Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikamızda geniş vüsət alan tikinti işlərinin tərkib hissəsidir. Naxçıvan şəhərinin Atatürk küçəsində inşa olunan yeni yaşayış binası bu tədbirlərin davamıdır. Zirzəmi ilə birlikdə 9 mərtəbədən ibarət olacaq binada tikinti işlərinə bu ilin fevral ayından başlanılıb. İş icraçısı Yanar Məhərrəmovdan aldığımız məlumata görə, 54 mənzilli nəzərdə tutulmuş yaşayış binasında qısa müddətdə zirzəminin tikintisi, I və II mərtəbələrdə beton-qəlib işləri başa çatdırılıb. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılan tikinti işlərində, əsasən, yerli tikinti materiallarından istifadə olunur. Tikintidə təhlükəsizlik qaydalarına ciddi əməl edilir. İnşaatçılar işin keyfiyyətlə və vaxtında başa çatdırılması üçün əllərindən gələni əsirgəmirlər.
Səbuhi HƏSƏNOV