Ödəniş sistemlərinin inkişafı, dövriyyədə olan nağd pul kütləsinin nağdsız dövriyyə ilə əvəz olunması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin və əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsi müasir dövrümüzün əsas tələblərindən biridir.
Dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasət, bütövlükdə, vətəndaşların elektron ödəniş sistemlərinə çıxış imkanlarının asanlaşdırılmasından, elektron ödəniş sistemlərində yaradılmış potensialdan daha səmərəli istifadənin təmin olunmasından və maarifləndirmə tədbirlərinin həyata keçirilməsindən ibarətdir.
Bu baxımdan ölkə iqtisadiyyatında nağdsız ödənişlərin həcminin yüksəldilməsi, alğı-satqı əməliyyatları üzrə hesablaşmalarda plastik kartlardan istifadənin miqyasının genişləndirilməsi daim diqqət mərkəzindədir.
Nağdsız hesablaşmalar ölkədə vergi və alıcılıq mədəniyyətini yüksəldən amildir. Məlum olduğu kimi, dövriyyədə nağd pul kütləsinin həcminin çox olması bir sıra neqativ hallara gətirib çıxarır ki, bu da vergidən yayınmalara səbəb olur, iqtisadiyyatın inkişafını ləngidir. Bu sistemin inkişaf etməsi vergitutma bazasının genişlənməsinə, vergiyə cəlb olunan gəlirlərin düzgün müəyyən edilməsinə, şəffaflıq və etibarlılığa möhkəm zəmin yaradır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli Qərarı ilə “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” təsdiq edilmişdir. Həmin qaydalara uyğun olaraq, POS-terminalların ticarət, ictimai iaşə, məişət və digər növ xidmət müəssisələrində, yəni idman və sağlamlıq komplekslərində, səhiyyə, istirahət və əyləncə obyektlərində, mehmanxanalarda, turizm şirkətlərində, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələrində və sair bu kimi xidmət sahələrində quraşdırılması nəzərdə tutulmuşdur.
Həmçinin vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün təsərrüfat subyektlərində də POS-terminalların tətbiqi nəzərdə tutulmuşdur.
POS-terminallardan istifadə, ilk növbədə, ölkədə nağd pul dövriyyəsinin artmasının qarşısını alır və plastik kart sahibləri, eləcə də ödəyicilər aşağıdakı üstünlükləri əldə edirlər:
-alış-veriş zamanı ödəniş məbləğlərinin dəqiq olması və hesablaşmaların rahat aparılması;
-qalıq məbləğin müştəriyə qaytarılması üçün xırda pullara ehtiyacın yaranmaması;
-nağd vəsaitlərlə olan əməliyyatlarda iş yükünün azaldılması;
-inkassasiya xidmətlərinə olan ehtiyacın azaldılması;
-mal və xidmətlər üzrə hesablaşmalar zamanı təhlükəsizliyin təmin edilməsi;
-və ən əsası saxta pullarla hesablaşma riskinin aradan qaldırılması.
Ölkəmizin iqtisadi inkişafı, innovativ islahatların aparılması və əhalinin rifahının yüksəldilməsi, öz növbəsində, nağdsız ödəniş vasitələrinin geniş tətbiqini zəruri edir. Bu sahədə hamımızın – istər dövlət orqanlarının, o cümlədən vergi orqanlarının, istərsə də ayrı-ayrı hüquqi və fiziki şəxslərin, eləcə də ictimaiyyətin hər bir üzvünün üzərinə böyük məsuliyyət düşür.
2012-ci ilin son aylarından başlayaraq bu günədək sözügedən sahədə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi tərəfindən nəzarətin gücləndirilməsi nəticəsində bir sıra işlər görülmüşdür. Belə ki, ilk olaraq yerli vergi orqanlarında POS-terminalların tətbiqi və istifadəsi ilə bağlı nəzarət-təşkilati qruplar yaradılmış, həmin nəzarət-təşkilati qruplar tərəfindən meyarlara uyğun POS-terminal tətbiq ediləsi obyektlər müəyyənləşdirilmiş və onlara POS-terminalların tətbiqi ilə bağlı bildirişlər göndərilmişdir.
Vergi ödəyiciləri ilə, eləcə də bu sahə üzrə ictimaiyyətin daha da məlumatlandırılması məqsədilə maarifləndirici seminar-məşğələlər keçirilmiş, nağdsız ödənişlərin əhəmiyyəti barədə maarifləndirmə işləri genişləndirilmişdir.
Görülən işlər nəticəsində 2013-cü ilin ötən dövrü ərzində iri ticarət, iaşə və digər xidmət obyektlərində 81 ədəd POS-terminalın quraşdırılmasına, vergi orqanlarından qeydiyyatdan keçirilməsinə nail olunmuşdur.
Artıq əhalinin böyük hissəsi kredit kartlarına sahibdir. Müvafiq sorğu mərkəzlərinin apardıqları sorğuların nəticələri göstərir ki, əslində, plastik kart sahibləri bu xidmətdən istifadədə maraqlıdırlar. Çünki POS-terminallardan istifadə zamanı plastik kart sahibindən heç bir əlavə vəsait tutulmadığına görə vətəndaşlar üçün hər hansı məbləği nağd və ya plastik kart vasitəsilə ödəmək arasında əsaslı bir fərq yoxdur. Deməli, POS-terminallardan istifadəyə marağın az olması ticarət və xidmət obyektləri sahiblərinin POS-terminallardan ödəniş aparılmasına laqeyd münasibətindən qaynaqlanır.
Bəzi ticarət və xidmət obyektləri dövriyyələrini gizlətməyə meyilli olduqları üçün POS-terminallardan istifadə etmirlər. Bəzən də istehlakçının POS-terminalla alış-veriş aparılması müraciətini qeyri-müəyyən səbəblər üzündən (yəni POS-terminaldan istifadə edə bilməmə, POS-terminalın əsası olmadan nasazlığı və digər başqa səbəb) cavabsız qoyurlar. Ümumiyyətlə, bu işdə istənilən maneələrin aradan qaldırılması vacibdir və bu cür halların qarşısının alınması məqsədilə vergi orqanları tərəfindən bütün lazımi addımlar atılır.
Nağdsız hesablaşmalara keçid günümüzün tələbidir və bu iş artıq reallığa çevrilməlidir. Nağdsız ödəniş sistemlərinin tətbiqi ölkənin Ümumi Daxili Məhsulunun da artmasına öz müsbət təsirini göstərə bilir.
Muxtar respublikamızda nağdsız ödənişlərin genişləndirilməsinin vacib məqamlarından biri də vətəndaşların onlardan istifadə vərdişlərinə yiyələnmələridir. Bu sahədə cəmiyyətin hər bir üzvünün üzərinə müəyyən vəzifələr düşür.
POS-terminal vasitəsilə ödəniş aparan plastik kart sahibləri rahatlıqlarını təmin etməklə yanaşı, vergidənyayınma hallarının qarşısının alınmasına da öz töhfələrini vermiş olacaqlar ki, bu da günbəgün inkişaf etməkdə olan muxtar respublikamızın büdcə artımına öz təsirini göstərəcəkdir. Bu isə hər bir vətəndaşın gündəlik yaşayış səviyyəsinin daha da yaxşılaşması ilə nəticələnəcəkdir.
Mirhüseyn SEYİDOV
Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin şöbə rəisi, vergi xidməti müşaviri