Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi muxtar respublika sakinləri tərəfindən satın alınmış avtomobillər haqqında məlumat vermişdir. Məlumatda qeyd olunur ki, cari ilin ötən dövrü ərzində muxtar respublikaya xarici ölkələrdən idxal olunmuş və yerli istehsaldan satın alınmış avtomobillərin sayı 868 ədəd təşkil etmişdir. Bu avtomobillərin bir ədədinin orta alış qiyməti 31 min Amerika Birləşmiş Ştatları dolları səviyyəsindədir. Yəni bu sayda avtomobillərin alışına istehlak kreditləri də nəzərə alınmaqla, 27 milyon dollar həcmində pul xərclənmişdir.
Məlumatda bildirilir ki, muxtar respublika sakinləri avtomobil alarkən, ilk növbədə, avtomatik sürət qutusuna malik və komfortu ilə fərqlənən avtomobillərə üstünlük verirlər. Bu xronologiyada ABŞ, Almaniya, Yaponiya və Cənubi Koreya avtomobilləri əsas yer tutur. Müstəqil Dövlətlər Birliyi ərazisində istehsal olunan avtomobillərin satın alınması üzrə isə kəskin azalma müşahidə olunur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunur ki, hazırda Avropa ölkələrində müşahidə edilən “ekonomik klass” seriyasından olan avtomobillərə (A və B sinfi) üstünlük verilməsi tendensiyası muxtar respublikada təkrarlanmır. Belə ki, ilin əvvəlindən satın alınmış 868 ədəd avtomobilin 304 ədədi, yəni 35 faizi krassover və ya SUV modelli (insanlar arasında “cip” adlandırılır) xüsusi komfort və texniki göstəricilərə malik olan avtomobillər olmuşdur. Hazırda əhali, əsasən, yüksək və orta sinifli (D, E və F sinfi) nəqliyyat vasitələrinə üstünlük verməkdədir.
Muxtar respublikanın avtomobil bazarında müşahidə edilən digər mühüm bir meyil isə ondan ibarətdir ki, sakinlər avtomobil alarkən təkrar avtomobil bazarında satılanlara deyil, əsasən, yeni istehsal olunmuş nəqliyyat vasitələrinə maraq göstərirlər.
Məlumatda qeyd olunur ki, ümumilkdə, əhalinin alıcılıq qabiliyyətinin yüksəlişini və əlverişli kreditləşməni açıq təcəssüm etdirən avtomobil alışı üzrə intensivlik yaxın illər üzrə yollarda tıxac problemini də şərtləndirəcəkdir. Artıq həftənin iş günləri ərzində səhər saat 9 radələrində adıçəkilən problemin ilkin mərhələsinin başlandığını müşahidə etmək mümkündür. Beynəlxalq aləmdə isə belə bir yanaşma mövcuddur ki, avtomobil yollarında yaranan tıxac iqtisadi həyatın natural göstəricilərindəndir və təkmil həyat standartlarını səciyyələndirir. Onun hansı formada həll olunması isə, sadəcə, texniki prosedurdur.
Xəbərlər şöbəsi