgədə yaşayan insanların həyat səviyyəsində görmək olar. Yazımızı isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sözləri ilə bitiririk: “Azərbaycanın dövlət siyasətinin əsas meyarı insan amilinə verilən qiymətlə bağlıdır”.


Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR